Modern.az

Milli Məclisdə büdcə müzakirələri - Nazir deputatların təkliflərini cavablandırdı

Milli Məclisdə büdcə müzakirələri - Nazir deputatların təkliflərini cavablandırdı

6 Noyabr 2019, 17:23

Bu gün Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası  keçirilib.


Modern.az xəbər verir ki, iclası Əmək və sosial siyasət komitəsinin  sədri  Hadi  Rəcəbli açaraq bildirdi ki, bugünkü  iclasda “Azərbaycan  Respublikasının  2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi  müzakirə  ediləcək. 

Qeyd  olundu ki,  büdcə layihəsi “Büdcə sistemi haqqında” qanuna, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlanıb. Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ilin büdcəsini Azərbaycanın müstəqillik tarixində  irihəcmli büdcə adlandıran komitə sədri dedi ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır. Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir.


İclasda  iştirak  edən maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsinin əsas parametrləri barədə ətraflı məlumat verərək bildirdi ki, ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə  qabiliyyətinin  və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli  layihələr  və  tədbirlər  üçün  maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.


2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.


Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 


Qeyd edildi ki, 2020-ci  il  dövlət  büdcəsində elm, təhsil, səhiyyə, sosial  müdafiə və sosial  təminat, mədəniyyət, incəsənət, informasiya,  bədən  tərbiyəsi, gənclər siyasəti  və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub.


Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə Hesablama Palatasının rəyini diqqətə çatdırdı. Onun sözlərinə görə, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur, eyni zamanda gələn ilin dövlət büdcəsində xərclərin həcmi cari ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir.


Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Rəfael Hüseynov  çıxışlarında  bildirdilər ki, növbəti ilin dövlət büdcəsində xərclərin optimallaşdırılaraq səmərəliliyinin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi qəbul edilib.  2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara həssaslıqla  yanaşılıb.


İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev,  Ailə, Qadın  və Uşaq  məsələləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev rəhbərlik etdikləri qurumların əsas büdcə  parametrlərində 2020-ci il  üçün nəzərdə  tutulan dəyişiklikləri açıqladılar.


Sonra deputatlar Rauf Əliyev, Elmira Axundova, Qənirə Paşayeva, İlham Məmmədov, Jalə Əliyeva, Sədaqət Vəliyeva,  Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Mixael Zabelin 2020-ci ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır. Bildirildi ki, büdcə zərfinin mükəmməl formada hazırlanması, iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi strategiyası 2020-ci ildə də Azərbaycana böyük iqtisadi dividentlər qazandıracaq. 


Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov iclasda səslənən təklifləri cavablandırdı və qeyd etdi ki, bir sıra təkliflər nəzərdən keçiriləcək.


Müzakirələrdən sonra qanun layihəsi  parlamentin plenar iclasına tövsiyə olundu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi