Modern.az

Mərkəzi Bankda yeni TƏYİNATLAR

Mərkəzi Bankda yeni TƏYİNATLAR

Aktual

17 Yanvar 2020, 17:32

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni kadr təyinatları olub.

 

Modern.az AMB-yə istinadən bildirir ki, Əli İsmayıl oğlu Əhədov və Toğrul Nəcəfəli oğlu Əliyev 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin ediliblər.

 

Beləliklə AMB-də baş direktorların sayı 6-ya çatdırılıb.

 

Qeyd edək ki, Ə.Əhədov 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. 2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-ın Corciya dövlət universitetinin birgə proqramı olan “Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini “Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirib.

 

Əmək fəaliyyətinə Mərkəzi Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 2005-ci ilin iyul ayında İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Maliyyə proqramlaşması şöbəsində iqtisadçı vəzifəsinə təyin edilib.

 

2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.

 

2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsində böyük analitik vəzifəsində, 2013-cü ilin avqust ayınadək isə həmin departamentin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib.

2013-cü ilin avqust ayından 2014-cü ilin iyun ayınadək ABŞ-ın Cons Hopkins Universitetində təhsil alıb. 2014-2015-ci illərdə Mərkəzi Bankda Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin iyun ayından həmin departamentin direktor müavini – Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində, 2016-cı ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində çalışıb.

2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Hazırda həmin vəzifədə çalışır.

Ailəlidir, 2 övladı var.

 

T.Əliyev 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsilə bitirib. 2019-cu ildən Böyük Britaniyanın Şeffild Universitetində “Biznesin idarə edilməsi - EMBA” ixtisası üzrə təhsil alır. Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində başlamış, məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

 

2008-2009-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsində böyük mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib.

2009-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində Məlumatların emalı şöbəsinin rəisi vəzifəsində işləyib.

 

2012-ci ilin aprel ayında Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

2013-2019-cu illərdə Mərkəzi Bankın Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə işləyib.

2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Hazırda həmin vəzifədə çalışır. Ailəlidir, 2 övladı var.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi