Modern.az

Araz Əlizadənin müsahibəsi Türkiyədə etirazla qarşılandı - Atilla Sertel: “Belə fikirləri yalnız ermənilər söyləyə bilər”

Araz Əlizadənin müsahibəsi Türkiyədə etirazla qarşılandı - Atilla Sertel: “Belə fikirləri yalnız ermənilər söyləyə bilər”

2 Noyabr 2019, 10:46

Deputat Araz Əlizadə İTV-də yayımlanan 3D proqramının qonağı olub.

 

Modern.az xəbər verir ki, verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə Osmanlı imperiyası haqqında bir neçə fikir səsləndirib.

 

Aparıcı sual verib ki, "siz demisiniz ki, Nuru Paşa qızıl müqabilində  Türkiyədən gələrək, Bakını azad edib. Hətta ermənilərlə aramızda olan münasibət Osmanlı türklərinə görə olub?"

 

Araz Əlizadə cavabında bildirib ki, Osmanlı ordusu muzdlu ordu idi. "Muzdlu ordu da pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət birşey yoxdur".

 

Deputat Türkiyə ilə Azərbaycanın qardaş ölkə olmadığını da söyləyib:


“Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə, Hind-Avropa irqinə aiddir”.

 

Qeyd edək ki, azərbaycanlı deputatın bu fikirləri Türkiyə mediasında etirazla qarşılanıb. Türkiyə vətəndaşları A.Əlizadənin bu fikirlərini tvitter və feysbuk sosial şəbəkələrində paylaşaraq, ona kəskin etirazlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri, jurnalistlər və siyasətçilər hesab edirlər ki, bu cür fikirləri yalnız ermənilər səsləndirə bilər.

 

Türkiyə siyasətçiləri azərbaycanlı deputatı anlamaqda çətinlik çəkdiklərini deyiblər.

 

Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel Modern.az-a açıqlamasında Azərbaycandan olan bir deputatın fikirlərini anlamaqda çətinlik çəkdiyini deyib.

“Biz Azərbaycanla iki ayrı dövlət ola bilərik. Ancaq hər zaman deyildiyi kimi “bir millət, iki dövlətik”. Bu o deməkdir ki, Azərbaycanla Türkiyə qardaş dövlətdir. Aralarında qan və can bağı var. Dilimiz də birdir, hər birimiz türkcə danışırıq. Lap əvvəldən olduğu kimi, hər iki ölkə dostluq münasibətindədir.Ömür boyu da belə də davam edəcək. Dostluqdan əlavə eyni zamanda, qardaşıq. Onsuz da yetəri qədər, bizi sevməyən düşmənlər var. Niyə öz aramızda nifaq salıb belə fikirlər söyləyirik ki? Bizi sevməyənlərin də sevincinə səbəb oluruq”.

 


Atilla Sertel Osmanlı İmperiyası məsələsinə də öz münasibətini bildirib.


“Mən bir şeyi anlaya bilmirəm ki, tarixdə olan bir şeyi, niyə bu günə gətirərək, insanların beynini qatışdırırıq? Hər bir şey tarixdə qalmalıdır. Heç kim bugünkü dövrdə, keçmişdə olan bir tarixi hadisəni, dəqiqliklə bilə bilməz. Düşünürəm ki, dostlar arasında pul qarşlılığı da ola bilməz. Həqiqi dostluqlar pul ilə satılmaz. Bizim anlayacağımız budur. Bunu deyənlər sübut etməlidir. Sübut edə bilmirsə, boş-boş danışmağın bir mənası yoxdur. Heç mən o deputatı tanımaram, ancaq bu cür fikir səsləndirməsi heç insanlığa yaraşmayan bir hərəkətdir. Belə fikirləri yalnız bizi sevməyən ermənilər söyləyə bilər”

 

Ermənidən söz düşmüşkən, A.Sertel  ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımını tanıması məsələsinə də münasibət bildirərək, bu qəraradan üzüldüyünü söyləyib:


“Bir məqam da bildirim ki, ABŞ Konqresinin bu uydurma erməni soyqırımını tanıması məni çox yandırdı. Onlar ilk öncə gedib öz tarixlərinə baxsınlar, sonra gəlib nəsə desinlər. Bütün dünya onların zülm eləməklərindən danışır. Zəncilərə, Vyetnamdakı insanlara zülm edib, gəlib qondarma soyqırımı tanımaları, məncə özü  bir cahillikdir. Biz bu hadisələri ancaq kinolardan görə bilərdik. Ancaq təəsüf ki, dünyada bu cür vəhşiliklər davam edir. Qətliam deyirlərsə, özləri ən böyük qətliamı törədənlərdən biridir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi