Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşması

Azərbaycanda yaradıcı gənclərin formalaşması

2 Aprel 2012, 12:00

Yaratmaq xəyal və  məqsəd  “şəhərləri” arasında çəkilmiş uzun və əziyyətli yola verilən addır. Bir insan üçün heç də asan deyil xəyal şəhərini tərk edib, məqsəd şəhərinə yola çıxmaq. Çünki xəyal şəhərində hər şeyə qiyabi sahib olursan. Sevinclərin, qələbələrin yarımçıq, cəhdlərin saxtadır. Bu boyda şəhərdə  küçələrin iki adı var: tənbəllik və çalışqanlıq. Çalışqanlıq küçəsinin sakinləri çox azdır. Hətta bəzən bu küçədən Tənbəllik küçəsinə köçənlər də olur. Tənbəllik küçəsindəkilər üçün zaman axır ya da axmır, Günəş çıxıb,yoxsa batıb əhəmiyyəti yoxdur.

       Yaratmaq - bir az da digərlərinin görə bilmədiklərini görməkdir. Hamı qurumuş budağa,qar dənəciklərinə  baxa bilər, ancaq onu heyran olunası, düşündürəsi bir rəsm əsərinə çevirmək iqtidarı ancaq rəssamlara  verilmişdir. Hər kəs dəftər və qələmi əlinə götürə bilər, lakin onların vasitəsilə qəlbləri fəth edəsi bir roman yaratmaq işinin öhdəsindən ancaq yazıçılar gələ bilər. Bu siyahını uzada, ora heykəltəraşları, musiqiçiləri və başqa yaratmaq qabiliyyəti olan yaradıcı insanları əlavə etmək olar.

     Yaradıcı insan olmaq yeni bir şeyi meydana gətirməkdir. Hər yenilik yaradıcı insanların əsəri olmadığı kimi, yaradıcı insanlar da həmişə yeni bir şey yaratmaq imkanı əldə etmirlər. Artıq görülmüş bir işdə yenilik etmək də bir növ yaradıcılıqdır

    Gənclik yaratmağa meyillənmək dövrünün başlanğıcıdır. Əgər, insan gənclikdəki gücündən istifadə edib öz yaradıcı cəhətini ortaya çıxara bilsə və onu doğru yola istiqamətləndirsə, istədiyinə çatmaqda ona heç nə mane ola bilməz.

    Vətənimiz Azərbaycan tarixi boyunca istənilən elm sahəsində dünyaya dahilər bəxş etmiş bir ölkə  kimi böyük nüfuza malkdir. Onun bu nüfuzunu qoruyası kifayət qədər istedadlı gəncləri vardır. Ancaq qeyd etmək lazımdır ki, yaradıcılıq hər insanın keçə bilməyəcəyi çətinlikləri özündə ehtiva edir. Bir cəmiyyətdə istedadlı, yaradıcı gənclər cəmiyyətin kiçik bir hissəsini əhatə edir. Buna səbəb onların lazımı şəraiti əldə edə bilməmələridir. Ancaq yaradıcı gənclərin əsas çətinliyi nə isə yarada bilməmələridir. Bəzən ideyaların içində, bəzən də ümidsizliyin içində boğulurlar.

      İstər Azərbaycanda, istərsə dünyanın hər hansı bir hissəsində yaradıcı olmağın, xüsusilə də yaradıcı gənc olmağın özünəməxsus problemləri var. Məkanların dəyişməsi bu problemlərin miqyasını kiçiltmir. Olduğu yerdə nə qədər çətinlik varsa, yaradıcı gəncdə də bir o qədər dözüm, iradə, güc və ən əsası inam olmalıdır. Bir yaradıcı insanın,gəncin öz ideyasını həyata keçirmək şansı dəniz tısbağasının yumurtadan çıxmış balalarının dənizə çatmaq şansı qədərdir. Yəni mübarizədir.

    Azərbaycanda yaradıcı gənclərin formalaşması üçün şərait kifayət qədərdir. Ancaq əsas odur ki, yaradıcı gənc öz ideyasının, yaradıcı qabiliyyətinin arxasınca gedə bilsin. Onda o, görəcək  ki, ideyalarını həyata keçirçməkdə qarşısında duran ən böyük maneə də çətinlik də onun özü imiş. Əgər o cəhd etsə, onda bütün qapılar onun üzünə açılar. Onun cəhdlərini görənlər kömək etmək üçün əlindən gələni edəcəklər.

      Ancaq elə anlar olur ki, cəhdlər də kifayət etmir. Azərbaycanda yaradıcı  gənclərin qarşılaşdıqları tək problem onların özləri ilə bağlı deyil. Onların “görünməzliyi” digər bir çətinlikdir. Düzdür, gənclərin formalaşması üçün şərait var, ancaq həmin şəraitlə gənclər arasında sanki böyük bir uçurum var. Hər dəfə uçurumdan keçməyə cəhd edənlərin böyük bir hissəsi elə o uçurumdan aşağı düşür. Nə etməli? Uçurumu necə keçməli? sualına cavab axtara-axtara gənc yavaş-yavaş  mübarizəsinin mənasızlığı fikrinə düşür və beləcə, o da yaradıcılğı da məhv olub gedir.

       Sonda onu deyim ki,yaratmaq heç bir məkana, zamana, çətinliyə sığmayan bir anlayışdır. Yaratmaq bədənin sorğu-sualsız beynin hakimiyyətini qəbul etməsidir.Yəni, heç bir çətinlik, maneə yaradıcı insana, gəncə mane ola bilməz. Əgər, o həqiqətən istəyirsə, qarşısındakı maneələrin qalibiyyət sarayının pəncərəsindən baxıb qürur və təbəssümlə xatırlayacağı çətinlik qırıntılarından başqa heç nəyə çevrilməyəcəyini də bilməlidir.               

Peykər İbrahimova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq