Modern.az

Deputatlar viza ləğvi HAQDA: “Türklər ölkəmizə daha çox gəlməyə can atacaqlar”

Deputatlar viza ləğvi HAQDA: “Türklər ölkəmizə daha çox gəlməyə can atacaqlar”

25 İyul 2019, 17:25

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu bununla bağlı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb.

 

Xatırladaq ki, bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.

 

Modern.az bununla əlaqədar deputatlarımızın da fikirlərini öyrənib.

 

Milli Məclisin üzvü Tahir Rzayev saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkiyə qardaşlığı daimidir:

 

“Bunu tarix sübut edir. Həmişə ən çətin məqamda Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olub. Bizi tarixi, milli, mənəvi əlaqələr birləşdirir. Uzun əsrlərdir davam edən əlaqələrimiz bu gün inkişaf edir. Azərbaycan tərəfindən Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi çox müsbət haldır. Ölkə rəhbərliyinə bununla əlaqədar minnətdarlığımızı bildiririk. Çünki Azərbaycan həmişə deyildiyi kimi, Türkiyəyə dəstək verir. Qardaş ölkənin vətəndaşlarının ölkəmizə rahat gəliş-gedişi turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. Digər tərəfdən, onların tez-tez və kütləvi halda gəlməsi üçün şərait yaranır. Bu, ticarətə, mədəniyyətə, ümumilikdə ölkəmizə çox fayda verəcək. Prezidentin sərəncamı qarşılıqlı əlaqələrin daha da inkişafına, iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə təkandır”.

 

Deputat Sona Əliyevanın fikrincə, ölkə başçısının sözügedən sərəncamı iki ölkənin yaxşı münasibətləri fonunda çox əhəmiyyətli və müsbət addımdır:

 

“Bu həm də iqtisadi, təhsil əməkdaşlığı baxımından çox səmərəlidir. Çünki iş adamlarının Azərbaycana səfərlərini, təhsil məqsədləri üçün ölkəmizə gələnlərin işini daha asan və sərfəli edir. Turistlər üçün də həmçinin, müsbət şərait formalaşır. Baxmayaraq ki, azərbaycanlılar Türkiyədə istirahətə daha çox maraq göstərirlər, türklər də ölkəmizə daha çox gəlməyə can atacaqlar. Əsas isə odur ki, artıq Azərbaycan və Türkiyə bütün sferalarda əməkdaş, strateji tərəfdaş, ən əsası dost ölkə olmaları ilə bağlı bütün addımları atıblar. Bizi ortaq tarix, mədəniyyət, dil, din, dostluq, qardaşlıq və ümumi maraqlar birləşdirir”.

 

Deputat Cavid Osmanov Türkiyə vətəndaşlarına viza rejiminin ləğv olunmasını təsadüfi hesab etmir. Onun sözlərinə görə, məlum sərəncam zərurətdən yaranan addımdır:

 

“Azərbaycan-Türkiyə iki qardaş dövlət, qardaş xalqdır. Bu baxımdan hər zaman bir-birinə dəstək olan, həm dövlət, həm də xalqlar səviyyəsində əl tutan ölkələrin nümayəndələriyik. Vizanın ləğvi heç təəccüblü deyil. Turistlərin Azərbaycana gəlməsinə daha yaxşı imkan yarandı. Haqqında danışdığımız addımdan iqtisadi, turizm, dostluq qardaşlarının möhkəmlənməsi cəhətdən çox şey gözləyirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır