Modern.az

Rusiya Azərbaycan pomidorundan tam imtina etmir - Nazirlik AYDINLIQ GƏTİRDİ

Rusiya Azərbaycan pomidorundan tam imtina etmir - Nazirlik AYDINLIQ GƏTİRDİ

6 Dekabr 2019, 08:16

Rusiya Federasiyası 2020-ci ilin aprelindən ölkəyə dövlət sifarişilə xaricdən pomidor və xiyar idxalını qadağan etməyi planlaşdırır. Bununla bağlı büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş ediləcək.


Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qadağada məqsəd yerli istehsalçıların dəstəklənməsi və istixana tərəvəzçiliyinin inkişaf etdirilməsidir.


Xatırladaq ki, bir müddət əvvəl münasibətlərində yaranan soyuqluq səbəbilə Türkiyədən Rusiyaya pomidor idxalı müvəqqəti olaraq dayandırılmışdı. İddialara görə, Türkiyədən idxal dayanandan sonra Azərbaycan Rusiyaya rekord həcmdə pomidor satıb. Bu, “Rospotrebnadzor” idarəsinin diqqətini cəlb edib. Belə bir şübhə yaranıb ki, Azərbaycan Rusiyaya özünün deyil, Türkiyənin tərəvəzini satır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, verilən qərarın mahiyyətində bundan sonra Rusiyanın dövlət təşkilatlarının ehtiyacları üçün alınan pomidorun yerli istehsal olması durur:

“Yəni təhsil müəssisələri, ordu və s. qurumlarda yerli istehsala üstünlük veriləcək. Azərbaycanda da bu praktika tətbiq olunur. Özümüzün də satınalma qanunvericiliyimizə baxsaq, müəyyən sahələrdə yerli məhsullara üstünlük verildiyi görünür. Rusiya hökuməti pomidora münasibətdə bunu nəzərdə tutur. Yoxsa istehlak bazarındakı pomidora olan tələbatının idxal hesabına ödənilməsi qadağan olunmayıb. Bu baxımdan Rusiyaya pomidor idxalına qadağa qoyulması şərhləri yanlışdır. Belə bir şey yoxdur”.

F.Fikrətzadə qeyd edib ki, bu ilin 10 ayı ərzində Rusiyaya 147 milyon dollarlıq pomidor ixrac olunub:

“2018-ci ildə ölkəmizdən Rusiyaya 177 milyon dollarlıq - 172 min ton pomidor ixracı həyata keçirilib. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya 147 milyon dollarlıq - 139, 5 min ton pomidor ixrac edilib.  İlin sonunda isə yekun rəqəm bilinəcək.

2020-ci ildə rəqəmlərdə hər hansı dəyişiklik olub-olmayacağı 2019-cu ilin yekun nəticələrindən asılı olacaq. Çünki biz Rusiya dövlət sektorunun istehlak göstəricilərini bilmirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər