Modern.az

İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - Tarixçi alim YAZDI - I HİSSƏ

İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - Tarixçi alim YAZDI - I HİSSƏ

30 May 2020, 09:00

Solmaz Rüstəmova-Tohidi,
Tarix elmləri doktoru

Mayın 29-da səhər Real TV-dən mənə zəng edərək İrəvanın Azərbaycan şəhəri olduğu və cənab Prezidentin 28 May İstiqlal bayramı münasibəti ilə etdiyi çıxışında bu məsələ ətrafında fikirlərlə bağlı müsahibə verməyimi xahiş etdilər. Son günlərin gərginliyindən hədsiz yorulduğumu, Prezidentin çıxışı ilə hələ tanış olmadığımı bildirərək və söhbətin məhz İrəvanın qədim tarixindən gedəcəyini düşünərək jurnalist xanıma bu mövzu üzrə iki mütəxəssis həmkarlarımın ünvanılarını verdim.

Həqiqətən son 3-4 gündə 28 may - Cümhuriyyət günü münasibətilə ən müxtəlif dövlət və internet televiziya kanallarında, zoom proqramı ilə İsveçdə, Gürcüstanda, Rusiyada yaşayan soydaşlarımız, Bakıdakı müxtəlif gənclər təşkilatları və qurumlarının üzvləri qarşısında saatlarla müsahibələr verib, məruzələr etdiyim, karantin vaxtında belə yuxu rejimini tamamilə pozduğum üçün hədsiz fiziki yorğunluq hiss edirdim.


Lakin az sonra bütün internet əlaqələrimə dünənki dinləyicilərimdən, jurnalistlərdən, tanıdığım-tanımadığım insanlardan Prezidentin çıxışında qoyulan məsələlərə dair suallar gəlməyə, çıxışın AXC ilə bağlı olan hissəsi də əlavələr şəklində göndərilməyə başladı. Tanış oldum və bütün yorğunluğum getdi.


Əvəzini bir tarixçi olaraq ilk növbədə özümə, sonra tarixçi həmkarlarıma, daha sonra “rəsmi” statuslu funksioner tarixçilərə görə günahkarlıq kompleksi tutdu. Çünki əgər Cümhuriyyətin 102-ci ildönümündə, müstəqilliyimizin 28-ci ilində dövlət başçısı ölkə ictimaiyyəti qarşısında belə suallar qoyursa, bunun ilk günahı, ilk təqsiri biz tarixçilərdədir.


Gənc dostlarım, jurnalistlər İrəvanın “verilməsi” ilə bağlı konkret suallar göndərdilər, açıqlama və sənədlər təqdim etməyi, məsələyə münasibət bildirməyimi istədilər. Elə bu məsələdən də başlayaq:

Nə üçün İrəvan şəhəri ermənilərə verildi?


Qədim Azərbaycan məkanı və şəhəri olan İrəvanın 1918-ci il mayın 29-da ermənilərə “verilməsi”, daha dəqiq deyilərsə, güzəştə gedilməsi faktdır. Amma tarix elmi istənilən faktın yalnız təsbit olunmasını deyil, onun baş verdiyi şəraiti və şərtləri kompleks şəkildə araşdırmağı tələb edir.

Ermənilərin (Osmanlı və Qafqaz) hələ XVII əsrdən bəri Avropa, Rusiya və Yaxın Şərq ölkələrinin dəstəyi ilə “Dənizdən dənizə” dövlət yaratmaq uğrunda apardıqları ciddi mübarizə, I dünya müharibəsində qalib Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya, ABŞ) tərəfində əli silahlı nizami ordularda vuruşması, erməni siyasətçilınərinin genişmiqyaslı diplomatik təbliğatın nəticəsi olaraq bu müharibənin sonluğuna yaxın Erməni dövlətinin yaranması danılmaz zərurət idi, söhbət sadəcə onun hansı ərazilərdə yaradılacağından gedirdi. İddia etdikləri Osmanlı vilayətləri 1915-ci ildən başlayaraq xəyanətkar erməni əhalisindən demək olar ki, təmizlənmişdi. Erməni mənbələrinin özlərinin yazdığına görə, 350-450 min hüdudunda Osmanlı erməniləri 1916-1917-ci illərdə daşnak qoşunlarının müşayiəti ilə Cənubi Qafqaza, əsasən İrəvan quberniyasının ərazilərinə keçmiş, burada yerli azərbaycanlı əhalini kütləvi surətdə qırmış və qovmuş, məskənlərini zəbt etmiş, bölgənin demoqrafik vəziyyətini əsaslı surətdə dəyişmişdilər.

1918-ci il üçün erməni milli qüvvələrinin regionda real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə artıq həll edilmiş məsələ olduğu, həmin konkret dövrdə bölgədəki siyasi proseslərdə Osmanlı dövlətinin aparıcı rolu, Ermənistanın hansı ərazilərdə yaradılması məsələsini də məhz bu dövlətin həll etdiyi də tarixi həqiqətdir. Öz dövlətini yaratmaq ərəfəsində olan azərbaycanlıların real vəziyyəti isə gürcülərdən, hətta geniş əraziləri ələ keçirib, sadəcə siyasi mərkəz məsələsini həll edən ermənilərdən də pis idi. Paytaxt Bakı daxil olmaqla bütün quberniya ərazisinin (Bakı, Şamaxı, Göyçay, Cavad, Ərəş, Lənkəran qəzaları) işğal altına düşdüyü, həmin ərazilərdə yaşayan xalqın bir hissəsinin məhv edilmiş, qalan hissəsi düşmən idarəsi altında girov, ya dağlarda, meşələrdə, yarğanlarda, çöllərdə sərgərdan dolaşaraq aclıqdan, soyuqdan, qorxudan, xəstəlikdən qırıldığı, İrəvan - Zəngəzur mahallarından on minlərlə qaçqının Gəncə-Qarabağa axışdığı bir zamanda 70 faizi ermənilərdən ibarət 12-16 minlik Qırmızı Ordu Azərbaycan milli qüvvələrinin son “bastionu” Gəncəyə hücuma hazırlaşırdı. Bütün bunlara son qoyacaq Azərbaycan ordusu, silah-sursat, maliyyə olmadığı bir şəraitdə - 1918-ci ilin mayında Azərbaycan nümayəndə heyəti (M.Ə.Rəsulzadə və M.H.Hacinski) Batumda, Osmanlı dövlətinin Qafqaz qoşunları komandanlığı ilə Bakının və Azərbaycan torpaqlarının biloşevik-rus-erməni qüvvələrindən azad edilməsi ətrafında çox ağır danışıqlar aparırdı. Həmin dövr gürcülərin arxasında Almaniya, ermənilərin arxasında İngiltərə və Fransa kimi qəyyum dövlətlərin durduğu bir şəraitdə azərbaycanlıların yeganə pənahı Osmanlı dövləti idi və bu dövlətin nümayəndələri Azərbaycan siyasətçilərinə israrlı şəkildə “ermənilərə bir qədər ərazi güzəştə etmək” kimi “tövsiyyələr” edirdi.
“Bir qədər ərazi” altında İrəvan şəhəri nəzərdə tutulurdu, çünki, həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən quberniyanın ikinci böyük şəhəri - Aleksandropol (Gümrü) türk qoşunlarında idi və ortada ən onları boşaltmaq niyyəti yox idi. Belə bir şəraitdə “ermənilərə veriləcək siyasi mərkəz” ancaq İrəvan şəhəri ola bilərdi. Əslində isə bu zaman yalnız İrəvanın deyil, Bakının və bütünlə Azərbaycanın taleyi həll olunurdu.

Odur ki, Milli Şurasının 29 may tarixli iclasında “İrəvanın Ermənistana güzəştə gedilməsi” məsələsini müzakirəyə çıxaran Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin bu hadisəni dönə-dönə “qaçılmaz tarixi zərurət”, “bizlər üçün acı həqiqət” kimi qiymətləndirməsinin fərqinə varmaq lazımdır.
Mən istənilən auditoriyada bu məsələdən bəhs edəndə dinləyicilərimə “özünüzü o kişilərin yerinə qoyun!” təklifini edirəm. Çünki, “Bakının azadlığı İrəvandan keçir” mənasında tövsiyyə-şərt qarşısında qərar qəbul etməli olan kişilər – Batumda danışıq aparanlar, Tiflisdə Milli Şura üzvləri daha böyük itki (Bakı və Azərbaycan) ilə daha kiçik itki (İrəvan) arasında seçim etməli idilər. Bu günümüzün müasirləri, siz hansı seçimi edərdiniz ?

Qərar verməzdən əvvəl aşağıdakı sualları da nəzərə almağınızı təvəqqe edirəm. Heç öz paytaxtını qaytarmağa imkanı olmayan Azərbaycan hökuməti İrəvan şəhərini faktiki olaraq özündə saxlaya bilərdimi? Bu şəhəri qoruyacaq Azərbaycan ordusu vardımı? Ümumiyyətlə, azərbaycanlılardan bu “güzəşti” soruşan, ya icazə gözləyən vardımı?

Burada bir məqamı da nəzərə alın ki, istər öz dövründə, istərsə bu gün bizim özümüzdən və türklərdən başqa heç kim İrəvanı Azərbaycan şəhəri hesab etmirdi. Ermənilər bu məkanı daim özlərinin tarixi, digərləri isə Rusiya İmperiyasının quberniya şəhəri bilirdilər, indi də belə hesab edilər. Odur ki, həmin dövr üçün dövləti olmayan və bu səbəbdən rəsmi şəkildə İrəvana hər hansı iddia etməyə hüququ çatmayan azərbaycanlıların bu iddiasını heç ciddiyə almırlar. Məhz bu sonuncu səbəbdən həmin “güzəşt” aktı hər hansı tərəflərarası müqavilə şəklində mövcud olmayaraq, yalnız Milli Şuranın 29 may tarixli iclasının protokolunda öz əksini tapıb və erməni nümayəndələri ilə də bu “güzəştin” müqabilində Qarabağa iddialardan imtina edəcəkləri barədə yalnız şifahi razılaşma əldə etmək mümkün olub. Bu məntiqdən çıxış edərək, F.X.Xoyskinin “İrəvanı ermənilərə güzəştə getdik” ifadəsini əslində İrəvana “sahiblik”, eləcə də siyasi şəraitdən doğan çarəsizlik və gücsüzlük qarşısında, necə deyərlər, “ən pis şəraitdə yaxşı sima saxlamaq” cəhdi kimi də qiymətləndirmək olar. Bu ifadə ilə Azərbaycan Hökumətinin başçısı ən azı İrəvanın o dövrə qədər Azərbaycan şəhəri olduğu və ermənilərə məhz “ğüzəştə gedildiyi” faktını təsdiqləyirdi.

Burada bir informasiya: Azərbaycan Milli Şurası 1918-ci ilin 29 mayında ermənilərə çəmi 9,2 min kv. km. ərazi – İrəvan şəhəri və ətrafını güzəştə getmişdir. Həmin ərazilərdə yaşayan 321 min əhalinin 230 min nəfəri erməni, 80 min nəfəri azərbaycanlı, qalan 11 mini digər millətlərin nümayəndələri idi.

Nə üçün AXC dövründə “müstəqillik şərti xarakter daşıyırdı, Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı? Niyə AXC Azərbaycan ərazisinə tam nəzarət etmirdi”?

Azərbaycan siyasi qüvvələri hələ müstəqillik elan etməz xeyli əvvəl, öz ərazilərinə və milli hüquqlarına sahib olmaq üçün “Azərbaycan muxtariyyəti” şüarını irəli sürdükləri vaxt dərhal qonşu dövlətlərin böyük etirazları ilə qarşılaşıblar. İran dövləti bu ifadədəki “Azərbaycan” adına etirazını bildirərək, bu ada haqqı “çatmayan” qafqazlıları İran Azərbaycanına ərazi iddialarında ittiham edib və bu məsələni Paris Sülh konfransına qədər çıxarıb.

Rusiya dövləti (Ağ hökumət və bolşeviklər), erməni milli, siyasi-hərbi qüvvələri isə “muxtariyyət” kəlməsində azərbaycanlıların dövlətçilik iddialarını görərək, onlara “muxtariyyət” əvəzinə “bir yığın xarabazarlıqlar” (Şaumyan) vəd edib və 1918-ci il mart-iyul aylarında kütləvi qırğınlar törətməklər bu “vədlərinə” əməl ediblər.

Azərbaycan xalqının varlığı, Azərbaycan ərazilərinin bütövlüyü ciddi təhlükə altında idi. (mövcud plana görə Bakı daxil olmaqla bütün Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Zəngəzur, İrəvan torpaqları Ermənistana, Zaqatala-Qazax dairələri isə gözləmə mövqeyində duran gürcülərə keçməli idi). Məhz bu anlam qarşısında Zaqafqaziya Seymində əks siyasi-ideoloji mövqelərdə duran 4 Azərbaycan fraksiyası özündə birləşməyə güc taparaq 1918-ci il 28 mayında İstiqlal bəyannaməsini – Müstəqil Azərbaycan dövlətinin yarandığını elan edirlər. Lakin Bakı və işğal altında olan torpaqlar azad edilməyincə bu müstəqillik hələ yalnız “kağız” üzərində idi. Müstəqilliyə “can verəcək” qüvvə isə Qafqaz İslam Ordusu və yaranmaqda olan Azərbaycan hərbi birləşmələri olmalı idi. Lakin həmin ilin 17 iyununda Tiflisdən Gəncəyə gələn Milli Şura və Azərbaycan hökuməti burada “Müstəqillik” aktını qəbul etməyən bir dəstə yerli əhali və onların tanınmış xadimləri ilə üzləşir. Məlum olur ki, müəyyən daxili səbəblər, eləcə də “düşmən qonşular” əhatəsi faktından çıxış edən bu əhali qrupu Azərbaycan xalqının xilasını müstəqil dövlətçilikdə deyil, Osmanlı dövlətində ilhaq olunmaqda-birləşməkdə görür. “İlhaqçılar” adlanan bu qrup həmin dövr artıq Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onun müşaviri Əhməd bəy Ağayevin timsalında öz tərəfdarlarını tapırlar. “Gəncə böhranı” adlanacaq və Azərbaycan dövlətçiliyi üçün ilk ciddi təhlükə sayılacaq bu hadisənin təfərrüatına varmadan Milli Şuranı “xalqın rəyini öyrənmədən İrəvanı ermənilərə verməkdə” ittiham edən bəzi “rəsmi” tarixçilərə bir ritorik sual edək. İşğal qarşısında sərgərdan düşmüş xalqın rəyini öyrənmək üçün nə vaxtı, nə imkanı olmayan Milli Şura üzvləri, həmin xalqın digər hissəsinin də müstəqillikdən imtina kimi rəyi ilə hesablaşacağı təqdirdə Azərbaycanın sonrakı taleyini necə təsəvvür edirsiniz? Bu zaman cəmi 4 aydan sonra Osmanlı İmperiyasının özünün tam məğlubiyyətə uğrayaraq dağıldığı, tutduğu bütün ərazilərdən çıxarıldığı, Osmanlı rəhbərlərinin rüsvayçı Sevr müqaviləsini imzaladığı və hələ sonra Mustafa Kamalın misilsiz hərəkatı nəticəsində müdafiəyə qalxacağını nəzərə alın. Odur ki, bu növ “xalqın rəyi” və xarici hərbi iradə qarşısında yenə də müvəqqəti güzəştə getməyə məcbur olan Milli Şura yalnız bir şərt irəli sürür: İstiqlalı qorumaq!

Bundan sonrakı hadisələr - Qafqaz İslam Ordusu və Azərbaycan hərbi birləşmələrinin torpaqlarımızı işğaldan azad edə-edə artıq 1918-ci ilin iyul ayının sonlarında Bakıya yaxınlaşdığı vaxt Almaniya, Rusiya, İngiltərə kimi böyük dövlətlərin və ermənilərin dünyaya səpələnmiş siyasi qüvvələrinin hər vəchlə Bakının bu ordu tərəfindən alınmasına mane olmaq cəhdləri, azərbaycanlılara ən yaxşı halda Gəncənin paytaxt kimi vəd olunması, Bakının isə “sərbəst” şəhər (вольный город) – hamının şəhəri, Bakı neftinin- hamının nefti elan edilməsi şərtləri qarşısında Türk ordusu komandanlığının və Azərbaycan xadimlərinin göstərdiyi iradə və mətanəti qeyd etməmək olarmı? Rəsulzadənin bu məsələ ətrafında İstanbulda açdığı geniş diplomatik “döyüş”, bu ideyanın əsas müəlliflərindən Almaniyanın İstanbuldakı səfirliyinə və bütün digər Avropa ölkələrin nümayəndəliklərinə təqdim etdiyi “Bakı ... Azərbaycan üçün ölüm-dirim məsələsidir” –sonluğu ilə bitən ultimatumlar, Azərbaycana göndərdiyi “Bakı alınmasa, hər şey bitdi. Əlvida Azərbaycan” teleqramları bir tərəfdən, göstərilən güclü təzyiqlər qarşısında Bakıya hücumu saxlamış Osmanlı dövlətinin başçılarının bu məsələdə dəyanəti, məxsusi olaraq Almaniyaya çağırılan Tələt Paşanın Bakının Azərbaycana məxsus olduğuna dair açıq bəyanatı, Ənvər Paşanın Qafqaz İslam ordusu komandanlığına teleqraf vasitəsilə yaza bilmədiklərini çaparla göndərərək “şəhəri tezliklə azad edin” əmrləri, yenə də Rəsulzadənin Bakının türk ordusu tərəfindən işğalı ittihamları qarşısında “Bakı Azərbaycan adına azad edilməlidir! Bakıya ilk olaraq Azərbaycan hökuməti girməlidir!” kimi çağırışları AXC xadimlərinin məhz müstəqillik uğrunda mübarizəsinin həqiqətən şanlı səhifələri idi və bəli, burada Cümhuriyyət xadimləri qonşu və qardaş Osmanlı dövlətinin generallarının dəstəyindən yararlanırdılar.

Mudros sazişinə əsasən I dünya müharibəsində məğlub Türk qüvvələri Azərbaycanı tərk etdikdən sonra da Azərbaycan hökuməti hələ tam müstəqil şəkildə fəaliyyət imkanı əldə etmir. Müttəfiq dövlətlərin razılığına əsasən Cənubi Qafqaz, o cümlədən Azərbaycan İngiltərənin təsir dairəsinə verilir. Bununla belə Azərbaycan hökuməti addım-addım öz müstəqilliyinə doğru irəliləyir. Noyabrın 9-da vaxtilə Gəncədə, sözü keçən ilhaqçıların təklifi ilə qəbul edilmiş Osmanlı dövləti bayrağına bənzər, qırmızı, 8 guşəli bayraq dəyişdirilir. Yeni, 3 rəngli bayraq Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin illərlə formalaşdırdığı milli idealları – türkçülük, müasirlik, islamçılığı tərənnüm edən Dövlətçilik atributu kimi qəbul edilir.

1918-ci ilin 17 noyabrında gəmi ilə ilk dəfə Bakı limanına qədəm qoyan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun ilk əmri həmin o bayraqları yerə endirmək olur! Lakin şəhərdə ingilis general-qubernatorluğu yaranmasına və bütün idarəçiliyin, həmçinin Bakının neft mədənləri onun nəzarəti altına keçməsinə baxmayaraq Azərbaycan hökuməti bu mürəkkəb şəraitdə belə geri çəkilmir. Son nəticədə Azərbaycan milli-siyasi qüvvələrinə mənfi münasibət bəsləyən general Tomson cəmi 40 gündən sonra – dekabrın 27-də Fətəli Xan Xoyski hökumətini ölkədə yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır. Bu 40 gündə hansı hadisələrin baş verdiyi və gen.Tomsonun münasibətinin beləcə 180 dərəcə dəyişməsi səbəbləri üzərində dayanmadan, onunla kifayətlənək ki, Azərbaycan Milli Şurası və hökuməti 1918-ci ili Azərbaycan müstəqilliyi və dövlətçiliyinin ən möhtəşəm nailiyyəti – Azərbaycan Parlamentinin yaradılması ilə başa vurur!

“Vəhşi, barbar, qaragüruhçu müsəlmanlar” əvəzinə (rus-erməni milli komitələrinin təqdimatı) Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən general Tomsonu öz müttəfiqinə çevirməyi bacaran Cümhuriyyət xadimləri sonrakı 1919-cu ildə məhz bu generalın dəstəyi ilə həmin dövrün ən müşkül problemini – Qarabağ məsələsini həll edir, Xosrov bəy Sultanovun başçılığı altında Qarabağ qubernatorluğunun təşkil olunmasına, Qarabağın erməni əhalisinin Azərbaycan hökumətini tanımasına, erməni qoşunlarının Qarabağdan və Zəngəzurdan qovulmasına, rus generalı Biçeraxovun və onun erməni-daşnak qoşununun Bakıdan çıxarılmasına nail olurlar. Paris Sülh konfransına yollanan, lakin Fransa tərəfindən məqsədli şəkildə viza ala bilməyərək 4 ayadək İstanbulda yubanan Azərbaycan Nümayəndə Heyəti də məhz ingilis generalının təqdimatı ilə Parisə gedib çıxa bilir.

İstər İngilis Komandanlığının Azərbaycanda olduğu, istərsə də sonrakı, tam müstəqil şəkildə mövcud olduğu 8 ay ərzində Azərbaycan hökuməti ölkə ərazisinə nəzarətini bərpa edir, Qarabağla yanaşı, Muğan separatizmini də yatırır, Cavad, Lənkəran qəzalarında öz hakimiyyət bərqərar edir.

Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi?

Yuxarıdakı ən ümumi xülasə, göstərilən şərtlər daxilində Cümhuriyyətin nə üçün cəmi 23 ay deyil, ümumiyyətlə, 23 ay necə yaşamaq qüdrətinə malik olduğu sualını irəli çəkir. Belə ki, həmin 23 ay ərzində sözün əsl mənasında Azərbaycan dövlətçiliyinin bütün mühüm sütunlarının qurulması, özlüyündə, elmi terminologiyaya uyğun gəlməsə də, bir “möcüzə” sayıla bilər. Düşmən dövlətlər əhatəsində yaşayan, daim düşmən münasibətlər və qıcıqlarla, xarici və daxili təhlükələrlə üz-üzə duran, hətta bu zaman da deklarasiya etdiyi dəyərlərə və demokratiya prinsiplərinə sadiq qalan Cümhuriyyətin 23 aylıq “Möcüzə”sinin səbəbini ilk növbədə onun Qurucularının şəxsində axtarmaq lazımdır. Hansı bir gözəgörünməz qüvvə sanki Azərbaycan xalqının və ərazilərinin müqəddəratının həll olunduğu çox ağır bir dövranda bu əraziləri özlərinə Vətən, xalqı isə mənsub olduğu Millət sayaraq, özünü onun taleyi üçün məsul bilən Şəxsiyyətlərin hamısını bütöv bir nəsildə yetişdirmişdi. Və bu şəxsiyyətlər də bütün zümrə, siyasi fikir və təşkilat, ictimai mövqe və mənsəb fərqlərini, yerliçilik, şəxsi ambisiya, vəzifə, mənfəət və s. kimi anlayışları bir kənara qoyun ilk növbətə milli maraqları üstün tutaraq öz dövlətlərini yaratdılar, ona böyük uzaqgörənliklə “Azərbaycan” adı verdilər və onu bütün mümkün, bəzən hətta qeyri-mümkün şərtlər daxilində tam 23 ay yaşatdılar!

Azərbaycan Cümhuriyyət özü süqut etmədi. Azərbaycan hökuməti özündən qat-qat və hər barədə güclü qonşu dövlət tərəfindən birbaşa hərbi müdaxilə nəticəsində işğal olundu və süquta uğradıldı.

Müstəqilliyi qorumaq mümkün idimi?

Dövrün tarixi reallığı çox az zaman ərzində sübut etdi ki, Yox! Mümkün deyildi. Neft amilinin güclü amili bolşevik Rusiyasının işğal planlarında Azərbaycanı qabağa salsa da, az sonra Ermənistanın, və bu iki Qafqaz respublikasından qat-qat güclü dayaqları olan Gürcüstanın da işğal olunması buna sübutdur və əlavə dəlillərə ehtiyac görülmür.

Amma çox qısa zamanda yaradılan Cümhuriyyət Ordusu öz dövlətini və onun müstəqilliyini son qanınadək qorumaq əzmini nümayiş etdirdi. İşğal ərəfəsində Qarabağda, işğal planın tərkib hissəsi olaraq başlamış erməni qiyamını yatıran Azərbaycan hərbi qüvvələri Cümhuriyyətin aldanma yolu ilə (Qızıl Ordunun Azərbaycandan keçərək Anadoluya, Mustafa Kamal qüvvələrinə köməyə gedəcəyi şayiələri) hərbi işğala məruz qaldığını biləndən az sonra - may ayının sonlarında məşhur Gəncə üsyanına qalxdılar, fədakar Gəncə camaatının dəstəyi ilə şücaətlər göstərdilər, artıq ardı kəsilməyən düşmən qüvvələri qarşısında tab gətirə bilməyəcəklərini anladıqları bir zamanda belə 1920-ci ilin 28 mayında Cümhuriyyətin 2-ci ildönümünü qeyd etdilər. “Hamı sona qədər mübarizəyə səsləyirdi. Qoy bizə qalib gəlsinlər, lakin qoy düşmən öz qələbəsinə özünün yüzlərlə, minlərlə meyiti üzərindən çatsın. Qoy 28 may günü bizim tariximizə yalnız bizim müstəqilliyimizin elan edildiyi gün kimi yox, həm də Vətən naminə böyük qurbanlar günü kimi yazılsın. Qoy 28 may günündə düşmən ağır, amansız, ölüm-dirim mübarizəsi ilə qarşılaşsın. 28 may günündə layiqli müqavimət bizim iradəmizin böyüklüyünün simvolu, mənəvi qələbəmizin simvolu olacaqdır”.( Cahangir bəy Kazımbəylinin xatirələrindən).

Gəncə üsyanı da, sonra Qarabağ və digər bölgələrdəki üsyanlar da qan içində yatırıldı.

Azərbaycan Cümhuriyyətini qurmuş və ona başçılıq etmiş Böyük Kişilərin əksəriyyəti qətlə yetirildi, “müstəqilliyin” ləzzətini dadaraq bu dövləti sevən, yaşadan, müdafiə edən azərbaycanlıların çoxu yeni hökumət tərəfindən qətllərə, həbslərə, sürgünlərə məruz qaldı.

Azərbaycan Cümhuriyyəti qurucularından çox az hissəsi təcavüzdən xilas olaraq xaricə mühacirət edə bildi və orada ömürlərinin sonuna qədər “Azərbaycan davası” apardı.

Beləliklə, Azərbaycan Cümhuriyyəti artıq öz missiyasını başa vurmuşdu. Müstəqil Azərbaycan dövlətçiliyini yaratmışdı. Və işğaldan cəmi 3 ay əvvəl özünün müstəqillik və dövlətçilik tarixinə son töhfəsini vermişdi. 1920-ci ilin 11 yanvarında Dünyanın Aparıcı dövlətləri cəmi 3 il əvvəl haqqında eşitmədikləri, saymadıqları, ciddi almadıqları bir millətin varlığını təsdiq etmiş və onun dövlət müstəqilliyini de-fakto tanımışdı! 1919-cu ilin 28 mayında Parisdəki Azərbaycan Nümayəndə heyətini hansı ölkənin nəzarətinə verilməsi məqsədilə tanışlıq üçün qəbul edən, bu zaman Azərbaycanın harada yerləşdiyini belə bilməyən və görüş vaxtı tez-tez saatına baxan ABŞ prezidenti Vudro Vilson Əlimərdan bəy Topçubaşovun cəsarətli bəyanatından heyrətə gəlmişdi. Vilsonun “Vahid və bölünməz Rusiya” tərəfdarı olduqları və ondan qopan yeni dövlətlərin tanınmasının hələ gündəmdə olmadığı kimi açıq etirafına edilən etirazdan – azərbaycanlıların Denikin, Kolçaq, ya Rusiya hüdudlarında hər hansı birisinin hakimiyyətini qəbul etməyəcəyini, yalnız öz Azərbaycan Parlamenti və hökumətlərini tanıyacaqları – kimi sözlərdən sonra belə yazmışdı: “Mən ideyalara hörmət, azadlıq, hüquq və ədalət konsepsiyaları ilə bağlı mənimlə eyni tərzdə düşünən şəxslərlə söhbət edirdim”. (Vudro Vilson).

Azərbaycan Cümhuriyyətinin varlığının və müstəqilliyinin bu günümüz üçün əhəmiyyətini sübut edən ən mühüm məqam. Aprel işğalı zamanı Azərbaycanın hər halda dünyanın aparıcı ölkələri tərəfindən de-fakto tanınmış müstəqil dövlət olduğu faktı qarşısında onu dərhal öz ərazilərinə qatmağa cürət etməyən bolşevik Rusiyası onun sosialist yönlü, amma müstəqil respublika kimi qalmaq şərtini qəbul etmiş və Azərbaycan Sovet Respublikası iki ilə yaxın yarı formal da olsa müstəqil şəkildə mövcud olmuşdur. 1922-ci ilin sonlarında, artıq SSRİ yaradılarkən indiki 5 Orta Asiya respublikalarının yerləşdiyi geniş ərazilər SSRİ-yə “Türküstan muxtariyyəti” adı ilə RSFSR tərkibində daxil edilmişdi. Bundan narazı qalan Türküstan nümayəmdələri Stalinə “kiçik Azərbaycanın” SSRİ-yə “suveren respublika”, özlərinin isə “muxtariyyət” formatından narazılıqlarını bildirəndə Stalindən belə bir cavab almışdılar: “Çünki onların milli hərəkatı olub, milli dövlətləri olub”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...