Modern.az

İntriqadan uzaq, hamı ilə eyni məsafədə... - Baş redaktorlar Modern.az-ı belə TƏBRİK ETDİLƏR

İntriqadan uzaq, hamı ilə eyni məsafədə... - Baş redaktorlar Modern.az-ı belə TƏBRİK ETDİLƏR

1 Sentyabr 2019, 16:30

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 10 ili tamam olur. 

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

10 yaşı münasibətilə tanınmış jurnalistlər, ekspertlər, millət vəkilləri, oxucular – bir sözlə media ilə əlaqəli olan hər kəs tərəfindən təbrik seli davam edir.


Baş redaktorlar da təbrik edənlər sırasında oldular. Onların 10 yaşlı saytımıza ürək sözlərini təqdim edirik:

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov:


“Modern.az-ın yarandığı dövr Azərbaycanda onlayn medianın öz yerini tutmağa başladığı bir zamana təsadüf edir. Ona görə də Modern.az ölkəmizdə mətbuatın bu müasir istiqamətinin əsasında duran KİV-lərdən biridir. On il ərzində media texnologiyaları irəliyə doğru xeyli dəyişikliklərə məruz qalıb. İstənilən media qurumu da çalışır ki, yeni trendlərdən geri qalmasın. Bunu da sizin timsalınızda görmək mümkündür. Əsas amillərdən biri də odur ki, Modern.az-ın yaradıcı kollektivi sosial şəbəkələrin və mobil texnologiyaların hər bir sahəyə diktə etdiyi yeni tendensiyalar fonunda jurnalistika prinsiplərini yaşadaraq onları fəaliyyətinin əsas nüvəsi kimi qəbul edib. Düşünürəm ki, eyni vaxtda yeni texnologiyalarla ayaqlaşmağın və jurnalistika ənənələrini yaşatmağın öhdəsindən modern.az bundan sonra da məharətlə gələcək. Bunu sizin keçdiyiniz yol və fəaliyyətinizdə rəhbər tutduğunuz prinsiplər deməyə əsas verir.

Modern.az-ın hər bir əməkdaşını 10 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivi adından ürəkdən təbrik edir, sizə fəaliyyətinizdə uğurlar, media məkanında daha yüksək mövqelər arzu edirik”.


"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: 


“Modern.az saytının yaranması , atdığı ilk addımlar mənim gözlərim önündə baş verib. Bu saytın həniri, necə deyərlər, kürəyimdə olub. 

On il bundan qabaq Modern.az fəalliyyətə başlayanda “525-ci qəzet”in binasında yerləşirdi. Modern.az-ın azsaylı, amma həvəsli və qaynayan jurnalist kollektivi üçün bir otaq ayırmışdıq. Onlar daim xəbər axtaran, yeni medianın sırasına qoşulmaq istəyən cəfakeşlər idilər. Mənim əziz dostum Elşad Eyvazlının rəhbərlik etdiyi Modern.az peşəkar redaktor Əfqan Qafarlının da əziyyəti sayəsində bu gün oxunaqlı saytlardan birinə çevrilib. 
Modern.az çətin günlərdə əzmkarlıq nümayiş etdirərək bugünkü səviyyəyə gəlib çatıb. Bir çox saytlardan fərqli olaraq Modern.az bu səviyyəyə addım-addım irəliləyərək, oxucuların etimadını, etibarını qazanaraq yüksəlib, ucuz və asan reytinq ardınca qaçmayıb, təmkinli və ciddi mətbuat orqanına çevrilib.
10 yaşlı Modern.az... 
Həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, bir zamanlar fəaliyyətə başlayanda nələrin baş verəcəyindən, qarşıda onları nələrin gözlədiyindən xəbərsiz olan Modern.az-ın bu gün artıq böyük ordu hesab edilən oxucuları var. Kədərlənməyimin səbəbi isə illərin belə sürətlə ötüb keçməsidir. 
Modern.az-ın rəhbəri, əziz Elşad Eyvazlını və saytın bütün kollektivini ürəkdən təbrik edirəm. Siz lazım olanı edibsiniz. Media yenilikçi olmağı tələb edir ki, bunu da Modern.az layiqincə bacarır. Bu 10 ildən Modern.az alnıaçıq çıxıb, peşəkarlıq nümayiş etdirərək yüksək səviyyəli işlər ortaya qoyub. 
10 yaşınız mübarək!”.


“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı:


“Modern.az saytının 10 yaşı tamam olur. Bütün Modern.az-çı həmkarlarımı, dostlarım Elşad Eyvazlını, Əfqan Qafarlını ürəkdən təbrik edirəm.

Azərbaycanda media adına iddia edənlər çoxdur. Amma sözün əsl mənasında media, Jurnalistika adına haqq edənlər, layiq olanlar azdır. Barmaqla sayılacaq qədər az. Azların arasında böyük olmağı, təmkinli, peşəkar, ləyaqətli olmağı bacarmaq asan məsələ deyil. Əslində bu gün jurnalistika, Azərbaycan jurnalistikası sadəcə, peşə və xəbərçilik demək deyil. Həm də Vətənpərvərlikdir. Adamları Vətən saymaqdır. Azərbaycanlıları Azərbaycan kimi görməkdir. Media - bu gün Qarabağdır, Qəhrəmanlıqdır, Şəhidlikdir. Olumla ölüm arasında çarpışmaqdır. Bu çarpışmada Vətən naminə ölümü seçə bilməkdir. Qarabağlı ola bilməkdir. Bu mənada Modern.az Vətənə, Azərbaycana ən yaxın, ən doğma saytdır. Əzizlərim, doğmalarım yaşınız mübarək!!!”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: 


“Modern.az mediada modernizmin əsintisi oldu.

Modern.az saytının 10 ili tamam olur. Bu münasibətlə qurucu baş redaktor, əziz dostum Elşad Eyvazlı və bütün kollektivi ürəkdən təbrik edirəm. Modern.az ölkə mediasında, sözün həqiqi mənasında və adındakı konseptə uyğun olaraq, modernizmin, mobilliyin bir əsintisi oldu. Tərəfsiz və çoxrakurslu baxış bucağı ilə seçilən sayt bu illər ərzində özü ilə bərabər, çoxlu imzaları da yaratdı, tanıtdı.

Modern.az saytı fərqli və özünə xas olan xəbər istehsalçısına çevrilməyi bacarıb. Bu sayt oxucu və rəy liderləri tərəfindən ciddi qəbul olunur, mötəbər mənbə sayılır. Yaxşı nəticədir. İnanıram ki, yaxın gələcəkdə də bir çox yenilik və tapıntılarla, fəaliyyətini daha da yüksələn xətt üzrə davam etdirəcək.

Uğurlar diləyirəm!”


 “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:


“10 il əzmlə addımlayan, bütün çətinliklərə rəğmən yaşayan, inkişaf edən, Azərbaycanın media platformasında özünəməxsus yer tutan Modern.az saytının kollektivini təbrik edirəm! Bu saytı yaranan gündən özümə doğma bilmişəm. Mənə elə gəlir ki, mediada Elşad Eyvazlını tanıyan hamı bu hissi yaşayır! Sayta və kollektivə yeni-yeni uğurlar arzulayıram!”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:


“Əziz "Modern"çilər, yeni medianın ilk qaranquşu, bünövrədaşlarından biri olaraq 10 il yol gəlmisiniz. Peşə dəyərlərinə sayğı göstərən, mətbuatımızın monoton olmasının qarşısını alan,müxtəliffikirliyə önəm verən fəaliyyətiniz həmişə diqqət çəkib. Sıralarınızda onlarla peşəkar jurnalist yetişib və bu gün də yetişməkdədir. 10 il az vaxt deyil. Başda Elşad Eyvazlı olmaqla sükanı möhkəm saxlamağınızı arzu edirəm”.

 

 “Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud:


“Yeni dövr Azərbaycan mediası haqqında danışanda Modern.az saytının adını çəkməmək mümkün deyil, özü də ilklər sırasında... Məni tanıyanlar bilir ki, lüzumsuz pafosdan uzaq biriyəm. Amma həqiqət pafos yaradırsa, bunu ifadə etməkdən də çəkinmirəm. Mən sevinirəm ki, jurnalistikaya təxminən eyni dövrdə gəldiyimiz uşaqlar içində Elşad Eyvazlı, Əfqan Qafarlı sıyrılaraq ortaya çıxıb, belə bir layihə yarada biliblər.

İstənilən bir uğuru qiymətləndirmək üçün əsas şərtlərdən biri məhz davamlılıqdır. Modern.az saytının qiymətləndiriləcək ən başlıca xüsusiyyəti məhz davamlılığı qoruyub saxlamaqdır. Bu xəbər portalı heç bir pafosa yol vermədən, sensasiya ardınca düşmədən, öz təmkinli dəst-xəttini qoruyaraq, yoluna davam edir. Adamda belə bir hiss yaranır ki, bu kollektiv öz yoluna daim bu şəkildə, özünəməxsus qaydada davam edəcək.

Bu gün vəziyyət elədir ki, hər hansı bir medianı qiymətlədirmək üçün onu götürüb ayrıca təhlil etmək olmaz. Bu sayta da ölkə mediasının fonunda qiymət vermək daha yaxşı olardı. Məhz bu fonda Modern.az-ın özünəməxsus varlığı bizi sevindirir... Yanımızda belə dəyərli və peşəkar həmkarlarımız var, onlarla birlikdə bu çətin yolda davam etmək zövqlüdür.

Modern.az həm də ona görə sevilməlidir ki, ölkə mediası arasında intriqadan uzaq, hamı ilə eyni məsafədə dayanaraq, həmrəylik nümayişi sergiləyə bilir.

Sentyabrin 1-də dəyərli Modern.az saytı 10 illiyini qeyd edir. Bu peşəkar kollektivi “Qafqazinfo” olaraq təbrik edir, onlara daim yüksək mövqedə dayanmağı arzulayırıq.

Modern.az, məncə, öz dəyərli keçmişindən uzaqlaşmamağı, bu çətin zamanda özünü qoruyub, saxlamağı bacarsa, elə bu ən böyük yeniliklərdən biri olardı...”.

 “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev:



“Əslində hər bir media qurumunun fərqli informasiya siyasəti var. Düşünürəm ki, gözlərimizin önündə 10 yaşa qədər böyüyən, “yeniyetməlik” dövrünü yaşayan Modern.az bu siyasəti uğurla həyata keçirməkdə davam edir. 
Modern.az həm də fərqli bir informasiya siyasəti həyata keçirir, maraqlı layihələri, dəqiq və qərəzsiz xəbərləri ilə obyektivliyini qorumağda israrlıdır. Azərbaycan media məkanında elə layihələr olub ki, o yalnız Sizə məxsusdur. 
Hesab edirəm ki, bu yaş çərçivəsində - yəni 10 yaşlı bir media qurumunun edə biləcəklərini həyata keçirməyi bacarmısınız. Əlbəttə ki, yolunuz uzundur. Nəyi necə edə biləcəkləriniz imkanlarınıza hesablanmalıdır. Çox istərdim ki, fərqliliyiniz və oxucularınızın etimadını sonadək qoruyasınız. 
Təbrik edir, Modern.az-da çalışan həmkarlarıma uğurlar arzulayıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi