Modern.az

Bu partiyalar bələdiyyə seçkilərinə qatılmayacaq – “Xüsusi enerji sərf etməyin tərəfdarı deyilik”

Bu partiyalar bələdiyyə seçkilərinə qatılmayacaq – “Xüsusi enerji sərf etməyin tərəfdarı deyilik”

25 Oktyabr 2019, 16:19

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

 

Bələdiyyə seçkilərinə münasibətləri haqqında Modern.az-a danışan müxalifət partiyaların nümayəndələri isə daha çox seçkidə iştirakdan imtinanın tərəfdarıdırlar.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycanda bələdiyyələrin heç bir önəmli funksiyası, səlahiyyəti olmadığını düşünür:

“Bu, sadəcə icra hakimiyyətlərinin tapşırıqlarını yerinə yetirən bir təsisatdır. Ona görə, partiya olaraq, bələdiyyə seçkilərində iştirak etməyi düşünmürük. Üzvlərimiz də bələdiyyə seçkilərində iştirak etmək istəmirlər. Amma yenə də fərdi şəkildə namizədliyini irəli sürənlər olacaqsa, buna etiraz edə bilmərik”.

 

Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə partiyanın seçkilərə qatılacağını söyləyib:

“Hədəfimiz seçkidə minimum 900 bələdiyyə subyekti üzrə namizədlərlə iştirak edib, Seçki Məcəlləsinə uyğun olaraq, pulsuz efir vaxtı almaqdır. Buna partiyanın potensialı çatır. Təəssüflər olsun ki, digər müxalif partiyalar seçkiləri boykot etdiyi üçün, seçkilərə qatılmadığı üçün hakimiyyət də seçki zamanı seçkiyə qatılan yeganə partiya kimi namizədlərimizə qarşı basqılar həyata keçirərək, seçkidən uzaqlaşdırmağa cəhd edir. Halbuki ümummüxalifət olaraq, hər kəs bir nəfər kimi seçkidə iştirak etsə, iqtidarın işi çətinləşər, etiraz səsləri çoxalar, hakimiyyət müəyyən güzəştlərə getmək məcburiyyətində qalar. Xalqa sosial-siyasi-iqtisadi cəhətdən haqqını verməyi arzulayan hər bir siyasi institut bu fürsətləri əldən verməməlidir”.

 

ReAl Partiyasının icra katibi Natiq Cəfərli isə partiya üzvlərinin fərdi şəkildə seçkilərə qatılacağını söyləyib:

“ReAl Partiyasının qeydiyyatı olmadığına görə, partiya şəklində bələdiyyə seçkilərində iştirak edə bilmirik. Bizə qurultay keçirmək üçün şərait yaradılmadı və partiya şəklində qeydiyyatdan keçə bilmədik. Amma partiya üzvü olan, fərdi qaydada namizədliyini vermək istəyən şəxslər ola bilər. Biz araşdırmalar aparırıq ki, hansı ərazilərdə bələdiyyələrdə şansımız yüksəkdir, üzvlərimizin tanıtımı yaxşı səviyyədədir. Bundan bir müddət sonra isə üzvlərimiz fərdi müraciət edib, qeydiyyatdan keçəcəklər. Amma partiya şəklində MSK-ya müraciət edə bilmirik”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə partiyanın seçkiləri boykot etdiyini söyləyib:

“Biz indiyə qədər bələdiyyə seçkilərində həmişə iştirak etmişik. Amma partiyanın Ali Məclisinin son sessiyasında ciddi müzakirələr oldu və seçkilərdə iştirakın əhəmiyyətli olmadığı qərara alındı. Ona görə, partiyamız seçkiləri boykot edir”.

 

AĞ Partiya başqanı Tural Abbaslı da partiyasının seçkilərdə iştirak etməyəcəyini söyləyib:

“Biz bələdiyyə seçkilərini dövlət idarəçiliyində effektiv üsul hesab etmirik. Çünki heç bir funksiyaları, təsir imkanları, siyasi ağırlıqları yoxdur. Oan görə, bu seçkilərə xüsusi enerji sərf etməyin tərəfdarı deyilik. Müxalifət partiyalarının resurslarının məhdud olduğunu da nəzərə alsaq, xüsusi hazırlaşmırıq. Amma boykot qərarı da almamışıq. Kim istəsə, seçki təcrübəsi qazanmaq məqsədilə, fərdi şəkildə bələdiyyə seçkilərində iştirak edə bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı