Modern.az

Əli Həsənov: “Tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır”

Əli Həsənov: “Tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır”

10 Oktyabr 2019, 14:04

Bakıda fəaliyyət göstərən Rus Kitab Evində oxuculara tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim edilir.

Oktyabrın 10-da Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış etdi.

Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyinin əlamətdar hadisə olduğunu vurğulayan Prezidentin köməkçisi dedi ki, bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır.

İndiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmləndiyini qeyd edən Prezidentin köməkçisi deyib ki, bu əlaqələr siyasi və ticari-iqtisadi sahələrdən enerji və humanitar sahələrə qədər demək olar ki, bütün sferaları əhatə edir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və beynəlxalq forumlar çərçivəsində görüşləri ikitərəfli faydalı və konstruktiv tərəfdaşlığın gələcək inkişafına təkan verir.

Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdıran Əli Həsənov deyib ki, respublikamızın 300-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır.

“Yeri gəlmişkən, son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət ali məktəblərində və özəl ali məktəblərin bəzilərində təhsil fəaliyyəti paralel olaraq Azərbaycan və rus dillərində aparılır. Əhalinin əksəriyyəti rus dilini sərbəst bilir, böyüməkdə olan nəsil bu dili öyrənməyə ciddi maraq göstərir”.

Bakının xəritəsində Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələrin olduğunu söyləyən Prezidentin köməkçisi bildirib ki, Yesenin və Lermontov muzeylərində bu şairlərin ölkəmizdə olması ilə bağlı xatirələr qorunub saxlanılır.
Ə.Həsənov xatırladıb ki, Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.

Bundan əlavə, rus dilində qəzetlər və jurnallar, dərsliklər və bədii ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında verilişlər translyasiya edilir, Rusiyanın çoxsaylı dövri mətbu nəşrləri satılır.

Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında geniş təmsil olunurlar, dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir