Modern.az

Fərman Salmanovun adının hava limanına verilməsi rəsmiləşməyib  

Fərman Salmanovun adının hava limanına verilməsi rəsmiləşməyib   

3 Yanvar 2019, 10:55

2018-ci ilin sonlarında Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adlarının verilməsi ilə bağlı  “Rusiyanın böyük adları” müsabiqəsi keçirilmişdi.

Səsvermədə 5 milyondan çox insan iştirak etmiş və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdirmişdilər.

Səsvermə nəticəsində respondentlər Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilməsini dəstəkləmişdilər.

Surqut hava limanına azərbaycanlı geoloqun adının verilməsi hələ ki rəsmiləşməyib.

Surqutda yaşayan və Xanti-Mansiysk Muxtar Dairəsi üzrə diaspor sədri Azad Seyidov Modern.az-a açıqlamasında Surqut hava limanına azərbaycanlının adının verilməsinin hələ ki təsdiqlənməməsinə belə aydınlıq gətirib:

“Həmin ərəfədə bəzi şəhərlər üzrə ikinci tur keçirildi. Tam olaraq bəzi şəhərlər üçün səsvermə yekunlaşmamışdı. Üstəlik yanvarın 15-nə kimi Rusiyada boş günlərdir, yəni bu müddət qeyri-iş günləri hesab olunur. Hər kəs kimi biz də gözləyirik. Fərman Salmanovun adı verilən hava limanını Rusiya hökuməti təsdiqləməlidir. Rəsmi təsdiqini tapandan sonra yəqin ki, açıqlama olacaq”.

Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirib. Fərman Salmanov 1954-cü ildən uzaq Sibir çöllərində neft axtarışları sahəsində müxtəlif vəzifələrdə işləyib.
1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini olub, 1992-ci ildən “Rospan İnternəşnl” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə “İtera” şirkəti Direktorlar şurası sədrinin müşaviri, eləcə də “Yuqneftqaz” cəmiyyəti Direktorlar şurasının sədri işləyib. Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. Məhz həmin yataqların işlənilməsi sayəsində keçmiş Sovetlər İttifaqı dünyanın ən çox neft və qaz ixrac edən ölkələri sırasına çıxıb. 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1989-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Fərman Salmanov 2007-ci il martın 31-də ömrünün 79-cu ilində vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır