Modern.az

Xaricdə yaşayan azərbaycanlı jurnalist: “Hamı elə bilir müsəlmanıq, amma müsəlman deyiləm” - MÜSAHİBƏ  

Xaricdə yaşayan azərbaycanlı jurnalist: “Hamı elə bilir müsəlmanıq, amma müsəlman deyiləm” - MÜSAHİBƏ  

Media

30 Oktyabr 2018, 08:07

Fatimə Kərimli: “Həyat yoldaşım Cavidlə media layihəsi üzərində işləyirik”
 

Modern.az saytı xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz Fatimə Kərimlidir. Azərbaycandan Gürcüstana köçən Fatimə Kərimli ötən ilin martında Tbilisidə digər azərbaycanlı jurnalist Cavid Abdullayevlə ailə həyatı qurub.

Fatimə Kərimli Bakıda olarkən "Qafqazinfo", “Azvision.az” və “Virtualaz.org” saytlarında, Cavid Abdullayev isə “Meydan TV”-də işləyib.

 

- Fatimə, Tbilisidə GIPA-da təhsil alırdın. Təhsil ala-ala azərbaycanlı jurnalistlə ailə həyatı qurdun. Bildiyimizə görə, təhsilini yarımçıq qoydun. Niyə?

- Düzdür, GIPA-da təhsil alırdım. İlk 1 ili bitirdim. Sonra təhsilimi dondurdum. Çünki Gürcüstanda həyat yoldaşım üçün təhlükə var idi, ən qısa vaxtda oradan çıxmalı idik. O, “Meydan TV”nin əməkdaşı olduğuna görə, bəzi problemlər vardı. Mən də nə özüm tək qalmaq, nə də onu tək qoymaq istədim. Ona görə universitet rəhbərliyi ilə danışdım və təhsilimi dondurdum. Onsuz da davam etdirmək imkanım var, yəni qiymət cədvəlimi təqdim etməklə hansısa başqa universitetdə jurnalistika üzrə magistr təhsilimin ikinci ilini oxuyub diplom ala bilərəm. Yəni heç bir problem yoxdur. Hazırda da elə Riqada universitetlərin biri ilə danışıram bu məsələ ilə bağlı. Çox güman ki, gələn ildən təhsilimi davam etdirmək üçün oxumağa başlayacam.

- Cavidlə evlənəndə ailən buna etiraz etdimi? 

- Yox, ciddi etiraz olmadı. Niyə etiraz etsinlər ki...

- Ənənəvi Azərbaycan adətinə uyğun toy olmadığına görə.

- Hə, ənənəvi toy olmamağı onlara bir az qəribə gəldi. Amma vəziyyəti izah etdim ki, Cavidin Azərbaycana getməyi təhlükəli ola bilər. Üstəgəl Tiflisdə toyda özləri də oldular, gördülər ki, gənclərin təşkilatçılığı daha yaxşıdır, daha əyləncəli və maraqlıdır.

- Daha sonra Hollandiyaya getdin. Hansı şəhərdə idin?

- Dronten adlanan şəhər idi. Daha doğrusu qəsəbə. Qəşəng, şirin, səliqəli bir yer idi.

- Hollandiyada həyat necədir?

- Yaxşıdır, rahatdı. Ən yaxşı tərəfi də adamların maşından daha çox velosipedə üstünlük verməsidir. Velosiped ən geniş yayılmış nəqliyyat vasitəsidir. Çox istifadə edirlər deyə hər cür forması var. Uşaqlı ailələr üçün ümumiyyətlə möhtəşəm velosipedlər var. Qiymətlər də elə ona uyğun çox müxtəlifdir. 20 avrodan tutmuş 2000 avroya qədər hər qiymətə velosiped tapa bilərsən.


- Yəqin bilirsən, bizdə Hollandiya adı çəkiləndə başqa məsələ yada düşür. Həqiqətən də orada cinsi azlıqlar çoxdur?

- Bu məzmunda dəhşət çox iyrənc zarafatlar, sözsoxmalar var və məncə bu dünyanın ən mənasız, ən bəsit zarafatıdır. Adamlar elə bilirlər ki, Hollandiyada 7 gün 24 saat küçədə öpüşən kişilər, qadınlar var. Halbuki elə deyil. Səbəb də odur ki, cəmiyyət bu məsələni öz içində həll edib və başa düşür ki, kiminsə cinsi oriyentasiyası onun şəxsi həyatıdır. Və heç kimin haqqı yoxdur ki, bu mövzuda fikir bildirsin.

- Dolanışığınız necədir?

- Yaxşıdır.  

- Səhv etmirəmsə, hazırda Riqadasan. Daimi orada qalacaqsan?

- Hazırda Riqadayam, amma daimi yaşayacağımız yeri hələ müəyyən edə bilməmişik. Burada həmişəlik qalmayacağıq, hər ölkədə bir az yaşayıb, bizə ən uyğun olanını tapanda orada lövbər salacağıq.

- Riqada hazırda nə iş görürsən?

- Hazırda Cavidlə birgə yaratdığımız media layihəmiz – “Mikroskop media” üzərində işləyirik. Axırıncı dəfə evdə kustar üsulla studiya düzəltmişik, işıq qurmuşuq. Bütün enerjimizi, vaxtımızı ancaq ona sərf edirik. Əsas işimiz budur. İkinci vacib işimiz də sevdiyimiz yeməkləri hazırlamaqdır.


- Deyirlər Avropada dindən qorxurlar, bu, həqiqətən belədirmi?

- Mən bütün Avropada olmamışam deyə bütün Avropa haqqında danışmağım düzgün olmazdı. İndiyə qədər olduğum yerlərdə, müddətdə hansısa xüsusi qorxu hiss etməmişəm. Sadəcə adım dini addı, Cavid də çox vaxt saqqallı olur deyə, hamı ilk dəfədən elə bilir ki, müsəlmanıq. Ya da məsələn, hansısa yığıncaqda, tədbirdə içki içəndə, donuz əti yeyəndə təəccüblə soruşurlar ki, bəs müsəlmana içki içmək olar? Onda da dərhal səhvi düzəldirəm ki, mən müsəlman deyiləm, rahat-rahat içə bilərəm.  

- Azərbaycanlıları Avropada kənardan tanıya bilirsən?

- Tək azərbaycanlıları yox, bütün qafqazlıları görən kimi tanımaq olur. Sarışın, hündür, yaşıl, göygöz adamların içində orta və ya balaca boy, qaraşın, qıvrımsaç, bəzən iri burunlu irqi tanımaq o qədər də çətin deyil. Bəzən də kimsə yanından keçəndə Azərbaycanca, gürcücə danışır, ondan tanıyırsan, aha, bu bizimkidir.

- Cavidlə mübahisəniz olurmu? Olursa nə üstündə?

- Bütün normal cütlüklər kimi təbii ki, biz də dalaşırıq. Çox müxtəlif olur səbəblər, sadəcə, çox uzun müddət küsülü qalmağı sevmirik, uzağı 1 saat sonra mübahisəni unuduruq. Bu dəqiq yadımdadır ki, son vaxtlar ancaq saytla bağlı nədənsə mübahisə yaranır.

- Fatimə, bir az aqressivsən. Nəyə görə?

- “Fatimə çox arıqsan” cümləsindən sonra ən çox eşitdiyim ifadə budur yəqin ki. Elə adamlar var ki, xoşlarına gəlməyən nə isə olanda dərhal reaksiya vermirlər, hisslərini, emosiyalarını gizlədə bilirlər. Məndə isə elə deyil. Bunu dərhal bəlli edirəm deyə, aqressiv adam təsiri bağışlayıram. Məsələn, kimsə durub deyəndə ki, 1 milyarddan çox adam filan dinə inanır, necə deyə bilərsən ki, o kitabda yazılanlar yalandır? Buna necə sakit reaksiya verəsən axı? Mümkün deyil.


- Binəqədidən ötrü darıxırsan?

- Binəqədi ilə bağlı satirik, kinayəli, gülən smaylikli statuslar çox yazırdım. Çünki əslində insanları neqativlə yormaq istəmirdim. Heç kimə başqasının əslində hansı əziyyəti çəkdiyi, nəyə əsəbləşdiyi maraqlı deyil. Amma bunu gülə-gülə deyəndə hamı gülür keçir və heç bir problem, neqativ yaranmır. Əslində isə Binəqədidə vəziyyət o statuslardakı kimi deyil. Orada yaşayan adamlar həqiqətən işə, dərsə getmək üçün əziyyət çəkir, nəqliyyat üçün daha çox pul verir, yayda toz-torpaq, qışda paçlıqlı yollardan istifadə edir və s. Mən orada yaşayanda günümün azı 3-4 saatını yolda itirirdim. Dostlarımla şəhərdə vaxt keçirməyim, görüşdə rahat oturub söhbətləşməyim xeyli çətin idi. Çünki evə çox gecikirdim və gecə vaxtı Binəqədidə yolu tək gedəndə mütləq kimsə çıxır ki, səni narahat etsin. Üstəgəl, kommunal prblemlərdən tutmuş neft buruqlarının arasında yaşamağa qədər min cür qüsuru var oranın. Elə yer üçün niyə darıxım ki? Orada darıxdığım tək şey ailəm, bir də kitab şkafımdır.

- Mətbuatımızı izləyirsənmi?

- Əlbəttə. Dediyim kimi, artıq öz saytımız var deyə indi əvvəlkindən də diqqətlə və daha çox izləyirəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi