Modern.az

AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir

AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir

11 İyul 2019, 17:46

Bu gün  Azərbaycanın  iki  komandası  UEFA Avropa  Liqasında  mübarizəyə  başlayacaq.

 

Modern .az –ın məlumatına  görə, I təsnifat  mərhələsinin  ilk  görüşündə "Neftçi" və "Səbail" komandaları iki qonşu ölkə - Moldova və Rumıniyanın təmsilçiləri ilə üz-üzə gələcək. Flaqmanı qəbul edəcək "Sperantsa" və "Universitatya"nın Bakıda qonaq olacağı "Səbail" avrokubokların debütantlarıdır.

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov oyunla bağlı Modern.az-a bunları bildirib.

“Xatırladım ki, Azərbaycan 1994-cü ildən Avro Liqada yarışlar keçirir.  Bugünkü oyun da standart oyunlardan hesab olunur. Hər bir klub Avro Liqada iştirak etməklə özünə təcrübə qazanmış olur. Təcrübə qazanmalarına baxmayaraq, bizim klublar Avropa kuboklarında uğur qazana bilmir. Son illər davamlı olaraq  Qarabağ, iki dəfə  Qəbələ, bir dəfə də  Neftçi qrupda oynayıb.

 

Aydın Bağırov bugünkü oyunda “Neftçi”ni favorit hesab edir.

 “Mustevar və Dabo zədə aldıqları üçün oyunu sadəcə izləyə biləcəklər. Əsas oyunçuların iştirak etməməsi yəqin ki, oyunun gedişatına da müəyyən təsirini göstərəcək. Səbail komandası da ilk dəfədir  Avro liqada oynayacaq.  Neftçi ilə müqayisədə o qədər də təcrübəli deyillər. Hər halda uduzsalar belə  faciə hesab olunmaz. Əksinə onlara bir sınaq olar ki, növbəti oyunlarda daha da yaxşı oyun nümayiş etdirə bilsinlər”.

 

CBC Sportun şərhçisi Gündüz Abbaszadə Modern.az saytına danışarkən qəqibi ilə müqayisədə Neftçini daha şanslı hesab etdiyi söyləyib.

“Komandaların uğurlu oyun nümayiş etdirəcəyini əvvəlcədən bilmək olmur.  Həm Neftçi, həm də Səbail bizim üçün sirlidir. Ona görə ki, hər iki komandaya yeni transferlər olub. Oyunçuların komandaya uyğunlaşa bilib - bilməmələrini oyunun gedişatında hiss etmək olacaq”.

 

Gündüz Abbaszadə “Neftçi”nin də, “Səbail”in də mərhələ keçəcəyinə inamını ifadə edib.

“İstənilən məqamda Neftçi bu mərhələni keçə bilməsə bu bağışlanmaz bir haldır. Nədənsə düşünürəm ki, Neftçi bu mərhələni keçəcək. Səbail komandası haqqında onu deyə bilərəm ki , ən çətin rəqib onun püşkünə düşüb. Avro kuboklarda ilk dəfə  çıxış edəcək. Reytinqi digər komandalarla nisbətdə aşağıdır. Ancaq Səbail komandası bizlərə surpriz də edə bilər. Mütləqdir ki, öz reytinqi üçün uğurlu nəticə əldə etsin. Səbirsizliklə bu matçları gözləyirəm.  Ümid edirəm ki, hər 3 komandamız növbəti mərhələyə vəsiqə  qazanacaq. Qarabağı da bura aid edirəm”.

 

 Jalə Qəhrəmanqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir