Modern.az

Ekspert dərs ilinin 14 iyunda bitməsinə qarşı çıxdı: “Məktəblərdə kondisioner də yoxdur"

Ekspert dərs ilinin 14 iyunda bitməsinə qarşı çıxdı: “Məktəblərdə kondisioner də yoxdur

Təhsil

10 İyun 2019, 17:36

Azərbaycanda orta məktəblər iyunun 14-ü bağlanır. Bu günlərdə havaların çox isti keçməsi şagirdlərin dərsə getmə həvəsini öldürür. Müşahidələr əksər təhsil ocaqlarında dərsə davamiyyətin zəiflədiyini göstərir. Dərs ilinin 14 iyuna qədər uzadılması neçə ildir etirazlar doğurur, rəsmi qurumlar isə məsələni müzakirə etmək istəmir.


Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bu gün Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil.


“Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin kefiyyətinin aşağı olmasına qədər xeyli həlli vacib problemlər var. Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz. Amma bunlarla bərabər, dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 15-nə kimi uzatmağa xüsusi bir şəraiti yoxdur. Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb”.

 

Ekspert deyib ki,  dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası dəyər, nəinki iyunun ortasında bitməsinin.


“Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var. Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Məsələn, bizim 6 yaşlı uşağı məktəbə göndərməyimizə rəğmən, dünya təhsilində nümunə sayılan Finlandiyada uşaqlar məktəbə 7 yaşdan gedir və s. Beynəlxalq təcrübəni əsas götürürüksə, bildiyim qədər, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması ta-rixləri, ənənəvi olaraq, iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Məsələn, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə 25 maydır. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. İranda və Türkyə də də dərslər sentyabr da başlayıb iyun ayında başa çatır”.


Müsahibimizin sözlərinə görə, beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır.


“Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənsin. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi