Modern.az

Etiraz – ləyaqətin bir başqa adı

Etiraz – ləyaqətin bir başqa adı

3 Yanvar 2018, 13:27

Bethoven “3-cü simfoniya”sını 1804-cü ildə bitirir və “Qəhrəmanlıq” adlandırdığı bu əsərini demokratiya, anti-monarxiya inqilabının carçısı Napoleona həsr edir. Az sonra Napoleonun özünü imperator elan etməsi onun xəyal qırıqlığına səbəb olur.

“İndi o, inqilabın verdiyi insan haqlarını ayaqlar altına atacaq, tiran olacaq!”, – deyir.

 

Ağdamda musiqi texnikumunda oxuyan evimizin kirayəşin qızlarından eşitmişdim ki, Bethoven həmin simfoniyanın partiturasındakı “Napoleon” sözünü elə qeyzlə pozubmuş ki, kağız cırılıbmış. Ötən yay Vyanada Behtovenin ev-muzeyində olanda bələdçidən dururmu deyə, o partituranın taleyini xəbər aldım. Muzeyin əməkdaşı alman dəqiqliyiylə izah elədi. Sən demə, köməkçisi o hadisəyə şahid olub və xatirəsində bəstəkarın titul vərəqi cırıb yerə atdığını yazıb. BBC-nin 2003-cü ildə çəkdiyi “Qəhrəmanlıq” (“Eroica”) filmində isə bəstəkar “Napoleon” yazılan vərəqi hiddətlə əzib tolazlayır.

 

Partituranı pozubmu, cırıbmı, əzibmi? Əsas bu deyil, əsas odu ki, o, bir tirana etiraz edib!

İranda məşhur bir müğənni var – Əli Reza Eftexari. El içində böyük nüfuzu olan bu sənətkar ömrü boyu topladığı hörməti bir günün içində itirir. Hörmət bir yana, adamların nifrətini qazanır.

Neyləmişdi o? Heç nə, bizim üçün adi olan bir iş tutmuşdu. Konsert vaxtı İran prezidenti Mahmud Əhmədinejatın şərəfinə tərifli sözlər demişdi, səhnədən düşüb ona əl vermişdi, sarılıb qucaqlamışdı.

İran ictimaiyyəti onun bu hərəkətini yaltaqlıq kimi qarşılayır, xalqın üzünə azadlıqları bağlamış bir rejimin başçısına etiraz əvəzinə məddahlığı ona bağışlamır.

O gündən xalq Eftexarini hər yerdə boykot edir – konsertinə getmir, disklərini maşın təkərləri altında əzir, bir sözlə, rədd edir. Burada linkini verdiyim süjetdə müğənni ağlaya-ağlaya deyir ki, mədrəsədə qızını gözümçıxdıya salırlar.

“Çörək almağa gedirəm, satıcı dalını çevirir, çörək satmır”.

İranda ümumxalq etirazlarının alovlandığı bu günlərdə xeyli vaxtdı yarımçıq qalan bu yazıya qayıtmaqda qəsdim tək insanın hakim güc qarşısında fərqli davranışına nümunələr göstərmək deyil. Məni siyasi rejimlərin qurduğu, toplumun xarakterini formalaşdıra bilən sistemin hərəkət mexanizmi maraqlandırır. Məsələn, 70 il totalitar kommunizm qorxusu, son 25 ildə də o qorxunun başqa bir formasını yaşayan bizim toplum kimisini deyirəm.

Politoloji ədəbiyyatlar yazır ki, azadlıqlara qapalı rejimlər siyasi-ideoloji yönündən asılı olmayaraq bir-birlərinə bənzəyirlər. Onların azadlıqları boğmaq, “yeni insan yaratmaq” metodları oxşardı.

İstər linkini paylaşdığım süjet, istərsə də İrandan gələn son kütləvi etiraz görüntüləri bunun əksini deyir. Görünən odu ki, molla diktaturası 40 illik hakimiyyət dövründə istəyinə nail olmayıb – xalqın müqavimətini sındıra, insan ləyaqətinə bağlı dəyərləri məhv edə bilməyib.

Yumurtanın qiymət artımı bəhanədi, Məşhəddən başlayan bu etiraz dalğası iranlılarda illərdi yığılan nifrət püskürtüsüdü.

 

***

İnsanda fitri istedad daxili azadlıqla təndi. Azadlığın olmadığı yerdə istedad soyuq iqlimdə yetişmədən elə ağacdaca kal çürüyən meyvə kimidi. Nə qədər istedadlar azadlığın boğulduğu mühitdə məhv olub, kim bilir!

Fransa monarxiyasına son qoymuş, kralı edam etmiş, insanlara azadlıqlar vermiş inqilab o dövr Avropasının bütün monarxlarını təlaşa salmışdı. Krallar inqilab ideyalarından taun epidemiyası tək qorxurdular, onun yayılmaması üçün hər şeyə əl atırdılar. Məhz belə bir zamanda Avstriya imperiyasında bəstəkar Lüdviq van Bethoven klassik musiqi tarixində yeni səhifə açan təzə simfoniyasını demokratiya və insan azadlıqları simvoluna çevrilmiş bir sərkərdəyə həsr edir. Öz imperatorundan qorxmadan, çəkinmədən!

Sonra da prinsipinə sadıq qalır, pərəstiş etdiyi şəxs tiranlıq eşqinə düşəndə adını simfoniya partiturasından silir.

Bethoven hər iki qərara gələndə vicdanı, əxlaqı qarşısında azad idi.

Eftexariyə ictimai qəzəbin qaynağı hakimiyyət idi. Sən eyni zamanda həm xalqın, həm də o xalqa zülm edən hakimiyyətin sevimlisi ola bilməzsən!

“Sənin əlini sıxdığın bu rejim deyilmi İran qadınlarını döyən, həbs edən, güllələyən?” Bu, qızına, ailəsinə qarşı el töhmətinə münasibəti dilinə gətirən sənət adamına verilən sualdı.

 

Əslində Eftexari bəhanədi, bu qədər sərt ictimai qınağa səbəb edam, həbs qorxusu mühitində belə İran vətəndaşında sağ qalan şərəf, ləyaqət duyğusudu.

O gün “Məğrur yaltaqlıq məktəbi” yazısında yazmışdım ki, yaltaqlıq tək alçalma forması deyil, həm də insan qorxusunun “üst geyimidi”. Yaltaqlığın astar üzü qorxaqlıqdı. Qorxan adam həm də yaltaqdı!

Bəs, qorxu bütöv cəmiyyətə hakimdisə, onda necə?

Qorxu tək diabet, infarkt, insult kimi xəstəliklər yaratmır, insanda cürbəcür munant hislər də cücərdir. Azadlıqlara total basqı olan ölkələrin adamlarında bu aydın görünür.

Diktaturanın gücü ölkəni bir mərkəzdən idarə etməsində deyil, həm də bir-birinə nəzarət edənlərin cəmiyyətini yaratmasında, belə güdükçü toplumun idarəetmə mexanizmini qura bilməsindədi.

Total qorxu üstündə qurulan siyasi sistem, idarə mexanizmi insanlarda əxlaq, şərəf, qətiyyət, cəsarət duyğularını məhv edir, yerinə yaltaqlıq, mütilik, lakeylik, məddahlıq gətirir.

Belə yerdə yaltaqlıq sağ qalmanın, uğur qazanmanın tək vasitəsinə çevrilir.

 

***

Bethoven də, İran da, lap belə Turan da öz yerində, məni öz halımız – Qarabağsız, haqq-ədalətin ərşə şəkildiyi Azərbaycan düşündürür.

Belə bir mühitdə sonacan azad qalan ümumxalq sevimlimiz varmı?

Bəs, ayıb işlərə ictimai müqavimətimiz necə?

P.S. İranda tək dini xurafat yox, öyrəniləsi başqa şeylər də varmış!

Vahid Qazi

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi