Modern.az

“Əvvəllər karantin qadağaları ilə bağlı intizamsızlıq çox idi” - Deputatlar

“Əvvəllər karantin qadağaları ilə bağlı intizamsızlıq çox idi” - Deputatlar

11 Aprel 2020, 14:42

Hazırda dünyada olduğu kimi, ölkəmizdə də əsas müzakirə mövzusu COVİD-19 pandemiyasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanın bir çox rayonlarında koronavirusa yoluxma halı müəyyən olunub.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatları da vəziyyəti təsdiq ediblər.

Deputatlar seçildikləri dairələrlə mütəmadi əlaqə saxladıqlarını, vəziyyətlə maraqlandıqlarını qeyd ediblər.

71 saylı Masallı kənd seçki dairəsinin deputatı Anar İsgəndərli qeyd edib ki, biz bir neçə gün öncə deputat Məşhur Məmmədovla birlikdə, Yeni Azərbaycan Partiyasının da dəstəyi ilə 1400 aztəminatlı ailəyə yardımı həyata keçirilib:

 

“Maddi çətinliyi olan ailələrə ərzaq təminatı etməklə yanaşı, #evdeqal çağırışı ilə bağlı maarifləndirmə həyata keçirdik. İnsanlara başa saldıq ki, sağlamlığını qorumaq üçün onların evdən çıxmaması, bir müddətlik başqaları ilə canlı ünsiyyətdən kənar olması vacibdir.

Koronavirus infeksiyası ilə yanaşı hökumət əlindən gələni edir. Bizim üzərimizə düşən isə qayda-qanunlara, qoyulan qadağalara riayət etməkdir. Bir müddətlik çətinlikdən sonra hər kəs yenidən əvvəlki həyat tərzinə qayıdacaqdır. Mən əminəm ki, Cənub rayonlarında insanlar arasında apardığımız təbliğatın nəticəsi müsbətdir. Masallı rayonunda koronavirusa yoluxma ehtimalı artıq çox aşağı düşüb.

Masallı sərhəd rayonudur. Bir tərəfdən Lənkəran, digər yandan isə Cəlilabad ilə qonşuyuq. Hər iki qonşu rayonda koronavirusa yoluxma halı qeydə alınıb. Masallıda isə hələlik cəmi bir nəfərin koronavirus testi müsbət çıxıb. Ümid edək ki, bundan sonra da yoluxma halı artmayacaq. Ətraf rayonlarda koronavirusa yoluxanlar da sağalıb, evlərinə, ailələrinə qayıdacaqlar”.

 

  1. İsgəndərli mütəmadi olaraq, öz dairəsi ilə əlaqə saxladığını vurğulayıb:

“Ərkivan kəndində yeni bir fond yaradılır. İmkansız ailələrə yardımla bağlı fondun yaradılması təşəbbüsünə mən də öz xeyir-duamı çatdırdım. Vahid bir qərargah yaradıldıqda, bir kənddən digərinə yardım aparmaq problem olur. Çünki hər kəndin giriş-çıxışında polis nəzarəti var. Hər kəndin özündə dəstək icması yaradılarsa, imkansız ailələrə kömək daha da asanlaşar. Mənim bununla bağlı müraciətimə ilk olaraq elə Azərbaycanın ən böyük kəndi olan Ərkivan qoşuldu. Mən özüm də yeni fonda əlimdən gələn maddi dəstəyi göstərdim.

Dünyada ən dəhşətli silah qorxudur. İnsanları maarifləndirmək məhz bu qorxunu yox etmək üçün vacibdir. Biz anlamalıyıq ki, bütün inkişaf etmiş ölkələri bürüyən koronavirusun bizə zərər vurmaması üçün deyilənlərə əməl etməliyik”.

 

90 saylı Ağdaş seçki dairəsinin deputatı Cavid Osmanov isə Ağdaş rayon xəstəxanasının zona xəstəxanası edildiyini və həmin bölgədə koronavirusa yoluxan xəstələrin burada müalicə olunduğunu diqqətə çatdırıb:

“Xəstəxanada pasiyentlər üçün bütün tibbi şərait yaradılıb. Həkimlərimiz gigiyenik qaydalara əməl etməklə, ora daxil olan xəstələri tam nəzarətdə saxlamağa, yayılmanın qarşısını almağa çalışırlar.

Təmsil etdiyim dairədə də Operativ Qərargahın bütün tapşırıqları icra edilir, qadağalar tətbiq olunur. Bəzi hallarda karantin qaydalarını pozmağa cəhd edənlər də olur. Amma Daxili İşlər Nazirliyinin əməkdaşları cümlədən Rayon İcra Hakimiyyətinin səlahiyyətli işçiləri əhaliyə bununla bağlı xəbərdarlıq edir, maarifləndirirlər. Fürsətdən istifadə edib, vətəndaşlarımızın hər birinə müraciət edirik ki, bu həssas döəmdə karantin rejiminin qaydalarına əməl etsinlər”.

 

68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov da Cəlilabad rayon Mərkəzi Xəstəxanasında koronavirusdan müalicə alan, eyni zamanda karantin rejimində saxlanan insanların olduğunu vurğulayıb.

Deputat qeyd edib ki, mütəmadi olaraq, xəstəxananın baş həkimi ilə telefon danışığı aparır:

“Həkim qeyd edir ki, bütün tədbirlər görülüb, xəstələrin sayı, yoluxmanın artıb-artmaması barədə TƏBİB-ə müntəzəm məlumat verirlər. Əsas tapşırıq budur ki, #evdeqal çağırışına riayət edilsin, koronavirusdan qorunmaq üçün tələb olunan qaydalar yerinə yetirilsin. Yalnız kənd yerlərində əkin-biçinlə məşğul olan şəxslərə sahəyə getməyə qısamüddətli icazələr verilir. Ümumilikdə isə polis postları qurulub, bütün rayonlarda olduğu kimi Cəlilabadda da karantin qaydalarına əməl olunmasına ciddi nəzarət həyata keçirilir. Əvvəllər açıq demək lazımsa, nizam-intizamsızlıq daha çox idi. Amma indi insanlar qadağalara daha məsuliyyətlə yanaşırlar. Hər kəs artıq dərk edir ki, yoluxma tendensiyası getdikcə artırsa, yoluxanların sayı sağalanlardan bir neçə dəfə çoxdursa, deməli vəziyyət ciddidir.

 

Cəlilabad rayon icra başçısının müavini Alıcı Dilavərov da karantin xəstəxanasında müalicə alır. Onun koronavirus testi müsbət çıxıb, mütəmadi əlaqə saxlayırıq və səhhətində heç bir problem olmadığını deyir”.

E. Nəsirov onu da qeyd edib ki, rayonda maddi imkanı yaxşı olan şəxslər imkansız ailələrə yardımlar edirlər:

“Amma bəzən belə fikirlər səsləndirirlər ki, deputatlar insanlara ərzaq dəstəyi göstərməlidir. Lakin məntiqlə düşünmək gərəksə, hər bir deputatın 40 mindən çox seçicisi var. Deputat hansı kəndə, hansı ailələrə yardım etsə, digərləri bundan incik düşə bilər, ayrıseçkilik kimi qiymətləndirə bilərlər. Bütün dairənin sakinlərinə sözügedən yardımları etmək isə fiziki cəhətdən də, maddi cəhətdən də çox çətin prosesdir. Ona görə, biz deputatlar ölkə başçısının çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz maaşımızın bir hissəsini köçürdük. Beləliklə, fond çərçivəsində insanların sosial problemlərinin həlli üçün bu vəsaitdən istifadə ediləcək”.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər