Arxiv
3 Dekabr 2019, 14:50 | AKTUAL
Britaniyalı jurnalistlə Qarabağ söhbəti

Böyük Britaniyanın məşhur "The Independent" qəzetinin jurnalisti Robert O'Konnor "Qarabağ" komandasına həsr olunan kitab hazırlayır. Robert bir neçə il əvvəl Bakıya və Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Məhz bundan sonra onda komanda, onun mənsub olduğu Ağdam şəhəri haqda ayrıca əsər hazırlamaq marağı yaranıb.

 

Bir müddət əvvəl Robert mənə müraciət edərək əslən Ağdamdan olan bir jurnalist kimi məndən də geniş müsahibə etmək istədiyini söylədi. Amma mən Ağdamdan nə danışa bilərdim? Şəhər işğal olunanda 13 yaşım hələ tamam olmamışdı. Hərçənd… Yaddaşımdan heç vaxt silinməyəcək ölməz xatirələr də qalır. Və həmin xatirələrdən mənim üçün həssas olan məqamları, daha doğrusu, Robertin iki sualına cavabı siz oxucularla da bölüşürəm…

 

Sual: Ağdamı necə xatırlayırsınız? 2019-cu ilin Qərb oxucusuna 1980-90-cı illərin Ağdamını təsvir etmək üçün nələri deyə bilərsiniz?

 

Cavab: Həmin dövrdə mən uşaq idim və dünyanı tam dərk edə bilməzdim. Bununla belə, Ağdama söykənən həm xoş, həm də kədərli xatirələrim var. Əvvəlcə onu deyim ki, Ağdam Azərbaycanın tarixi bölgəsi olan Qarabağın bir hissədir. Ermənistanın işğalına qədər bu şəhərin əhalisinin sayı 160 min idi. Onlardan da 6 min nəfəri öz vətənlərini qorumaq uğrunda müharibədə qəhrəmancasına şəhid olub. Qarabağ döyüşlərində Ağdam ən çox insan itkisi verən şəhərdir.

 

Həlak olanlar arasında "Qarabağ" komandasının kapitanı olmuş Allahverdi Bağırov da var. Xocalı soyqırımı zamanı o, mindən çox dinc sakini erməni əsirliyindən xilas edib. Yeri gəlmişkən, Allahverdi Bağırov Azərbaycanın Milli Qəhrəmanıdır. “Qarabağ” komandasının hər oyunu zamanı fanatlar onun şəkli olan banner açırlar. Həmin azarkeşlər özlərini Allahverdi Bağırovun mənəvi əsgərləri sayırlar.

 

Yeri gəlmişkən, Allahverdi Bağırov, eləcə də əslən Ağdam rayonundan olan Azərbaycanın daha bir Milli Qəhrəmanı Asif Məhərrəmov müharibə dövründə belə “Qarabağ” komandasına öz dəstəklərini veriblər. Bir dəfə “Qarabağ”ın o vaxtkı oyunçularından biri bizim jurnalistə verdiyi müsahibədə demişdi: “Biz bütün komanda olaraq futbolu atıb vətənimiz uğrunda döyüşmək istəyirdik. Bununla bağlı hərbi komandir olan Asif Məhərrəmova müraciət etdik. Amma o, bu istəyimizə qarşı çıxdı. O bizə dedi: “Mən Vətən uğrunda döyüşməyə 11 min oğlan taparam, amma futbol oynamaq üçün 11 nəfər tapa bilmərəm. Siz futbol oynamağa davam edin. Bununla Ağdamı, Qarabağı təmsil etmiş olursunuz”.

 

Müharibə zamanı həlak olan 6 min insan arasında uşaqlar da az deyildi. Onların arasında mənim dostlarım da vardı. Müharibənin ən gərgin vaxtlarında 11-12 yaşındaydım. Bütün bu faciəni yaşamaq əlbəttə ki, dəhşətli idi. Xüsusi olaraq mən Xocalı hadisəsini – dinc əhaliyə qarşı yürüdülən soyqırımı göstərə bilərəm. Xocalı Ağdama qonşu şəhər idi. Qətlə yetirilənlərin hamısı Ağdamdakı morqa gətirilmişdi. 12 yaşım tamam olmamışdı. Onların çoxunu – qocalar, qadınlar, xüsusən körpələrin qanlı cəsədlərini gözlərimlə görmüşdüm. Bu, mənim üçün çox böyük psixoloji və mənəvi zərbə olmuşdu. Şoka düşmüşdüm. Bir aya yaxın heç nə yeyə bilmədim.

 

Amma bütün bunlara baxmayaraq, biz hətta uşaq yaşımızda belə öz həyatımızı Vətənimiz yolunda fəda etməyə hazır idik. Və mən əminəm ki, Azərbaycan xalqı Ağdam da daxil olmaqla bütün işğal olunmuş şəhərlərini bir gün ermənilərdən azad edəcək.

 

Bəli, uşaqlığımda belə dəhşətlər anlar olub. Amma xoş xatirələrim də var. Bizim bir yazıçımız öz əsərində Ağdamı dünyanın ən varlı şəhəri adlandırıb. Bu, sözgəlişi deyilən bir fikir deyil. Çünki Ağdam camaatı çox zəhmətkeş, əməksevər, pul qazanmağı bacaran insanlardır. Mənə deyildiyinə görə, 1980-90-cı illər Ağdamın iqtisadi inkişafının zirvəsi olub.

 

Xatırlayıram ki, bu sovet dövrləri idi. Buna baxmayaraq, ilk inomarkaları – “Ford”u, “Mersedes”i ilk dəfə məhz o vaxt Ağdamda görə bilmişdim. Deyilənə görə, paytaxt Bakıdan sonra belə bahalı maşınları həmin zamanlar üçün bir də əsasən Ağdamda görmək olardı. Ağdamı həm də Azərbaycanın ticarət paytaxtı adlandırırdılar. Mənim atam iş adamı idi. Xatırlayıram ki, onun Rusiyadan, Sibirdən biznes partnyorları vardı. Onlar ildə 1-2 dəfə Ağdama gəlir və bizim böyük evimizdə qonaq qalırdılar. Mənə sonralar təəccüblü gəlirdi ki, bu adamlar uzaq bir yerdən niyə Ağdama gəlirlər. Və onda mənə deyilirdi ki, ticarət üçün Ağdamda hər şeyi tapmaq mümkündür.

 

Mənim atamın ayaqqabı biznesi və çoxlu pulu vardı. Amma mən bununla heç vaxt öyünməzdim. Mənim üçün ən gözəl olan uşaqlıq dövrü, məktəbimiz, mənim sinif yoldaşlarım idi. Yeri gəlmişkən, ilk sinif rəhbərim erməni idi. Venera adında zahirən gözəl bir qadın. Müharibə zamanı o, ailəsiylə birgə Ağdamı tərk etmişdi. 2009-cu ildə sosial şəbəkədə, oxuduğum Ağdam rayonunun 7 nömrəli məktəbinin qrupunda mən ona da rast gəldim. Onunla qısa söhbətimiz oldu. O, dedi ki, mən səni və dərs dediyim digər uşaqları xatırlayıram.

 

Müharibəyə qədər Ağdamda hər şey gözəl idi. Mən xatırlayıram ki, o vaxt orada 2-3 mərtəbəli, üstü büstütün ağ damdan ibarət olan çoxlu bahalı villalar inşa olunmuş və olunurdu. Bizim özümüzün də şəhərin mərkəzi hissəsində saraya bənzər ikimərtəbəli evimiz vardı. Yeri gəlmişkən, son illər həmin evimizi yuxumda tez-tez görürəm. Təəssüf ki, müharibə nəticəsində həmin evlərin hamısı, Ağdamın bütün infrastrukturu darmadağın oldu. Təsadüfi deyil ki, sizin həmyerliniz, jurnalist Tomas de Val özünün “Qara bağ” kitabında Ağdamı Qafqazın Xirosiması adlandırıb.

 

Sual: Ermənilərin hücumları zamanı Ağdamda normal yaşamaq mümkün idimi?

 

Cavab: Qətiyyən. Amma dinc əhalinin həyatına real təhlükə olmasına baxmayaraq, Ağdamın əhalisinin çoxu doğma şəhərində qalmışdı. Dəfələrlə şəhər raket atəşinə məruz qalırdı. Buna görə xeyli mülki əhali həlak olmuşdu.

 

Müharibənin qızışdığı ilk günlərdə biz uşaqlar çox qorxurduq. Amma sonradan hər şey bizim üçün adiləşdi. Biz uşaq yaşımızda cəbhəyə gedib əsgərlərimizə kömək etmək istəyirdik. Amma əlbəttə, valideynlərimiz buna icazə vermirdi. Onlar özləri vətən qarşısındakı vəzifələrini yerinə yetirirdilər. O zaman biz uşaq ağlımızla yaşadığımız məhəllədə “postlar” qurur, küçənin girişini nazik məftillərlə bağlayır və ora daxil olmaq istəyən maşınları saxlayıb soruşurduq: siz kimsiz və hara gedirsiniz? Əlimizdə əldəqayırma tapançalar da olurdu. Amma içində həqiqətən güllə olurdu. Maşındakı yaşlı kişilər isə bəstə boyumuza baxıb bizə gülümsəyir və təbəssümlə suallarımıza cavab verirdilər. Onlar sevinirdilər ki, uşaqlar bu yaşda bu yolla öz Vətənlərinə kömək etmək istəyirlər.

 

Aydın BAĞIROV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasında 1/8 finala 6 vəsiqə sahibini tapacaq 10 Dekabr 2019, 00:53 Kürdəmirdə “Azərişıq” əməkdaşını cərəyan vurdu 10 Dekabr 2019, 00:31 Putinlə Zelenskinin təkbətək görüşü başa çatdı - YENİLƏNİB 10 Dekabr 2019, 00:13 ANS ÇM-ə görə ziyalılar Prezidentə müraciət etdi 9 Dekabr 2019, 23:57 REAL bu dairələrdə mübarizə aparacaq - SİYAHI 9 Dekabr 2019, 23:38 Qadın mənzilində ölü tapıldı 9 Dekabr 2019, 22:57 Pakistan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 9 Dekabr 2019, 22:43 Azərbaycan nefti bahalaşıb 9 Dekabr 2019, 22:26 Mübariz Mənsimov Oqtay Gülalıyevin oğlunun iradlarına CAVAB VERDİ: “Dövlət məndən də artığını etdi” 9 Dekabr 2019, 22:16 Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ 9 Dekabr 2019, 21:49 Rusiyada azərbaycanlı repçilərə atəş açıldı 9 Dekabr 2019, 21:32 Parisdə "Norman Dördlüyü" liderlərinin görüşü başlayıb 9 Dekabr 2019, 21:14 ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi rədd edir 9 Dekabr 2019, 20:57 Almaniyada Heydər Əliyevin xatirəsinə kikboksinq turniri keçiriləcək - VİDEO 9 Dekabr 2019, 20:46 Azərbaycanla Rusiya gömrük əməkdaşlığı müzakirə olunub 9 Dekabr 2019, 20:19 Türkiyə suriyalı qaçqınlara 40 milyard dollar xərcləyib 9 Dekabr 2019, 20:06 Zabratda “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli qoyuldu 9 Dekabr 2019, 19:56 “Azərbaycan Könüllülük Həftəsi” “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib 9 Dekabr 2019, 19:44 Diaqnostik qiymətləndirmədə 2700 psixoloqun iştirak edəcəyi proqnozlaşdırılır - NAZİRLİK 9 Dekabr 2019, 19:35 Ermənilər Avronest PA-da təxribat törətdi  9 Dekabr 2019, 19:24 Xarici pasportlarla bağlı YENİ QANUN 9 Dekabr 2019, 19:15 Axtarışda olan şəxs narkotiklə tutuldu 9 Dekabr 2019, 19:06 Bakıda tibbi preparatların istehsalı müəssisəsi açıldı 9 Dekabr 2019, 18:57 İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı - VİDEO 9 Dekabr 2019, 18:48 “Bakcell”in stendi  “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü - FOTO   9 Dekabr 2019, 18:39 BP-dən təhsil üçün vacib kitab - “Kurikulum bələdçisi” təqdim olundu - FOTOLAR 9 Dekabr 2019, 18:28 Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur - Nazirlik 9 Dekabr 2019, 18:20 Putin Zelenski ilə görüş üçün Parisə gəldi 9 Dekabr 2019, 18:12 Baş nazirdən dövlət bayrağı ilə bağlı - SƏRƏNCAM 9 Dekabr 2019, 18:06 Milli dəyərlər - Sosial şəbəkələrdə qorunmayan dəyərimiz 9 Dekabr 2019, 18:04 İranın Azərbaycandakı səfirliyində yanğın olub 9 Dekabr 2019, 18:03 Rusiyaya bu dəfə futbol QADAĞASI gəldi 9 Dekabr 2019, 17:59 Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi 9 Dekabr 2019, 17:53 Baş nazir Ramin Quluzadəyə yeni səlahiyyətlər verdi 9 Dekabr 2019, 17:47 Türkiyədə turistlərdən əlavə vergi yığılacaq 9 Dekabr 2019, 17:45