Modern.az

Koronavirusun ən çox yayıldığı bölgələrdə son vəziyyət:  “İnsanlar arxayınlaşmasınlar” - Üç deputat

Koronavirusun ən çox yayıldığı bölgələrdə son vəziyyət:  “İnsanlar arxayınlaşmasınlar” - Üç deputat

Parlament

18 May 2020, 11:20

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bu gündən etibarən daha bir qisminin yumşaldılmasına qərar verilib.

 

Bundan öncə karantin rejiminin müəyyən qədər yumşaldılması addımı atıldıqda, bəzi rayonlarımızda yoluxma hallarının artdığı müşahidə edildi.

 

Maraqlıdır, həmin rayonlarda hazırda koronavirusla bağlı vəziyyət necədir?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin üzvləri rayonlarla mütəmadi əlaqə saxladıqlarını qeyd ediblər.

 

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin deputatı Musa Quliyev bir neçə gün öncə Gəncəyə getdiyini və oradakı vəziyyətlə tanış olduğunu qeyd edib:

 

“Artan koronavirus epidemiyasının tam nəzarət altına alınması mümkün olub. Yoluxma sayı minimuma endirilib. Karantin rejiminə əməl edilirdi və insanlar şəhərdə qoruyucu tibbi vasitələrdən istifadə edirlər. Maarifləndirmə işinə isə xüsusilə əməl edilir. Şəhər əhalisi də məsuliyyətini dərk edərək, koronavirusdan qorunma tədbirlərinə əməl edəcəklər. Karantin rejiminin yumşaldılması insanların məsuliyyətini azaltmasına bəhanə olmamalıdır. Sosial məsafə qorunmalı, ehtiyac olmadığı hallarda evdən çıxmaq, laqeydlik göstərmək olmaz. Azərbaycan koronovirusla mübarizə dövründə nümunəvi ölkə kimi özünü dünyaya təqdim edə bildi. Pandemiya ilə ən uğurlu mübarizə aparan ölkələrdən biriyik. İnanıram ki, koronavirus tamamilə məhv olana qədər bu üstünlüyümüzü qoruyub, saxlayacağıq”.

 

73 saylı Lənkəran şəhər seçki dairəsini təmsil edən deputat Rüfət Quliyev də həm seçicilərlə, həm qohumlar, dostlarla, həm də icra strukturları ilə mütəmadi telefon danışığı apardığını bildirib:

 

“Təbii ki, mütəmadi fikir mübadiləsi aparırıq. Hüquq-mühafizə orqanları karantin rejiminin yumşaldılmasından sonra da bütün sahələrdə nəzarəti davam etdirəcək. Pozuntuların qarşısının alınmasına indi daha çox ehtiyac var. Ona görə, insanların məsuliyyətini dərk etməsi, sosial məsafəni qoruması, yoluxma hallarının qarşısını almağa çalışması vacibdir.

Prezident İlham Əliyevin addımlarının nəticəsi təbii ki, pandemiyanın qarşısının alınması olmalı idi. Həqiqətən koronavirus Azərbaycanda genişmiqyaslı pandemiya şəklində yayılmadı. Virusa yoluxanların, dünyasını dəyişənlərin və sağalanların ümumi nisbətini götürsək, Azərbaycanda ən pozitiv rəqəmlər mövcuddur”.

 

R.Quliyev onu da bildirib ki, xüsusi rejimli karantinin yumşaldılmasına artıq bütün dünya ölkələri başlayıb:

 

“Çünki dünya iqtisadiyyatı çöküb, koma vəziyyətinə gəlib, çıxıb. Bu durum son yüz ildə dünya tarixində olmayan hadisədir. İndiki durumun fəsadları hətta mən deyərdim ki, ilin sonunda məlum olacaq. Hər bir ölkə daxildə problemlərini həll etməyə, çətin durumdan çıxmağa çalışır. Azərbaycanın da bu məsələ ilə bağlı sosial siyasəti mövcuddur. Hesab edirəm ki, bütün dünyadakı durumla müqayisə etdikdə ölkəmizdə minimal itkilər mövcuddur. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının əvvəlki inkişaf səviyyəsinə qayıtması üçün 6 aydan 1 ilə qədər vaxt kifayət edəcək.

Son günlər ölkəmizdə koronavirusa yoluxma sayının artmasının səbəbi insanların nizam-intizamı pozmasıdır. Bununla əlaqədar dəfələrlə əhaliyə müraciətlər olunub, maarifləndirmə işləri aparılıb”.

 

107 saylı Qazax seçki dairəsindən deputat Səməd Seyidovun sözlərinə görə, koronovirusla mübarizəyə çox ciddi yanaşmalıyıq:

 

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi rejimli karantin yumşaldılsa da, artıq şəxsi məsuliyyət ən yüksək səviyyədə dərk edilməlidir. Biz bilirik ki, bu xəstəliyin qarşısını almaq üçün, yoluxma faizini endirmək üçün nə etmək lazımdır. İctimai məkanlardan, çox insanın toplaşdığı yerlərdən uzaq dayanmaq lazımdır. Bu günə qədər bütün ölkələr yoluxmanın qarşısını almaq üçün sosial məsafənin qorunmasından, təcrid addımlarından istifadə edir. Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirib, xəstəxanalar tikilib, xarici ölkələrdən dərmanlar, tibbi vasitələr gətirilib. İndiki məqamda isə önə çıxan məsələ şəxsi məsuliyyətdir. İnsanlar başa düşməlidirlər ki, bu xəstəliyi tamamilə üstələməmişik. Hətyat da, mübarizə də davam edir.

Yalnız qərb bölgəsində deyil, bütün Azərbaycan üzrə şəxsi məsuliyyətə ciddi önəm vermək lazımdır. Təbii ki, Bakıdan sonra ikinci ən böyük şəhər Gəncədir, ona görə yoluxanların sayı da çoxdur. Qaydalara nə qədər çox riayət olunursa, o qədər az yoluxma qeydə alınır. Qaydalara əməl edilmədikdə isə yoluxma sayı artır. Ona görə, karantin rejimi yumşaldılmış olsa belə, insanlar arxayınlaşmamalıdırlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!