Modern.az

Nazirlik şagirdlərin elektron yerdəyişməsi prosesinə aydınlıq gətirdi  

Nazirlik şagirdlərin elektron yerdəyişməsi prosesinə aydınlıq gətirdi  

19 Avqust 2019, 18:22

Təhsil Nazirliyi şagirdlərin elektron yerdəyişməsi ilə bağlı suallara aydınlıq gətirib.

Modern.az sual-cavabı təqdim edir: 

 

Şagirdlərin elektron yerdəyişmə prosesi hansı mərhələlərdən ibarətdir?

 

Bu proses valideynin elektron sorğu yerləşdirməsi, sorğunun məktəb tərəfindən təsdiq olunması və valideyn tərəfindən çıxma əmrinin məktəbdən götürülərək yeni məktəbə təqdim olunması mərhələlərindən ibarətdir.

 

Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur?

 

Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS ( Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur.

 

Qeydiyyat prosesi necə həyata keçirilir?

 

Sistemdən istifadə üçün əvvəlcə www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini ) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərədə daxil edir və qeydiyyat tamamlanır. Qeydiyyat tamamlandıqdan sonra valideyn FİN və ya UTİS kodu ilə uşağın məlumatlarını əldə edir.

 

Yerdəyişmə sorğusuna hansı halda imtina verilə bilər?

 

Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün deyildir. Xarici dil uyğunsuzluğu olduğu təqdirdə sorğu şəhər və ya rayon təhsil şöbələri tərəfindən təsdiq, yaxud inkar edilə bilər.

 

Sistem nə vaxtadək aktiv olacaq?

 

Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

 

X-XI siniflərdə yerdəyişmə necə icra olunacaq?

 

Qeyd olunan siniflərlə bağlı yerdəyişmə elektron sorğuların sistem üzərindən müvafiq təhsili idarəetmə orqanı tərəfindən təsdiq edildiyi halda mümkün olacaq.

 

Xaricdən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq?

 

Valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşaraq övladının təhsil bazasına daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı təhsil bazasına daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

 

Lisey siniflərinə yerdəyişmə hansı formada olacaq?

 

Liseylərin və məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçiriləcək.

Qeyd edək ki, 2019-2020-ci ilin tədris ilində liseylərin və məktəb-liseylərin lisey siniflərinə qəbul imtahanlarında artıq iştirak etmiş və qəbul olmuş şagirdlərin yerdəyişməsi valideynin iştirakı olmadan müvafiq təhsili idarəetmə orqanı tərəfindən tənzimlənəcək.

 

Sorğuya məktəb tərəfindən neçə gün ərzində cavab veriləcək?

 

Valideynin sistemə daxil etdiyi müraciəti bir və yaxud iki gün ərzində cavablandırılacaq. Valideyn FİN kodunu daxil edərək səhifəsinə gələn məlumatla tanış ola bilər.

 

Alternativ qeydiyyat mərkəzləri harada fəaliyyət göstərir?

 

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə qeyd olunmuş ünvanlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdlərinin yerdəyişməsi məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə aşağıdakı məktəblərdə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək:

Səbail rayonu üzrə 7, 163, 236 nömrəli

Nizami rayonu üzrə 12, 272, 145, 214 nömrəli

Nəsimi rayonu üzrə 19, 44, 247 nömrəli

Yasamal rayonu üzrə 18, 21, 60 nömrəli

Nərimanov rayonu üzrə 57, 82, 177 nömrəli

Xətai rayonu üzrə 17, 24, 116, 165, 191 nömrəli

Sabunçu rayonu üzrə 69, 74, 75, 78, 128, 130, 170 nömrəli

Suraxanı rayonu üzrə 84, 76, 279, 285, 315 nömrəli

Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288 nömrəli

Xəzər rayonu üzrə 117, 120, 156, 181, 234 nömrəli

Pirallahı rayonu üzrə 235 nömrəli

Binəqədi rayonu üzrə 83, 102, 182, 297, 313 nömrəli tam orta məktəblər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...