Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qazaxda seçki məntəqəsində qeydə alınan hadisəyə aydınlıq gətirib.
Bu barədə Modern.az-ın məlumatına toxunan MSK üzvü Baxşeyiş Əsgərov qeyd edib ki, Xanlar Lalayevin qardaşı arvadının öldüyü haqqında məlumatlıdırlar:
“Xanlar Lalayev videoda səsləndirdiyi fikirləri qardaşı arvadı üçün deyil, özünün 7 il əvvəl ayrıldığı həyat yoldaşı haqqında deyir. Onun ayrıldığı həyat yoldaşı isə ölməyib, Bakıda yaşayır".
B.Əsgərov saytımıza açıqlamasında Gülnar Əliyevanın qəbrinin görüntülərinin onlarda olduğunu da deyib:
“Ötən iclasda bu video haqqında səsləndirdiyimiz məlumatlar mətbuat tərəfindən düzgün təqdim edilməyib. “Ölməyib” ifadəsini Xanlar Lalayevin iddiasına uyğun olaraq, onun həyat yoldaşı haqqında demişik.
Gülnar Əliyeva yanvar ayının 17-si ölüb. Seçkilər haqqında siyahı isə bundan əvvəl tərtib olunub. Qeydiyyat idarəsi isə Gülnar Əliyevanın ayrılsa da, Xanlar Lalayevin evində hələ də qeydiyyatda olduğunu təsdiqləyib".
Xatırladaq ki, Qazax sakini Xanlar Lalayev Modern.az-a açıqlamasında bildirib ki, məntəqə seçki komissiyası onun vəfat etmiş qardaşı arvadı Gülnar Əliyevanın adına bildiriş göndərib.
“7 il əvvəl boşandığım həyat yoldaşımın seçkidə iştirak haqqında bildirişini evimizə göndəriblər. Qardaşımın 3 il əvvəl boşandığı qadın isə 1 ay əvvəl Bakıda dünyasını dəyişib. Onun adına bildirişi də bizə gətiriblər”.
Qardaşım 20 ildir, Bakıda, Binəqədi rayonunda yaşayır. Onun keçmiş həyat yoldaşı Gülnar isə ölüb. Boşanmış, üstəlik ölmüş adamın adına bizim evimizə bildiriş göndərirlər. Belə şey olar?” - deyən Xanlar Lalayev əminliklə bildirib ki, videoda adını çəkdiyi qadının ölmədiyi barədə iddialar yalandır:
“Mən diri adama necə ölü deyə bilərəm? Onun adını siyahıya salmaq düzgün deyil. Mənim oğlumun 19 yaşı var. Mənimlə birlikdə Qazaxda yaşayır. Heç onun adına bildiriş göndərməyiblər. Bu necə işdir ki, ölü adamı çağırırlar, 19 yaşlı gənci seçkiyə çağırmırlar.
Mən o bildirişləri qaytarıb, məntəqə üzvlərinə qadının öldüyünü dedim. Mənə dedilər ki, sizin üçün ölüb. Belə gülünc fikir olar? Mən sağ adama durduq yerə niyə ölüb deyim? O qadının məzarı Qazax rayon Daş Salahlı kəndindədir. O kənddə basdırılıb”.