Modern.az

Mətbuat Şurasından qəzetlərə xəbərdarlıq

Mətbuat Şurasından qəzetlərə xəbərdarlıq

İqtisadiyyat

22 Aprel 2011, 16:57

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 4 qəzetlə bağlı müraciətlərə baxıb.

İclasda əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasının «Azərbaycan cəmiyyəti» qəzetinin 10 mart 2011-ci il tarixli sayında bu səhiyyə müəssisəsi barədə gedən yazı ilə əlaqədar şikayəti araşdırılıb. Komissiya üzvləri rəyə gəliblər ki, məqalədəki dil, üslub, korrektura xətalarının mövcudluğu, konkret faktların ümumi mülahizələrlə əvəzlənməsi, şantaj və təhdid xarakterli fikirlərin qabardılması, materialın dərc olunduğu sayın poçt vasitəsilə qarşı tərəfə çatdırılması burada etik prinsiplərə ciddi sayğısızlığın əlamətidir. Yazıda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər bəndlərinin tələblərinə sayğısızlıqla yanaşıldığını müəyyənləşdirən komissiyanın rəyində bir neçə məqam yer alıb. Vurğulanıb ki, «Azərbaycan cəmiyyəti» qəzeti bu sayaq materialların təqdimatını dayandırmalı, ifrata varmaqdan uzaq durmalı, insan şərəf və ləyaqətinin təhqirinə yönələn fikirlər yaymamalıdır. Komissiya qəzetə Mətbuat Şurasının xəbərdarlığının elan edilməsi barədə rəy çıxarıb. Rəydə həmçinin nəşrin qarşı tərəfdən -  Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hamlet Ömərovdan üzr istəməsi, növbəti sayda təkzib verməsi də əksini tapıb.

Komissiya «Ağdam» qəzetinə də MŞ-nin xəbərdarlığının elan olunmasını məqsədəuyğun sayıb. Bununla bağlı rəydə bildirilib ki, hər hansı şəxs barədə məhkəmə hökmünün olması jurnalistə, yaxud kütləvi informasiya vasitəsi rəhbərinə yazılarında onun haqqında jarqon ifadələr, ifrat fikirlər qələmə almasına əsaslar vermir. Tənqidlə qəzəb, satira ilə şəxsin aşağılanması, şərəf və ləyaqətinin təhqiri qarışdırılmamalıdır. İclasda vurğulanıb ki, Bəxşeyiş Hətəmovun rəhbəri olduğu «Ağdam» qəzeti də bütün bunlara riayət etməli, Şuranın xəbərdarlığından lazımi nəticə çıxarmalıdır. Ona görə də komissiya qəzetin təsisçilərindən olan Ağdam Rayon İcra Hakimiyyətinə bu barədə MŞ-nin məktubunun ünvanlanmasını məntiqi hesab edib.

Sonra komissiya üzvləri Bakı şəhər sakini, iş adamı Tural Məmmədovun internetdə yerləşdirdiyi elanın onun razılığı olmadan iki dəfə «İşgüzar» qəzetində verilməsi və bununla əlaqədar üzləşdiyi narahatlıqlarla bağlı Şuraya müraciətini araşdırıb. Qəzet rəhbərliyinin nəzərinə çatdırılıb ki, bu ciddi qüsurdur və nəşr gələcək fəaliyyətində belə halların təkrarlanmasına imkan verməməlidir. Qəzetin baş redaktoru Samir Vəliyev də iradlarla razılaşıb. O, «İşgüzar»ın şikayətçidən üzr istənildiyi, təkzib verildiyi sayını komissiya üzvlərinə təqdim edib. Məsələ bununla da həllini tapmış sayılıb.

Bakı şəhər sakini, iş adamı Ceyhun Paşayevin «Yeni səhər» qəzeti barədə şikayəti də tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Lakin KİV rəhbərinin nəzərinə çatdırılıb ki, öhdəsindəki mətbu nəşrin adından şəxsi məqsədlər üçün istifadə yolverilməzdir. Belə hallara bir daha yol verilərsə, «Yeni səhər» barədə ciddi ölçü götürüləcəkdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir