Modern.az

Evləri köndələn...KIV

Evləri köndələn...KIV

9 Sentyabr 2009, 17:29

Milli Məclisin deputatlarına ev paylanıb. Sağlıqlarına qismət. Qanunvericilik orqanında yorulmadan çalışan deputatların ev, mənzil almağa tam haqqı var. “Modern.az” saytından bu xəbəri oxuyandan sonra yadıma özümüzün problemi düşdü.  Jurnalistlərin mənzil problemi... Qırxıncı qapıya dönmüş bu problem neçə vaxtı qəzet səhifələrini, oxucu qulaqlarını yağır edib.  Bu məmləkətdə jurnalist və şəxsi ev bir-biri ilə düz gəlməyən tərs mütənasibdir. 2005-ci ildə Parlament Jurnalistləri Birliyi bu təkliflə çıxış edəndə böyük ajiotaj yaratdı və jurnalistlərin arzularını xeyli qanadlandırdı.  Hamı sadəlövhcəsinə düşünürdü ki, mediaya tezliklə ev tikmək üçün torpaq ayrılacaq və jurnalist şəhərciyində hamı şad-xürrəm yaşayacaq. Amma sən öz saydığını say, gör Hacıbala müəllim nə sayır...
2005-ci ilin günəşli payız günlərinin birində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala müəllim kəmali-ədəblə bizi qəbul etdi.. Amma bu qəbula düşmək üçün jurnalistlərə bolşeviklərin Qış sarayına hucumu kimi Bakı Şəhər İcra Hakimiyyətinə “ştrum” eləmək lazım gəldi. 50 -ə yaxın jurnalistin təkidi və piketindən sonra cənab Abutalıbov bizi qəbul etməyə məcbur oldu. Yadımdadır, həddən artıq böyük və geniş otaqda ( belə otaqlar adətən 30-cu illər barədə olan filmlərdə partiya rəhbərlərinin iş yeri kimi göstərilir) oturan jurnalistlərə Hacıbala müəllim ciddi-cəhdlə başa salmaq istəyirdi ki, Bakıda boş torpaq yoxdur. O zamandan indiyə qədər  Bakıda jurnalistlərə ev tikmək üçün 100 sot torpaq tapılmır. Məsələ heç də torpaqda deyil, məsələ jurnalistlərə olan münasibətdədir. 
Qəribədir ki, jurnalistlərin mənzil məsələsi ən yüksək dairlərdə dəstəklənsə də, ortada nəticə yoxdur. Hamı məsuliyyəti bir-birinin üzərinə atır.  İndi də təklif edirlər ki, KİV-ə Dövlət Dəstəyi Fondunun elçi daşı üstündə oturaq. Ora ayrılan pullardan baş redaktorlar evsiz jurnalistlərin xətrinə imtina etsələr bəlkə məsələ düzəldi.  Nə olar, bunu da sınayarıq. Onsuz da islanmışın yağışdan nə qorxusu! 
Son sorğulara görə jurnalistika gömrük və digər sahələr kimi Azərbaycanda maraqlı sahələr siyahısına düşüb. Jurnalistikanın zahiri parıltısı uzaqdan çoxlarını çaşdırsa da, işin içində olanlar vəziyyətdən halidirlər. Azərbaycan jurnalistləri ən müdafiəsiz, sosial problemlər girdabında çabalayan bir toplumdur. Halbuki, bu kəsimin normal yaşaması üçün hər cür imkanları  var. Bu sahədə olan təşkilatsızlıq, idarəetmə xaosu əslində medianın inkişafını istəməyənlər üçün əlavə kozurdur. Çünki, jurnalistlərin normal həmkarlar ittifaqı olsaydı o zaman mənzil, sığorta, əmək müqaviləsi, pensiya kimi məsələlər havadan asılı qalmazdı.  Media haqqında əllaməçilik, mənasız ritorika baş ağrıtmazdı. 
... Qədim dövrlərdən ta indiyə qədər ev insan fəaliyyətində mistik məna daşıyıb. Odur ki, bütün insanlar fəaliyyət göstərmək üçün ilk növbədə ev tikməyə çalışıblar. Onlar başa düşüblər ki, yaşamağa başının üstündə bir damları yoxdursa, bütün gözəl və işıqlı gələcək xülya olaraq qalacaq.  Odur ki, bizim ev arzularımızı qəribçiliyə salmayın, cənab başbilənlər!  Romanın əsasını qoyan Romul və Rem ilk növbədə daşdan ev tikdilər, “Gilqamış” dastanında Gilqamış özü üçün ev tikir, ən nəhayət peyğəmbər əleyhissalam Mədinəyə daxil olanda onun üçün ev tikirlər. Ayrıca ev.. Dünyanın gərdişi belə, bizim mənzil hüququmuzun olmasını haqlı sayır.. Odur ki,  jurnalistlərin mənzil problemini həllin edin...

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi