Arxiv
10 İyun 2019, 13:39 | MÜSAHİBƏ
Arif Quliyev: “Aylıq gəlirim 2 min manatdır, yalandan niyə şikayət etməliyəm?..” - MÜSAHİBƏ

“Yaşar Nurininin ölüsü də bizdən zirvədədir”

 

““Lotu Quli”nin mənlə heç bir əlaqəsi yoxdur” 

 

Xalq artisti Arif Quliyev Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Arif müəllim, əhvalınız necədir?

- Hər vaxtınız xeyir olsun. Mən əlayam. Baxmayaraq ki, hazırda teatrda işləmirəm, təqaüddəyəm, amma çox yaxşıyam. Mayın 16-da 69 yaşımı qeyd etdim. Vəziyyət əladır.

- Yeni film çəkilişlərinizdən nə danışa bilərsiniz?

- Son 4 il ərzində 10 dənə filmə çəkilmişəm. Hazırda isə “Ay yay yay” serialının çəkilişlərinə başlanılıb. Onlarla müqavilə bağladığıma görə işləyirəm.

- Aldığınız qonorar sizi qane edirmi ?

- Əlbəttə, qane edir.

- Nə qədər qonorar alırsız?

- Günümə 100 manat pul alıram.

- Arif Quliyev deyəndə insanların üzündə istər-istəməz gülüş yaranır...

- Bu, elə bir sənətdir ki, onu arzulamaqla, istəməklə deyil, bunu ancaq istedadla bacarmaq olar. Bizdə məsələn, Qara Qarayev bəstələri ilə, Səttar Bəhlulzadə rəsm əsərləri ilə, Zeynəb Xanlarova, Rəşid Behbudov səsi ilə dünyada məşhurdur. Bu şöhrəti ancaq istedadla əldə etmək olar. Mən bu sənəti özümdə hiss eləmişəm və demişəm ki, mən bu sahəyə gəlsəm, nə isə əldə edə bilərəm.

- Siz daha çox yumor ustası kimi tanınırsınız. Amma tamaşaçı düşünür ki, əsl aktyor bütün rolları ifa edə bilməlidir. Bəs siz niyə dramatik rolları  canlandırmamısınız? Ümumiyyətlə, dramatik rol təklifi alsanız, bunu bacararsınızmı?

- Mərahim Fərzəlibəyovun rejisorluğu ilə çəkilmiş “Mənim ağ şəhərim” filmi var. Mənim orda qəmgin bir obrazım var. Bu iş ümumiyyətlə rejissor işidir. Rejissor rolları seçir və təxmin edir ki, rolun öhdəsindən kim gələ bilər. Düzü, mən ciddi obrazlar oynamamışam. Özümdə də hiss eləməmişəm ki, bu rolların öhdəsindən gələ bilərəm. Əslində biz komediya ustaları insanlara ciddi söhbətləri gülüşlə çatdırırıq. Məsələn, əliəyri, oğru insanları obraz olaraq, canlandırırıq ona yumor qatırıq və beləcə fikrimizi insanlara onları güldürərək çatdırırıq. Mən inana bilmirəm ki, insanları ağlatmağı bacarım.

- Oynadığınız hansı roldan daha çox xoşunuz gəlmir?

-“Xoşum gəlmir” deməyə ixtiyarım yoxdur. Çünki məsələn, belə deyək, 10 övlad da olsa, ata və ana onların hamısını eyni cür istəyir. Çünki ata-ana onları dünyaya gətirib, əziyyətini çəkiblər. Birini sevməmək söhbəti mümkün deyil. Mən də eyni ilə, bütün rollarımı sevirəm. Çünki mən onlara əziyyət çəkmişəm. Məsələn, Musiqili Komediya Teatrında “Durna” tamaşasında Dursun obrazını, “Gözün aydın”da  Salyanskini, “Qaynana”da Əli, “Ev bizim, sirr bizim”də Tofiq, “Evlənmə”də Şiraki obrazını və s. oynamışam. Sadalamaqda məqsədim odur ki, biləsiniz ki, oynadığım rollar çoxdur və mən heç birini unutmamışam.

Bir dəfə “Təzə gəlin” əsərində Şərbətəli obrazını zəif oynamışdım. Qəzetdə də məni tənqid etdilər. Amma mənim üçün tənqid gözəl şeydi. Bəzi insanlar var ki, tənqidi qəbul edir, bəziləri isə yox.

 Mən tənqidi  qəbul etməsəydim, ortaya çıxa bilməzdim. Tənqid olunan insan özünə nəticə çıxarır.

- “Arif Quliyevin yumorunda düşündürücülük  yoxdur, zarafatları olduqca bayağıdır” – belə düşününlər də var.

 

- Ola bilər. Hər aktyoru hamı sevə, hamı qəbul edə bilməz. Mən həmişə tənqidə açıq yanaşmışam. Və 10 barmağın 10-u da eyni ola bilməz. Ümumiyyətlə, bu sənətdə zirvə yoxdur. Hərənin öz zirvəsi var. Həsən Turabov bir zirvədir, Həsən Məmmədov bir zirvədir. Kamal Xudaverdiyev bir zirvədir, Yaşar Nuri bir zirvədir. Yəni heç kəs heç kəsdən üstün ola bilməz.

- Yaşar Nurininin xanımı Rəhimə Nuriyeva bizə müsahibəsində qeyd edib ki, Yaşar Nuri güldürsə də, özü gülən insan deyildi. Bildirdi ki, onu yalnız Arif Quliyev güldürürdü. Bu barədə nə deyə bilərsiniz?

- Bir dəfə sənət dostlarım xəstəxanaya getmişdilər. Xəstələri güldürüb, əhval-ruhiyyələrini düzəltmək üçün. Həkim bir az sonra deyib ki, bunlar əməliyyat olunublar, çox gülmək olmaz. Tikişləri partlayar. Yaşar Nuri ona deyib: “Biz indi gedirik, 1 saat sonra bura Arif Quliyev gələcək. Görün o xəstələrin tikişi qalacaq yerində ya yox”. (Gülür).

- Bəzi sənət dostlarınız olub ki, müxtəlif aslılıqlardan əziyyət çəkiblər. Məsələn, Yaşar Nuri, Səməndər Rzayev çox içki içən olub. Sizin belə vərdişləriniz olubmu?

- Sizə bir sirr verəcəyəm. Rəhmətlik Yaşar Nuri... O, həmişəyaşardır.

Bir dəfə də dedilər ki, Yaşar elə-Yaşar belə. Dedim ki, Yaşar Nurinin ölüsü də bizdən zirvədədir. Yəni indi içki içib, içməyib – məsələ bu deyil. Əsas odur ki, sənətkar olublar. Hər aktyorun öz gözəlliyi var. Amma mənim aləmimdə insan elə içməlidir ki, o, spirtli içkiyə qalib gələ bilsin. Əgər hiss edirsənsə ki, o, sənə qalib gəlir, deməli sən onun qarşısında acizsən. İçəndə həmişə cəmiyyəti düşünmək lazımdır. Ən çox da biz sənətkarlar düşünməliyik. Çünki həmişə  göz qabağındayıq. Biz sənətkarları insanlar əllərinin içi kimi tanıyırlar. Ona görə də gərək biz yalan danışmayaq, bir adamın xətrinə dəyməyək, pis vərdişlərə yiyələnməyək. Çünki bu, böyük bir rezonansa çevirilir. Məsələn, Allah rəhmət eləsin Səməndərə. İndi bir-iki dəfə içib, görürsünüz, hələ də yadda qalıb. Mən sənətimə meyilli olmuşam. Sənətə iki cür meyillik var. Bəziləri sənətkar olmağı ona görə istəyir ki, məşhur olsunlar, tanınsınlar, xalq onları sevsin. Belələri  özlərini sənətdə sevirlər. İkinci növ insanlar sənəti özlərində sevirlər. Sənəti özlərində sevən insanların adı fədaidir.


- Türk aktyor Kamal Sunalın filmlərində ictimai-siyasi mövzularda mesajlar var. Amma bəzi filmləri də var ki, bəyənilmir, sevilmir. Siz Kamal Sunalı bəyənirsinizmi?

- Mən Kamal Sunalın oynadığı rolları sevərək izləyirəm. Çünki dediyim kimi, gülüş bizim üçün silahdır. Kamal Sunal əgər dəyərsiz filmlərə çəkilsəydi xalq onu sevməzdi. Və o dövrdə senzura var idi, onun filmləri senzuradan keçə bilməzdi.


- Arif müəllim, senzura demişkən, əvvəlki Azərbaycan film və tamaşalarında vulqar ifadələrən istifadə olunmayıb. Lakin indi bir az daha fərqli üslub seçilib. Bundan əlavə elə əvvəlki dövrü götürsək, Kamal Sunal da  vulqar ifadələrdən, söyüşdən istifadə edib. Bu sizdə necə təəssürat yaradır, söyüşlü komediyaları qəbul edirsinizmi?

- Hər şey yerində gözəldir. Amma Kamal Sunalın işlətdiyi ifadələrə gəlincə demək istəyirəm ki, o vaxt senzura var idi, demək ki, qəbul edilib ki, işlədib o ifadələri. Herakl deyib ki, hər şey dəyişir, hər şey yenilənir. Məişətdən götürsək, hər şeyə qatqı qatılıb - konfetə, şokolada, südə, qatığa və s. Yumor da belədir. Zaman keçdikcə yumora da qatqı qatılıb, əlavələr edilib.

İndiki aktyorlardan məni ən çox Rafael və Coşqun, Tahir və Cabir qardaşları güldürür. Onların yumorunda böyük hikmət var.

- Rafael və Coşqun, Tahir və Cabir qardaşlarını bəyəndiyinizi vurğuladınız. Sizcə onlar keçmiş sənətkarların yerini verə bilirlərmi, onları əvəz edə bilirlərmi?

- Yox, yox, qətiyyən. Heç kim heç kimin yerini verə bilməz. Yaşarın, Hacıbaba müəllimin yerini kim verə bilər?! Onları əvəz edə bilərlər sadəcə. Bəli, bu gün səhnəmiz boş deyil. Bu gün Nəsibə Zeynalova, Siyavuş Aslan yoxdur, amma teatr yenə var, camaat yenə gəlir. Bu gün burada Afaq xanım Bəşirqızı, İlham Namiq Kamal, Çingiz Əhmədov, Nadir Xasıyev və bir çoxları  işləyir.

-Təbii ki, həyatda siz də kədərlənmisiniz. Həyatınızda gedən kədərli hadisələr gülməyinizə və güldürməyinizə mane olubmu?

- Xeyr. Ola bilməz. Allah rəhmət eləsin Əliağa Ağayevə. Bir dəfə gəlib tamaşaya. Deyiblər ki, anan rəhmətə gedib. O, həmin gün tamaşada insanları gülməkdən “öldürüb”. Amma ürəyində özü ağlayıb. Bizim ixtiyarımız yoxdur ki, öz kədərimizi qarşı tərəfə ötürək. Çünki tamaşaçı öz yorğunluğunu atmaq üçün gəlib tamaşaya.

- Bir oğlunuz rəhmətə gedib. Bəs o biri oğlunuz hazırda nə işlə məşğuldur?

- Mədəniyyət və İncəsənət Universitetini aktyorluq ixtisası üzrə oxuyub. İşsizdir sadəcə. Evdədir indi, işləmir. Amma işləyəcək inşallah.

- Ata olaraq oğlunuza iş axtarırsınızmı?

- Oğlum aktyorluğu oxusa da, bu sahəyə heç marağı yoxdur. Satira teatrında quruluşcu rejisor kimi işləyib, amma gərək adamın işinə həvəsi olsun.

- Arif müəllim, xalqın sevgisi, şan-şöhrət bir qırağa, maddi cəhətdən bu sənət sizə nə qazandırıb?

- Bir işə maddiyyat kimi baxırsansa, o iş sənə heç vaxt uğur qazandırmaz. Gərək sən işləyəsən, əziyyət çəkəsən. Sonra isə onun bəhrəsini görəsən. Mən də vaxtilə çox zəhmət çəkmişəm bu sahədə. İndi də hər şeydən razıyam.

- Bir neçə il əvvəl  saytlara verdiyiniz müsahibənizdə maddi cəhətdən sıxıntılarınızın olduğunu qeyd etmişdiniz.

- Onu yalan yazıblar. Ona görə saytlara müsahibə verməyi sevmirəm. Mən Xalq artistiyəm, prezident təqaüdçüsüyəm. Aylıq gəlirim 2 min manatdır. Dolana bilirəmsə, mən yalandan niyə şikayət etməliyəm? Film və seriala da çəkilirəm, pulumu alıram.

- Yol polisi sizi saxlayanda hörmət edir?.

- Düzdür hörmət edirlər. Amma biz gərək səhv etməyək ki, insanlar “Polis Arifi məşhurdu deyə buraxdı” deməsinlər.

Bir gülməli əhvalatı danışım sizə: taksi var idi, yaxınlaşdım. Sürücü maşının şüşəsini endirib dedi ki, Arif müəllim, qabaq yerdə xalamın paltarları var, xəstəxanaya aparıram. Amma oturun sizi aparım. Mindim taksiyə, gedirik. Sürücü maşını sürə-sürə arxaya dönür deyir ki, “Arif müəllim bağışlayın arxası sizə tərəf oturmuşam, üzr istəyirəm”. Bir gözü qalıb arxada, tez-tez üzr istəyir. “Belə özümü çox pis hiss edirəm vallah” deyirdi. Yenə maşını sürə-sürə dönür deyir ki, “Arif müəllim, atam bilsə ki sizə arxamı çevirib oturmuşam, öldürəcək məni”. Dedim: “Yaxşı, özünü öldürmə. İndi ki belədi, sükanı götür gəl otur arxada yanımda”. (Gülür)

- Yaradıcılığınızın şah əsəri adlandırdığınız obrazınız hansıdır?

- Bayaq da qeyd etdiyim kimi, rollarıma əmək sərf etdiyim üçün hamısını ayrı-ayrılıqda sevirəm. Lakin mənim ən çox sevdiyim obrazım “Bəyin oğurlanması”nda  Miriş obrazıdır.


-Bildiyimiz qədəri ilə “Bəyin oğurlanması” filminin ssenarisində siz olmamsınız, təsadüfən yer verilib filmdə sizə.

- Səməndər Rzayev dostum idi, Yaşar Nuriylə də yaxın idim deyə, film çəkilişləri olan yerə getdim. Gəldim gördüm ki, dağın ətəyində oturublar, somovar dəmləyib çay içirlər. Orda görkəmli sənətkarlarımız - Həsən Turabov, Ələsgər Məmmədoğlu, Eldəniz Zeynalov, Muxtar Manıyev, Mirzə Babayev, İlham Namiq Kamal da var idi. Mövlud Süleymanlı da orda idi. Mənə dedi ki, elə gəl səni də əlavə edək ssenariyə. Adımı da Miriş qoydular.

- Arif müəllim, xanımınızla münasibətiniz necədi?

- Çox yaxşı. 1977-ci ildən ailə qurmuşuq. Ümumiyyətlə ailədə qarşılıqlı hörmət olmasa ailə uzunömürlü olmaz. Sevib seçmisənsə, niyə də hörmət etməyəsən... Şükür Allaha ki, uzun illərdir birlikdəyik. Mən elə təsəvvür edirəm ki, həyat yoldaşı yaxşı olanda, işlər də yaxşı olur.

- Sizə gələn bütün rol təkliflərini qəbul etmisiniz ya bəzilərində seçici olmusunuz?

- Mən hamısını qəbul edirəm. Seçici deyəndə ki, rejisor obrazı sənə uyğun bilirsə və sən imtina edirsənsə, artıq o sənin zəifliyindir.

- Hazırda türk seriallarına maraq daha çoxdu, nəinki Azərbaycan seriallarına. Sizcə bunun səbəbi nədir?

- “Bəyin oğurlanması”nda hava bürosunu yoxlayan  kişi var idi. Ondan filmlərlə bağlı nəsə soruşanda deyir ki, “elə çəkin ki, sizin də filmlərə baxsınlar”. Əslində seriallar da bizdə təzə-təzə çəkilir, tənqid etmək də istəmirəm.

- Məişət işlərindən nələri bacarırsınız?

- Mən bütün işləri bacarıram. Təmizlik, paltar yumaq, yemək bişirmək və s. Əslində insan bütün işləri bacarmalıdır. Amma məndə bu internat məktəbində oxumağımla əlaqədardır.

 

- Sonunçu sualımızı veririk. Mətbuatda “Lotu Quli” ləqəbiylə tanınan Nadir Səlifovun adı dolayısı ilə sizə aid olan bir məsələdə hallandı. O yazıları niyə dövriyyəyə buraxmışdılar?

 

- Yox, yox, “Lotu Quli”nin mənlə əlaqəsi yoxdur. Ola bilsin ki, oğlum olan həbsxanada minlərlə məhbus var idi. Ola bilər ki, həmin məhbuslardan biri də o olub. İçəridə hamı bir-birini tanıyır.

 

Nuranə DAXİLQIZI

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51