Modern.az

Onlar deputat seçilsələr - İlk nə iş görəcəklər, hara gedəcəklər, kimlə görüşəcəklər...

Onlar deputat seçilsələr - İlk nə iş görəcəklər, hara gedəcəklər, kimlə görüşəcəklər...

Parlament

7 Fevral 2020, 17:15

Sabah səhər saat 8:00-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə ayrılan seçkiqabağı təbliğat-təşviqat kampaniyası başa çatır. Kampaniya ərzində namizədliyi qeydə alınan şəxslər seçicilərlə görüşlər keçirdilər, müxtəlif piar xarakterli addımlarla seçicilərin etimadını qazanmağa çalışdılar. Belə görünür ki, artıq əksər namizədlər özlərini seçkiyə hazır hiss edirlər.

 

Buna görə, Modern.az namizədlərə təbliğat-təşviqat kampaniyası ərzindəki son sualı ünvanlayıb. Artıq bütün proseslər geridə qalıb, finala yaxınlaşırıq. Seçilsəniz, deputat kimi atacağınız ilk addım nə olacaq?

 

61 saylı Neftçala seçki dairəsindən namizəd Sabir Rüstəmxanlı:

 

“Təbii ki, ilk olaraq, Neftçaladan Bakıya qayıdacağam. Nəhayət, seçicilərin ərizə və şikayətlərini sistemləşdirməyi düşünürəm”.

 

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov:

 

“Seçiləcəyim halda məni düşündürən yalnız seçicilərim, onların qayğıları, istəkləri və təklifləridir. Məni, birinci növbədə xalqıma daha yaxşı necə xidmət etmək düşündürür və parlamentdə təmsil olunaramsa, bütün edəcəklərim, fəaliyyətlərim prioritetdir. Mən seçki kampaniyasında aydın və əsaslandırılmış fəaliyyət proqramı ilə iştirak etdim. Fəaliyyət proqramında nəzərdə tutulan fəaliyyətlərin reallaşması da mənim üçün prioritet məsələlərdən olacaq. Bütövlükdə, mütəmadi olaraq seçicilərim ilə görüşməyə, onları dinləməyə və onlara millət vəkilləri kimi dəstək olmağa çalışacağam. Əminəm ki, qarşılıqlı güvən əsasında seçicilərim ilə birlikdə nümunəvi millət vəkili seçici münasibətləri formalaşdıra biləcəyik”.

 

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayev:

 

“Seçilsəm, ilk işim namizəd kimi gəzdiyim bütün kəndlərin və şəhərin insanları ilə təkrar görüşmək olacaq. Ümumilikdə ərazinin bütün problemlərinin siyahısını tutacağam və bölgənin inkişafı üçün əlimdən gələni edəcəyəm. Ölkə prezidentinin başlatdığı islahatların növbəti mərhələsində ən aktiv iştirakçılardan biri olaraq Yevlax-Mingəçevir ərazisində insanların rifahı üçün əlimdən gələni edəcəyəm”.

 

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Xəyal Məmmədxanlı:

 

“Dərhal bölgədə daimi çalışan qərargahımı yaradacağam və “Vəkilinə Çat” layihəmin icrasına başlayacağam”.

 

123 saylı Kəlbəcər Seçki Dairəsindən namizəd Əziz Qənbərov:

 

“İlk işim Kəlbəcərlilərin əsas tələbi olan işğal olunmuş torpaqlarla bağlı Milli Məclisdə aktiv fəaliyyət göstərən, əsl vətənpərvərlərdən ibarət Qarabağ Komissiyası yaratmağa nail olmaq üçün səy göstərmək olacaq”.

 

29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyev:

 

“Birincisi, dairə ərazisində həftənin 7 günü, günün 24 saatı işləyəcək və seçiciləri qəbul edəcək, onların problemlərinin həlli üzərində çalışacaq qərargahın yaradılması istiqamətində addım atılacaq. Bu qərargahın ilk işi Səbail dairəsində qeydiyyatsız mənzillərə çıxarışın verilməsi, insanların qeydiyyat probleminin həll edilməsi olacaq. Daha sonra isə platformamızda qeyd etdiyimiz digər istiqamətlərdə iş aparılacaq”.

 

 

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd Ləman Ələşrəfqızı:

 

“Oğuzda təşviqat apardığım bu günlər ərzində qadınları ictimai həyatda passiv gördüm. Azərbaycan qadını tarixən fəal qadın olub. Hələ 1912-ci ildə "İşıq" qəzetinə redaktorluğu Xədicə xanım Əlibəyova edib. Şəfiqə xanım Əfəndiyeva 1917-ci ildə qurultayda tribunaya başıaçıq çıxıb, 1918-ci il Cümhuriyyət Parlamentində çalışıb, biz onun çadrasız şəkillərinə də rast gəlirik Məclisi Məbusanda. Yəni, bir əsr əvvəl qadınlarımız ictimai-siyasi həyatda çox aktiv idi. Bir əsr sonra qadınlarımızla bu mövzuda danışmaq təbii ki, istəməzdim. Əgər qadınlarımızı passiv görməsəydim. Görüşlərdə xüsusilə kişilərlə qarşılaşdım. Ona görə də qadınları sosial layihələrə cəlb etmək, qadının cəmiyyətdə rolunu artırmağa yönəlik proqramlarla çıxış etmək hədəflərimdəndir. Amma əlbəttə, ilk işim seçiciyə yaxınlıq olacaq. Onlar deputat-seçici münasibətindən məhrumdurlar. Çalışacam ki, vətəndaş-dövlət münasibətlərinə töhfə verən addımlarla yadda qalım”.

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Natiq Cəfərli:

 

“Mənim 3 qanun layihəsi ilə çıxış etmək fikrim var. İlk olaraq, dövlət ali məktəblərində pulsuz təhsillə bağlı təklifi qaldıracağam. Yüksək bal toplayan və dövlət ali təhsil müəssisələrinə düşən gənclər tamamilə pulsuz ali təhsil almalıdırlar. Bu çox vacib məsələdir.

İkinci təklifim yerli özünü idarənin gücləndirilməsi, mer institutunun formalaşdırılması və mer seçkilərinin Bakıda və digər böyük şəhərlərdə keçirilməsi olacaq.

Üçüncü təklifim isə minimum əməkhaqqının və minimum təqaüd məbləğinin prezident fərmanı ilə deyil, qanunla tənzimlənməsini olacaq. Qanuna uyğun olaraq, artırılma mexanizminin yaradılması da bura daxildir”.

 

54 Saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Elza Seyidcahan:

 

“Şabran rayonunun bir çox kəndində məktəb problemi qalmaqdadır. Gəzdiyim kəndlərdə bərbad mənzərə ilə qarşılaşdım. İlk addım olaraq kəndlərin təhsil problemi ilə məşğul olacağam. Bundan sonra isə qazlaşma ilə bağlı problemlərə diqqət ayıracağam”.

 

 

102 saylı Samux-Şəmkir Seçki Dairəsindən deputatlığa namizəd Tural Turan:

“Seçiləcəyim təqdirdə ilk işim ucqar kəndlərdəki seçicilərimin illərdir yığışıb qalan problemlərini həll etmək olacaq. Namizəd kimi devizim hər seçicinin vəkili olmaqdır”.

 

 

61 saylı Neftçala seçki dairəsindən namizəd Kamran Əsədov:

 

“Ölkədə gedən islahatlar Neftçala rayonunda çox zəif hiss olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, regionların inkişafı ilə bağlı ciddi problemlər var. Mən 9 fevralda Neftçala Seçki Dairəsindən seçiləcəyim tədqirdə ilk olaraq, Neftçala rayonunda bütün məktəblərin istilik sistemi ilə bağlı problemini, qəzalı vəziyyətdə olan məktəblərin təmir edilməsini təmin edəcəyəm”.

 

 

63 saylı Sabirabad birinci seçki dairəsindən namizədi Kamal Cəfərov Kamal Cəfərov:

 

“Birincisi fəal deputat olacam, fəaliyyətimlə, iş prinsipimlə, rayona bağlılığımla digər həmkarlarıma nümunə olacağam. İlk addım olaraq isə rayonda Dövlət Aqrar Universitetinin yaradılması üçün çalışacağam”.

 

 

17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Cavad Cavadov: 

 

“İlk addım seçicilərimlə mümkün qədər şəxsən görüşüb təşəkkürümü bildirmək olacaq”.

 

 

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova:

 

“İlk addımım seçicilərim və dəstək qrupumla görüş olacaq. Ərazidə çox böyük seçici ordum var,  onlarla birlikdə gələcək fəaliyyət planını müzakirə edəcəyəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır