Modern.az

Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!”

Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!”

19 İyun 2019, 08:52

Modern.az saytında “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.


Rubrikanın növbəti təqdimatı aprel şəhidi Rəşad Niftalıyevə həsr olunur.  

Əslən Zəngilan rayonundan olan Rəşad Niftalıyev 1993-cü ilin 19 avqust tarixində dünyaya gəlib. Orta təhsilini Bakıdakı 64 saylı orta məktəbdə başa vuran Rəşad Gəncədəki Texnologiya Universitetinə qəbul olunub. 4 il oxuyub ali təhsilini başa vurandan sonra - 2015-ci ildə əsgərliyə gedib.  
Əsgər Rəşad Niftalıyev 2016-cı il aprelin əvvəlində cəbhənin Tərtər rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub. Aprelin 9-da Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salınıb. Rəşad Niftalıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Modern.az-ın Rəşad Niftalıyevlə bağlı suallarını atası Şakir Niftalıyev və anası Fərqanə Niftalıyeva cavablandırıb.


Şəhid atası oğlu bardədə danışmağa başlayan kimi göz yaşlarına hakim ola bilmədi. Sonra da  boğuq və titrək səsiylə Rəşad haqqında danışmağa başladı:


“Rəşadın dil açarkən ilk sözü “paka” (hələlik) sözü olub. Sanki bilirmiş taleyinin necə olacağını, bizdən ayrılacağını. Hamıya “paka” deyirdi. Rəşad çox ağıllı uşaq idi, uzaqgörən idi. Yaşının az olmasına baxmayaraq, özünü böyüklər kimi  aparardı. Ağlı, dərrakəsi də uşaq ağlında deyildi. Sanki uşaqkən böyük idi. Dost mövzusunda çox seçici idi. Yoldaşları, gəzib, deyib-güldüyü uşaqlar çox idi, amma dostu az idi. Bizim ona məsləhət verməyimizə heç vaxt ehtiyac olmayıb”.



Şəhidin anası dedi ki, oğlunun  ən yaxın dostu Pərviz olub.


“Doğurdan da dostluqda çox doğru seçim edibmiş. Pərviz hər dəfə bizim xəbərimiz olmadan Rəşadın məzarını ziyarət edir. Bacım həmin qəbirstanlığa yaxın yaşayır. Pərvizi tez-tez orda görür…
Rəşad sanki bu dünyanın uşağı deyildi. Bir insanın dərdi olanda onun qayğısını çəkər, fikrini edərdi”.

Anası Fərqanə xanım oğluna daim “sən bu zamanənin uşağı deyilsən, bala” deyirmiş.

“Rəşad sözünə düz insan idi. Deyirdisə 1 saata evdəyəm, mütləq 1 saatın tamamında evdə olardı”.

Rəşad Allahını tanıyan, ona səcdə edən oğlan olub.

Rəşad bir dəfə Gəncədə universitet oxuyarkən bir qızla dost olur. O, Zəhra adlı həmin qızı anasıyla da tanış etmək istəyirmiş… Anası dindar, namaz qılan xanım olduğundan Rəşad Zəhranın da namaz qılmağını istəyirmiş. O, anasıyla Zəhra arasında münasibət qurur. Zəhra Fərqanə xanımdan namaz qılmağı öyrənir. Rəşad Zəhraya dost gözüylə baxsa da, Zəhranın Rəşada qəlbində gizlədiyi bir sevgisi var idi. Fərqanə xanım hiss etmişdi bunu. Bir qadını, onun hisslərini ancaq bir qadın anlayar.

Sonuncu zəngində anası Rəşada Zəhra üçün elçi getmək təklifini etsə də, o, bundan boyun qaçırmışdı. Rəşad anasına “ana, mən Zəhranı dostum kimi çox istəyirəm. Bir də açma bu söhbəti” demişdi.


Anası Rəşaddan “bəs nə vaxt evlənmək istəyirsən” soruşanda, o, “ana, mən 28 yaşından tez evlənməyəcəm” deyib.


Rəşaddan sonra çox sarsılmışdı Zəhra. İndi də Fərqanə xanımla əlaqəni kəsməyən Zəhra Fərqanə xanımın mənəvi qızına çevrilib. Zəhra indi baqşqasıyla evlidir. Uzun müddət uşağı olmurmuş. Fərqanə xanımın sözlərinə görə, Rəşad Zəhranın yuxusuna girdikdən sonra Zəhranın bətninə uşaq düşüb.
“Bu sanki bir möcüzədir. Bəlkə də Rəşadın Allaha olan bağlılığı və Zəhra üçün narahatlığından yaranıb bu möcüzə, nə bilmək olar”, - Şəhid anası deyir.


Şəhidin atası:

“Məndən heç vaxt pul istəməzdi. Mən biləndə ki uşaqlarla gəzməyə çıxacaq, özüm aparıb pul qoyardım cibinə. Elə olurdu yoldaşlarıyla gəzməyə gedəndə bir də görürdüm ki, yarım saat keçdi qayıtdı evə. Soruşanda ki, bala, niyə tez qayıtdın? O, “ata, uşaqlar özlərini yaxşı aparmadı, küçədə möhkəm danışıb-güldülər, mərifətsiz danışdılar. Xəbərdarlıq elədim, məhəl qoymadılar, mən də geri qayıtdım” deyirdi.

Rəşad biraz da qaraqabaq uşaq idi. Evdə səs yüksəkdən gələndə qapını tez bağlayar, qadınlara “sakit danışın, camaat eşidir” deyirdi. Anasıyla gəzməyə çıxanda onun hicabına, geyiminə diqqət edərdi”.


Fərqanə xanım: “Hicabımı həmişə əliylə düzəldər, “saçın görsənir, ana, gəl düzədim” deyərdi”.

Rəşad həm də zarafatcıl idi. Anasını qucaqlayanda “ana, əllərim çatmır qucaqlaya bilmirəm səni, arıqla bir az, rahat qucaqlaşaq” deyirmiş.


O, futbolla çox maraqlanarmış. “Qarabağ” komandasına azarkeşlik edirdi. Türkiyədən “Qalatasaray”ı dqqətdə saxlayırdı.

Ali məktəbə qəbul olunanda universitet seçimini atası yazıb, kodlaşdırmışdı. Lakin Rəşad “müəllimimə göstərim, o da baxsın” deyib. Müəllimi isə Gəncə Texnologiya Universitetini 1-ci yerdə yazıb.

Şakir Niftalıyev:

“Mən seçim edərkən Bakıdakı İqtisad Universitetini (UNEC) birinci yerdə yazmışdım. Müəllimi  seçimdə dəyişiklik eləmişdi. Amma indi deyirəm ki, nə yaxşı ki, elə Gəncədə oxudu. Bizdən ayrı qalmağa öyrəşdi.

Rəşad sirr saxlayan, söz danışmağı sevməyən oğul idi. Özü və ətrafı barədə hər şeyi özündə saxlayardı.

Onun dəfnindən sonra qrup yoldaşları bizə gəlmişdilər. Onlar deyirdilər ki, “biz Rəşadı “ağsaqqal” deyə çağırırdıq”. Hamıya tərbiyə verərdi. Yoldaşları “Topaz”a pul yatıranda onlara əsəbləşər, məsləhət verərdi”.

Rəşad hərbi xidmətə iyul ayında yollanıb. Sentyabrda andiçməsi olub və oktyabrın 4-də Gəncədən Tərtərə yola salınıb.

Şəhidin atası:

“Bizi bir dəfə də olsun qoymadı yanına getməyə. Mənə söz deyə bilmirdi, amma anasına deyirdi ki, yarım saatdan ötrü niyə gəlirsiz, gəlməyin. Axrıncı dəfə mart ayında getmək istədim yanına. Yenə imkan vermədi ki, “biz təlimlərə gedirik, baş qarışıqdı”. İndi peşman olmuşam. Kaş gedərdim, sözünə qulaq asmazdım.

Əsgərliyi dövründə bir dəfə belə gəlmədi məzuniyyətə. Bizim qohum var, onun oğlu məzuniyyətə gələndə Rəşadı da məzuniyyətə buraxıblar. Lakin Rəşad gəlmək istəməyib. Döyüş vaxtı həmin qohumun uşağı ailəsinin yanında idi.

Rəşad isə məzuniyyətini sən demə anasının ad gününə saxlayırmış. May ayının 18-i anasının doğum günü olacaqdı. Süpriz eləmək istəyirmiş. Əcəl imkan vermədi. Elə oldu ki, Rəşadın 40-cı günü anasının ad gününə düşdü.

Evdən pul istəməzdi. Sadəcə bir dəfə məndən 30 manat istədi. Onu da Yeni il şənliyi keçirilirmiş, o mqəsədlə yığırlarmış. Mən də 50 manat yolladım. Yenə pul yollamaq istəyəndə dedi ki, “ata, mən manqa komandiri keçmişəm, 41 manat pul alıram. Pula ehtiyacım yoxdu””.
 


Rəşadın evinə sonuncu zəngi 2016-cı il mart ayının 27-də olub. Sanki olacaqlardan xəbərdarmışcasına həmin gün hər kəsə - ailəsinə, dostlarına, qohumlarına zəng edib, hal-əhval tutub.

Atası Şakir Niftalıyev: “Hər şey yaxşı idi. Çox rahat idik.  Sonra həmin o günlər...  Hamı kimi biz də erməni təxribatı nəticəsində düşmənlə döyüş başladığını bildik.  Aprelin 1, 2, 3-ü zəng vurmadım. Çünki bizə onu axtarmaq üçün telefon nömrəsi saxlamamışdı. Gözləyirdik ki, həftə tamamında özü zəng vuracaq.  Həm də evdə anası ilə belə məsləhətləşmişdik ki, aprelin 9-u gedib onu görək. Çünki martda - Novruz bayramda nə illah elədiksə, qoymadı ki, yanına gedək.  Qonum-qonşular da, özümüz də artıq narahatlıq keçirməyə başladıq, zəng etdim hərbçi tanışlarıma, soraqladım, dedilər ki, onlar cəbhəyanı ərazilərdə səngər qazırlar”.  

Aprelin 2-si... Neçə-neçə igidlərimizin şəhid olduğu həmin gün  Rəşadı da itirmişdik.


Rəşad sinəsindən və qıçından güllələnib. Bir həftə üzü üstdə soyuq torpaq üstündə qalıb. Aprelin 8-nə qədər ailə bütün olanlardan xəbərsiz imiş.

Şakir Niftalıyev:

“Aprelin 3-də  hansısa xəbərlər proqramındasa həyat yoldaşım Fərqanə Tərtər tərəfdə bomba atılmış bir kadr gördü. Dedi ki, bu oğlumuzun olduğu hərbi hissədir. Çünki ötən il oktyabrın 4-də getmişdik yanına. Həqiqətən də həmin hissəyə mərmi düşmşüdü.  Ondan sonra narahatlığım tamam artdı.  Aprelin 8-i anası daha rahat dayanmadı. Məni tələsdirdi ki, get uşaqdan bir xəbər öyrən. Səhər açılar-açılmaz  o başdan, saat 4-də böyük qardaşımla yola düşdük  Tərtərə.  Tərtərdə onların dislokasiya edildiyi hərbi hissənin  girişində oğlumun adını verib soruşanda, növbətçi hərbçi təlaşlandı. Elə bil rəngi də qaraldı...”.

Onları həmin hərbi hissədə çox gözlədirlər, deyirlər, indi xəbər veriləcək. Əslində oğlunun yoxluğu xəbərini verməyə kimsə cürət etmirdi. Bir neçə saatdan sonra Şakir müəllimə və qardaşına bir kağız uzadıb deyirlər ki, sənin olğun itkinlər siyahısındadr. 
Şakirin əl-qolu qırılıb yanına düşür. Çılğın bir səslə qışqırır ki,  “... necə yəni itkin?..”, sonra oğlunu axtarmağa Yevlaxa gedir. Orada da yaralı  əsgərlər içərisində tapmır.  
Daha sonra isə, ataya deyirlər ki, oğlun həlak olub. 

Həmin gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, həlak olub təmas xəttində qalan hərbçilərin meyitləri qaytarılır. Qaytarılan  əsgərlərin içərisində Şakir Niftaliyevin oğlu Rəşad da olur. Ata bircə onu deyir ki, “icazə verin, oğlumun üzünə baxım”. Gecə saat  12.00-da oğlunun cansız bədənin  ağ örpəyini üzündən  açıb ataya göstərirlər...

“O idi, mənim Rəşadım idi. Üzünü açanda gördüm ki, oğlumun “işiğı sönməyib”, mən onun üzündə gülüş görürdüm”.

Atası deyir ki, Rəşad sanki ölməyib, sadəcə 1 neçə saatlıq yuxuya getmişdi.

“Bir həftə soyuq torpaq üstdə qalan insana oxşamırdı. Sanki yatmışdı və bir azdan açacaqdı gözlərini. Əslində ölən insanın “işığı sönür”. Deməli Rəşad ölməmişdi. Axı Şəhidlər ölmür. Üzündəki gülümsəmə şəhidlik zirvəsinə ucalmasının sevinci idi sanki”.

Və dünyası yerlə yeksan olmuş, arzuları çilik-çilik çiliklənmiş ata, əli hər şeydən üzülmüş halda, yenidən Bakıya qayıdır... Yol boyu fikirləşir ki, axı oğlundan xəbər gətirməyə getmişdi, indi evdə gözləyənlərə - Rəşadın anasaına, nənəsinə, bibisinə, qardaşına nə desin... 

Aprelin 9-da Rəşadın nəşi Bakıya gətirildi.


Fərqanə xanım:

“Mənə əvvələr yaşından cavan görünürsən deyəndə xoşum gəlirdi. İndi isə əsəbləşirəm. Qocalmaq və əbədi dünyaya, haqq dünyasına getmək istəyirəm. Oğluma qovuşmaq istəyirəm. O günü səbrsizliklə gözləyirəm”.

Rəşadın əsgərlikdə ən yaxın dostu Tural Dadaşov və Mahir Quliyev idi. Mahir məzuniyyətə gələndə Rəşad ailəsinə bir-iki şey tapşırmışdı ki, Mahirə versinlər. Atası Şakir bəy Mahirlə əlaqə saxlayırdı. Mahir isə “narahat olmayın, mən gedəndə sizə xəbər edəcəm” deyirdi. Mahirin məzuniyyəti bitəndə Şakir bəyə xəbər etmədən Rəşadın istədiklərini dostu üçün alıb aparıb. Mahirlə Rəşad dost olduqları kimi hazırda Fərqanə xanımla Lalə xanım (Mahirin anası) çox yaxın rəfiqədirlər. Lalə xanımla sanki bacı kimi bir-birlərinə yaxın olduqlarını söyləyən Fərqanə Niftalıyeva “oğlum dostluqda seçici olmaqda mənə oxşayıb” deyir.


Rəşad Niftalıyev əsgərliyi bitirincə iş tapıb ailəsinə kömək etmək istəyirdi. Ailəsinə həmişə “işləyib sizin borcunuzdan çıxacam” deyirdi. Amma qismət olmadı...

 

Nuranə DAXİLQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər