Modern.az

Deputatlar AvroLiqanın finalına gedəcəklər? - Bilet alanlar, almaq istəməyənlər, havayı dəvət gözləyənlər…

Deputatlar AvroLiqanın finalına gedəcəklər? - Bilet alanlar, almaq istəməyənlər, havayı dəvət gözləyənlər…

16 May 2019, 08:42

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu bütün dünyanın diqqət mərkəzindədir. "Çelsi" və "Arsenal" klubları arasındakı finaı qarşılaşmasının biletləri bir neçə kateqoriyada təqdim olunur. 


Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərindədir.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.


Sosial şəbəkələrdəki paylaşımlara nəzər saldıqda məlum olur ki, artıq bəzi paytaxt sakinləri arasında “AvroLiqa”nın final biletlərini əldə edənlər var. Futbol azarkeşi olan tanınmışlar belə vacib yarışın Bakıda keçirilməsindən, final günü stadionda olmaqdan qürur duyduqlarını qeyd edirlər.


Maraqlıdır, bəs cəmiyyətin diqqət mərkəzində olan Milli Məclisin üzvlərindən kimlər final oyununa bilet alıb? Deputatlar Bakıda qarşılaşacaq ingilis komandalarının (“Arsenal” və “Çelsi”) hansına azarkeşlik edəcəklər?  


Modern.az
bu mövzuda deputatlarla sorğu edib. Onların cavablarını olduğu kimi təqdim edirik:


Aydın Hüseynov:

“Mən final üçün biletimi artıq almışam. Yarışda məmnuniyyətlə iştirak edəcəyəm. Amma konkret azarkeşlik niyyəti ilə qatılmıram. Sadəcə, maraqlı oyunu qaçırmaq niyyətində deyiləm. Böyük Britaniyanın komandasını dəstəkləyəcəyəm”.


Elman Nəsirov:

“Finalda iştirak etmək istəyərəm. Amma həmin gün başqa bir neçə tədbir, çəkilişlər də var. Ona görə finala hələlik bilet də almamışam. Doğrusu, mən Dünya Çempionatının oyunlarını və “Qarabağ” komandasının iştirak etdityi yarışları daha çox izləyirəm. Ona görə, Avropa Çempionatının finalını sadəcə Bakıda keçirildiyinə görə maraqla qarşıladım. Əgər vaxt tapsam mütləq qatılacağam”.


Azər Badamov:

“Çox istəyirəm ki, oyunu stadiondan izləyim. Amma hələlik bilet ala bilməmişəm. Buna baxmayaraq, mənim üçün maraqlı oyundur. Finalda “Arsenal” komandasını dəstəkləyirəm”.


Fazil Mustafa:


“Bilet almamışam. Stadiondan futbolu izləmək mənim üçün o qədər də maraqlı təsir bağışlamır. Televiziyadan izləmək, vurulan qolların yaxından göstərilməsi daha maraqlıdır. Heç bir komandanı dəstəkləmirəm. Sadəcə, maraqlı oyun olacağını düşündüyümdən baxacağam. Amma simpatiyam “Arsenal”a tərəfdir”.


Şahin İsmayılov:

“Finalda iştirak edəcəyəm. Artıq bilet almışam. Hazırda finalda çıxış edən komandalara elə də azarkeşlik etmirəm. Sadəcə, maraqlı futbolu izləmək üçün stadiona gedəcəyəm”.


Naqif Həmzəyev:

“Final üçün biletim var. Amma hələlik həmin gün üçün proqramım təsdiqlənməyib. Ola bilər ki, həmin vaxt Gəncə şəhərində olum. Amma yarışı izlməyi çox istəyirəm. Mən milli futbol komandalarımızı dəstəkləyirəm. Ona görə, sadəcə final oyununa baxmaq üçün qatılacağam. Kim güclüdürsə, o da qalib gəlsin. “AvroLiqa”nın finalının Bakıda keçirilməsi mənim üçün elə qələbədir”.


İlham Məmmədov:


“Mən elə də futbol azarkeşi deyiləm. Ona görə, sadəcə Azərbaycanda keçirilən əhəmiyyətli yarış olduğundan stadiona gedib  “AvroLiqa”nın final oyununu izləmək istərdim. Bir nəfər mənim üçün bilet çatdıracağına söz verib. Çox güman ki, bileti alıb, oyuna qatılacağam”.


Tahir Kərimli:

“Finala bilet almamışam. Düzü gözləyirdim ki, deputatlar oyuna dəvət edilsin, bilet paylansın. Amma belə təklif olmadı. Ona görə, çalışacağam özüm bilet əldə edim. Mən uşaqlıqda futbolla məşğul olmuşam. Həm də kiçik oğlum futbolçudur. Ona görə, böyük ehtimal Avropa Liqasının finalını stadiondan izləyəcəyəm”.


Aqil Abbas:

“Məndən çox futbolu sevən adam yoxdur. Hətta bir dəfə açıqlama vermişdim ki, futbolu Berti Fokstdan dörd dəfə yaxşı bilirəm. Amma finalı stadiondan izləməyəcəyəm. Çünki futbola televiziyadan baxanda daha çox ləzzət edir. Stadionda vurulan qolları da yaxından görmək olmur. Həm də ki, orada mənim sevdiyim komanda oynamır. Buna baxmayaraq, yəqin ki, mən və bütün Azərbaycan Məsud Özilə görə “Arsenal”a azarkeşlik edəcəyik”.


Cavid Osmanov:

“Final oyununda izləyici kimi iştirak edəcəyəm. Hansı komanda daha yaxşı oynasa, ona azarkeşlik edirəm. Komandaların heç birini dəstəkləmirəm, sadəcə “Arsenal”a nisbətən “Çelsi”ni üstün tuta bilərəm. Ümumilidə isə ölkəmiz üçün böyük tədbirdir. Ona görə, yarışı izləməyi çox istəyirəm”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi