Modern.az

Tarixin ən dəhşətli narkobaronu və onun qanlı həyat yolu - MARAQLI

Tarixin ən dəhşətli narkobaronu və onun qanlı həyat yolu - MARAQLI

Dünya

30 Aprel 2019, 14:24

 

Pablo Eskobar bu gün də bu adı eşidənlərdə qorxu yaradır. Tarixin ən məşhur narkobaronu sayılan Eskobar dünyaın ən güclü cinayətkar birləşmələrindən birini yaradaraq illərlə dünyanı “ağ ölüm”lə terrora məruz qoyub.

Modern.az tanınmış narkobaronun cinayətlərlə dolu həyat yoluna işıq salır.

 

Pablo Eskobar 1949-cu il dekabr ayının 1-də Kolumbiyanın Medelyin şəhərindən 40 km-lik məsafədə yerləşən Antokiya şəhərində anadan olub.

O, kolumbiyalı narkobaron, narkotika alverindən milyardlarla pul qazanan şəxs, 20-ci əsrin ən qəddar cinayətkarlarından biri kimi ad çıxarıb.

 Dünya kokain bazarının 80%-ni idarə edən narkobaron bir həftəyə təqribən 420 milyon dollar qazanırdı. El-Patrono bütün dövrlərin ən varlı narkobaronu hesab edilir.1989-cu ildə “Forbes” jurnalı Pablonun adını “dünyanın ən varlı adamları” siyahısında 7-ci pilləyə daxil edir. Bu zaman Eskobarın 25 milyard dollarlıq şəxsi sərvəti var idi.

 

Narkobaron

1970-ci illərin amerikalı hippilərinin yeni nəsli artıq marixuana ilə kifayətlənə bilmirdi. Yeni və daha güclü narkotik maddə-kokain tələb olunurdu. Pablo bu sahə üzrə kriminal biznesini qurmağa başlayır. O, kokaini istehsalçılardan alır, ABŞ-a ötürmək üçün qaçaqmalçılara satırdı . Eskobar hansısa gəlirli kriminal iş barədə məlumat əldə edəndə, güc vasitəsilə bu işi ələ keçirirdi.Tezliklə ölkənin bütün kokain biznesi onun əlinə keçir. Heç bir narkotika alverçisi onun icazəsi olmadan ölkə sərhədlərindən kənara mal çıxara bilməzdi. Pablo hər kokain ticarətindən 35 % vergi alır və çatdırılmanı təmin edirdi. Eskobarın narkotika karyerası çox uğurla davam edirdi. “El Patron”(bu ləqəbi xalq ona qoymuşdu) demək olar ki, pul içində üzürdü və qanunu  vecinə də almırdı.

 

Eskobarın məşuqələri və qızları

1974-cü ildə Eskobarın 13 yaşlı Mariya Viktoriya Eneo Viexo ilə görüşməyə başlayır. Qızın valideynləri onlara mane olmaq istəyəndə cütlük Palmiraya qaçır. 1976-cı ilin mart ayında cütlük ailə həyatı qurur. Tezliklə hələ 15 yaşı tamam olmayan Mariya Xuan Pablonu dünyaya gətirir. 3,5 il sonra isə Eskobarın sevimli qızı Manuela anadan olur.

Eskobarın həyatı boyu həddən artıq çox məşuqələri olub. “El Patron” pedofilliyi ilə ad qazanmışdı. Narkobaron əsasən yetkinlik yaşına çatmayan bakirə qız uşaqlarına üstünlük verirdi. Pablonun 400 məşuqəsi olduğu barədə dəqiq fakt var. Bu qadınlar üçün kiçik, qapalı şəhər də inşa edilmişdi. Məşuqələr arasında aktrisa, gözəllik müsabiqəsi qalibləri, fotomodellər var idi. Onların hər biri üçün ayrıca kotec inşa edilmişdi. Həyətində hovuzu, dincəlmək üçün xüsusi talvarı, arxitekturası və dizaynı unikal olan mülklər kiçik bir şəhərə bənzəyirdi.

Kolumbiya televiziyasının tanınmış simalarından olan Virxiniya Valyexo da Eskobarın məşuqələrindən biri idi. Cütlüyün çox ciddi münasibətləri var idi. Valyexo ilə Eskobarın eşq macərası 5 il davam etdi.

 

Kokain imperiyasının rəhbəri

1977-ci ilin yay aylarında Eskobar 3 nəhəng narkotika alverçisi ilə ittifaq yaradaraq qüdrətli maliyyə-kokain imperiyasını qurur. Kartelin yayım şəbəkəsi, çatdırılma şəbəkəsi, cəngəlliklərdə gizlədilmiş gizli laboratoriyaları, təyyarələri və ən müasir sualtı qayıqları var idi. “El-Patron”dünya kokain sənayesinin ən nüfuzlu şəxsinə çevrilir. Eskobar polis əməkdaşlarını, hakimləri, siyasi xadimləri pula boğaraq ələ alırdı. Əgər rüşvət işə keçmirdisə, başqa üsula, yəni şantaja əl atırdılar.

 

Kolumbiya üçün gördüyü işlər

Kartel ucuz evlər tikərək kasıblara, yoxsullara paylayırdı. Xalq “El Patron”u Milli Konqresin üzvü seçir. Eskobar kasıblara əl tutmaqla yanaşı özünü də unutmurdu. Onun 500 min hektar torpağı, 34 mülkü var idi. Narko baronun əsas mülkündə 20 süni göl, 6 hovuz və kiçik hava limanı var idi. Görünür, Eskobar bu qədər pulu hara xərcləyəcəyini bilmirdi. Pablonun “Neapol” adlandırdığı mülkü 20 min hektar ərazidə yerləşirdi və burada onun əmri ilə Cənubi Amerikanın ən böyük zooparkı salınmışdı. Zooparka dünyanın hər yerindən ekzotik heyvanlar, 120 antilop, 30 öküz, 6 begemot, 3 fil və 2 kərgədan gətirilir. Mülk narko baronun vəsiyyətinə əsasən, ölümündən sonra evsiz ailələrə verilir. Yollar salınır, stadionlar tikilir, kasıblar üçün pulsuz evlər inşa edilirdi. Yerli xalq onu “Barrio Pablo Eskobar” adlandırırdı. Narko baron özünü kolumbiyalı Robin Qud hesab edir, kasıbların vəziyyətinə dözmədiyi üçün xeyriyyə fəaliyyəti ilə məşğul olduğunu deyirdi.

 

Siyasi karyera

Eskobar biznesini leqallaşdırmaq barədə yollar axtarırdı. 1982-ci ildə Pablo Kolumbiya Konqresinə namizədliyini irəli sürür. 32 yaşlı Eskobar Parlamentin üzvü seçilir. Palataya seçilmiş narkobaron insan hüquqları barədə seminarlara rəhbərlik etməyə başlayır. Növbəti illərdə onun hədəfi prezident kürsüsü idi. Amma Ədliyyə naziri Rodriqo Lara Boniya seçki yarışına kokain satışından gələn pula qarşı kütləvi kampaniyaya başladı. Nazirin səyi nəticəsində 1984-cü ildə Eskobarı Parlamentdən xaric edirlər.Çox keçmədən 1984-cü ilin 30 aprel tarixində Boqotanın mərkəzi küçələrinin birində nazirin avtomobili avtomat silahlardan gülləbaran edilir. Açılan güllələr Rodriqo Laranın başını və bədənini dəlik-deşik edir.

 

Dövlətlə müharibə

Eskobar “Los Eskstraditables” adlı terrorçu qruplaşma yaradır. Bu qruplaşmaya daxil olan quldurlar narkotika ticarətinə qarşı çıxan dövlət məmurları və polis əməkdaşlarına qarşı fəaliyyət göstərirdilər.

Nazirin qətlindən sonra narkobaronun həbs edilməsi barədə order çıxarılır və Eskobar gizlənmək məcburiyyətində qalır.

Eskobar gizləndiyi halda, ölkədə qlobal terror yaradır. Onun məqsədi isə hamıya ölkənin əsl sahibinin kim olduğunu göstərmək idi. 2 il ərzində 1000 nəfər quldurların qurbanına çevrilir. Bu qurbanlar arasında jurnalistlər, hakimlər, narkomafiya əleyhinə çıxış edənlər və 600 polis əməkdaşı var idi. Narkobaronun əmri ilə 107 sərnişini olan təyyarə partladılır. Eskobarın hədəfi Kolumbiyanın gələcək prezidenti Sezar Qaviriya idi. Sezar bu reyslə uçmalı olsa da, son anda uçuşdan imtina edir. “El-Patron”un əmri ilə 1989-cu ilin 6 dekabr tarixində məxfi polis idarəsinin rəisi Migel Markesə sui-qəsd təşkil edilir. Bomba hücumu zamanı 62 nəfər həlak olur, 100-dən çox insan ağır yaralanır.

 

Həbs

Pablo Eskobar ABŞ-ın ən çox axtarılan cinayətkarlarının siyahısında birinci yerdə idi. Onların hədəfi Eskobarı tutmaq və onu həbs etmək idi. Kolumbiya hökuməti tərəfindən “Xüsusi axtarış qrupu” yaradılır. Tezliklə “El Patrona” yaxın olan bir neçə nəfər həbs edilir.

Eskobarın quldur dəstəsinin üzvləri ölkənin bir neçə nüfuzlu şəxsini əsir götürür. Narkobaron ümid edirdi ki, oğurlanmış şəxslərin varlı qohumlarının təzyiqi ilə Kolumbiya dövləti ABŞ-la narkotika alverçilərinin ekstradisiya müqaviləsini ləğv edəcək. Onun planı baş tutur, ekstradisiya ləğv edilir. Amma hər tərəfdən mühasirəyə alınan Eskobar 1991-ci ilin 19 iyun tarixində təslim olur. Pablo Eskobar keçmiş günahlarının bağışlanacağı şərti ilə bir neçə cinayətini etiraf etməyə razılaşır.

 

Həbsxanada lüks həyat

Pablonun cəzası da hamıdan fərqli idi. Dünyanın ən qəddar narkobaronu özünün inşa etdirdiyi “La Katerdal” həbsxanasında cəzasını çəkməyə məhkum edilir. Bu həbsxanada üzgüçülük hovuzu, diskoteka, sauna və futbol meydançası var idi. Dostları, yaxınları və qadınları “El Patrona” baş çəkir, ailəsi isə istədiyi vaxt Eskobarla görüşürdü. Eskobar özü istədiyi vaxt həbsxanaya girir-çıxır, Medellinin gecə klubları və restoranlarını gəzir, futbol yarışlarını izləyirdi.

 

Pablo narkotika biznesinə əvvəlki kimi rəhbərlik edirdi. Bir dəfə partnyorlarının pul gizlətdiyini eşidən Eskobar “cinayətkarları” həbsxanaya gətizdirir, şəxsən işgəncə verir, qurbanlarının dizini deşir, dırnaqlarını çəkir və sonra öldürtdürür.

 

Qaçış

Bu faktlar ortaya çıxanda Kolumbiya prezidenti Sezar Qaviriya 22 iyul 1992-ci ildə kokain kralını əsl həbsxanaya köçürmək barədə əmr verir. Eskobar bu qərarı eşidəndə artıq kifayət qədər cəza çəkdiyini düşünərək həbsxanadan qaçır. Amma artıq gizlənmək üçün o qədər də çox məkanı yox idi. Kolumbiya və ABŞ hökumətləri Medellin kokain karteli və onun liderini bitirmək barədə qəti qərar qəbul etmişdilər. Tezliklə dostları Eskobarı tərk etməyə başladılar. Amma Pablo hələ də özünü ciddi fiqur sayırdı: əslində bu belə idi, narkobaronun kifayət qədər ciddi maliyyə imkanları var idi. Amma real hakimiyyəti əldən buraxılmışdı. Pablo hökumətlə danışıqlar aparmaq istəsə də, nəticə əldə edə bilmədi. ABŞ və Kolumbiya qəti surətdə danışıqlardan imtina edir, onun ölüm fərmanını imzalayırlar.

Kokain kralının başına 10 milyon dollar mükafat qoyulur. Azadlıqda olan “El Patron” hakimiyyətə qarşı qəddar terror aktı təşkil edir. 1993-cü ilin 30 yanvar tarixində paytaxtın izdihamlı küçələrindən birində partlayış törədilir. Nəticədə 20 insan həlak olur, 70 nəfər yaralanır.

 

Dövlət məmurlarının ölümü

1989-cu ildə bir jurnalist əlində Eskobarı həbs edəcək qədər dəlil olduğunu açıqladı. Həmin şəxs dəlilləri polisə gətirmək ücün təyyarəyə minən zaman Eskobarın adamları tərəfindən təyyarə havada partladıldı. Hadisə nəticəsində jurnalist də daxil olmaqla 110 nəfər həlak olub. 1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. Mətbuata verdiyi bir açıqlamasında əgər polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olduğunu bildirir. 1992-ci ildə onun haqqında axtarış verilir. Eskobarın həbs olunmasını ən çox yerli polislər istəyirdi. Eskobar polislərdən nifrət etdiyini hər zaman dilə gətirir. Eskobarın hər bir polisin başına 3 min dollar mükafat elan etməsi, 1970 – 1980-cı illərdə 400 nəfər polisin ölümünə səbəb olub.

 

Son

Polisdən gizlənən Pablo 1 ildən çox arvadını və uşaqlarını görmürdü. İzləndiyini bilən Pablo hətta telefon danışıqlarını da çox qısa edirdi. 1993-cü il 1 dekabr tarixində onun 44 yaşı tamam olur. Bu dəfə əsəbləri tab gətirməyən Pablo 2 dekabr tarixində ailəsinə zəng edir və elə bil ki, sağollaşmaq istəyir. Narkobaron sonuncu dəfə oğlu ilə danışır və bu telefon danışığının müddəti 5 dəqiqə olur. Təhlükəsizlik baxımından bu düzgün deyildi. Bu müddət ərzində Eskobarın Medellinin Los Olibos rayonunda olduğu təyin edilir. Tezliklə narkobaronun gizləndiyi ev xüsusi agentlər tərəfindən mühasirəyə alınır. İki nəfər qapını qıraraq içəri soxulur. Evdə Eskobar, onun yaxını, “Limon” ləqəbli Alvaro de Xesus Aqudelo var idi. Agentlər ilk olaraq Limonu və evin sahibəsi, Eskobarın doğma bibisini qətlə yetirirlər. Agentlərə atəş açan Eskobar dama çıxaraq qaçmağa çalışır. Snayper gülləsi Pablonun başından dəyir və narkobaron ölür. Bütün agentlər dama çıxaraq narkobaronun cəsədi ilə şəkil çəkdirir.

Eskobar Medelyinin cənubunda, Montesakro qəbiristanlığında dəfn edilib.

Bu gün də Medelyin sakinləri Pablo Eskobarı kasblara əl tutan xeyirxah insan kimi tanıyırlar. Onlar “ağ ölüm” ticarəti sayəsində milyardlarla dollar qazanan, öz rəqiblərini amansızlıqla məhv edən Eskobarı qəddar insan kimi tanımaq istəmirlər.

 

Novruz NOVRUZLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir