Modern.az

Riqada bir gün - FOTO

Riqada bir gün - FOTO

9 Dekabr 2019, 11:47

Siz Riqaya çox qısa bir müddətə gəlmisinizsə, bütün şəhəri görməyə cəhd etməyin. Latviya paytaxtının ruhunu hiss etmək üçün köhnə şəhərə getmək lazımdır. Köhnə şəhər sizdə müsbət emosiyalar yaradacaq, buranın gözəl və rəngarəng arxitekturasından həzz alacaqsınız.

 

Bloqa abunə qaydaları

 

Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın.

 

 

Başqa şəhərlərdəki analoqları kimi, məsəl üçün Bakının İçərişəhəri kimi Riqanın köhnə şəhərinin sərhədlərini müəyyən edən qala divarları yoxdur. Avtomobillərin giriş və çıxışını tənzimləyən şlaqbaumlar sizə köhnə şəhərə daxil olmanız barədə işarədir. Köhnə şəhərin divarını yalnız bir yerdə görmək olar. Elə orada da orta əsrlərə aid top var.

 

 

Dauqava çayının sağ sahilində yerləşən Köhnə şəhər UNESKO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilib. Bura tarixi binalarla, kilsələrlə məşhurdur. 

 

 

İlk olaraq gözə dəyən arxitektura zənginliyi və binaların rənglərinin müxtəlifliyidir. Gecə vaxtı isə binaların işıqlandırılması onlara xüsusi gözəllik verir. Hər bir kəs bundan əvvəl gəzdiyi ölkədən asılı olaraq Riqanın köhnə şəhərini Almaniyanın və ya Çexiyanın şəhərləri ilə müqayisə edə bilər.

 

Köhnə şəhərdə görməyə əsas yerlərdən biri “Çernoqolovıx” binasıdır. Qısa olaraq qeyd edim ki, bu bina xarici tacirləri və səyahət edən iş icraçılarını birləşdirən korporasiyanın icarəsində olub. Gündüzlər burada birja fəaliyyət göstərirdi, axşamlar isə əyləncə məkanına çevrilirdi. 

 

 

Digər bir görməli yer “Bremen musiqiçilərinə” həsr edilən abidədir. Bu abidə Riqaya Bremen şəhəri tərəfindən 1990-cı ildə hədiyyə edilib. Abidənin mənasını izah edən iki versiya var və hər ikisi Qərb və SSRİ arasında olan soyuq müharibə ilə əlaqədardır. Birinci versiyaya görə Bremen musiqiçiləri Riqaya Berlin divarından baxırlar, digər versiyaya görə musiqiçilər Latviyanın müstəqilliyinin bərpası ümidi ilə Qərbdən Şərqə baxırlar.

 


Köhnə şəhərdə bir neçə kilsə var. Onların arasında ən məşhuru Müqəddəs Pyotr kilsəsidir. Bu kilsə digərlərindən ən yüksək qülləsi ilə fərqlənir. Burada həmçinin Riqaya açılan mənzərəni görmək üçün meydança da var. 9 avroya 71 metr hündürlükdən Latviya paytaxtına gözəl mənzərə açılır.

 

 


Köhnə şəhərdə hazırda bir neçə otel, muzey, müxtəli mağazalar fəaliyyət göstərir. Latviya istehsalı olan alkoqollu içkiləri də çox axtarmaq lazım deyil. Ərazinin bir neçə hissəsində bununla bağlı xüsusi mağaza var. Köhnə şəhərdə həmçinin çoxlu sayda restoran, “fast-fud”, karaoke klub və barlar var. Onların bir çoxu gecə yarıyadək işləyirlər, qiymətləri isə münasibdir. Bununla belə nəzərə almaq lazımdır ki, saat 23:00-dan sonra yalnız “fast-fud”da yemək mümkündür.


Tarixi əhval-ruhiyyəni xoşlayanlar üçün isə orta əsr mətbəxi olan Rozenqrals restoranını məsləhət görə bilərəm. Bura daxil olan kimi orta əsrlərin mühitinə düşürsən. Profilinə uyğun olaraq restoranda elektrik işığından istifadə olunmur və zalları şamla işıqlandırılır. Orta əsrlərin ruhu isə hər şeydə - ofisiant və musiqiçilərin geyimində, musiqinin özündə, təqdim olunan qab-qacaqda və əlbəttə ki, menyuda özünü göstərir. Hətta çörək də orta əsrlərdə olan formadadır və onu sizə kiçik kisəcikdə təqdim edirlər. Müasir anlayışlara görə elə də geniş olmayan menyu orta əsrlərdə olan yeməklərə uyğun tərtib olunub. Misal üçün, siz burada pivə ilə yemək üçün sosiska sifariş verə bilməzsiniz, çünki orta əsrlərdə sosiska olmayıb. Pivənin özünə gəldikdə isə sizə bir neçə növ belə içkidən, o cümlədən bal qatqısı olan və ya zəncəfilli pivə təklif edəcəklər. Restoranda təqdim olunan yemək və içmək həddən artıq dadlıdır və zövqlə təqdim olunur.

 

 

 


Riqaya gələn insanlar şəhərə laqeyd qala bilməzlər. Xeyirxah insanları olan bu gözəl şəhər birinci dəfə görmədiyin yerlərə baxmaq üçün yenidən səni bura cəlb edir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Emil Quliyev
Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir