Modern.az

Magistraturaya qəbul qaydaları AÇIQLANDI

Magistraturaya qəbul qaydaları AÇIQLANDI

Təhsil

23 Yanvar 2020, 16:23

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını açıqlayıb.

 

DİM-dən Modern.az-a verilən xəbərə görə, “Magistr” xüsusi buraxılışının 1‑ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları ilə yanaşı, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edilib.

 

Qurumdan APA-nın sorğusuna verilən cavaba görə, magistraturada təhsil dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Ali təhsil müəsisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir. 

 

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səiyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. 

 

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstəridikləri nəticə DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun bakalavrlar buraxılırlar.

 

Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə imtahandan topladıqları bal əsasında aparılır. 

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə magistratura səviyyəsinə qəbul qaydaları sadələşdirilib. Qaydalara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına, o cümlədən jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul istisna olmaqla digər ixtisaslar üzrə magistraturaya qəbul imtahanı yalnız bir mərhələdə keçiriləcək. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli Qərarına əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Əvvəllər bakalavrlar iki mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanda iştirak edirdilər. Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılırlar.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də, sınaq imtahanı isə fevralın 2-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir