Modern.az

Millimizin üzvünün axtarışa verildiyi qətlin TƏFƏRRÜATI: “Asfalta yıxaraq…”

Millimizin üzvünün axtarışa verildiyi qətlin TƏFƏRRÜATI: “Asfalta yıxaraq…”

Hadisə

2 İyul 2020, 10:57

Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Nurmaqomed Hacıyevin də iştirak etdiyi qətl hadisəsi ilə bağlı təfərrüatları açıqlayıb.

Modern.az xəbər verir ki, məlumata görə, Əbdulbasir Omarovun öldürüldüyü hadisə iyunun 23-ü “Maxaçqalavodokanal” ərazisində qeydə alınıb.

 

Konflikt həmin gün saat 22:00-da Maxaçqalanın Leninskiy Komsomol parkında başlayıb. Əbdülbasir Omarov opponenti Surakat Asiyatilovun üz nahiyəsinə yumruq vuraraq, öz avtomobilində ərazini tərk edib. Sonuncu isə Omarovu öldürmək məqsədilə qardaşı Hüseyn Asiyatilov və Azərbaycan güləş yığmasının 24 yaşlı üzvü Nurmaqomed Hacıyevi köməyə çağırıb.


“O, dostlarını Omarovu öldürmək üçün silahla gəlmələrini xahiş edib”-deyə istintaq məlumat verib.


Saat 22:40-da tərəflər “Maxaçqalavodokanal” ərazisində görüşüblər. Asiyatilov və Omarov arasında yenidən mübahisə başlayıb və tərəflər əlbəyaxa olublar.

 

“Bu zaman əraziyə əllərində silah olan Hüseyn Asiyatilov, Nurmaqomed Hacıyev və daha 20 şəxs daxil olub. Əbdülbasir Omarov bunu görərək qaçmağa cəhd göstərsə də, Asiyatilov qardaşları və Nurmaqomed Hacıyev onun arxasınca qaçaraq, asfalta yıxmış, atəşə tutaraq qətlə yetirmişdilər” –deyə İstintaq Komitəsi açıqlama verib.

 

Hazırda axtarışda olan Hüseyn və Surakat Asiyatilov qardaşları, Nurmaqomed Hacıyev barəsində Rusiya Cinayət Məcəlləsinin 105.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qətl) və 222.1 (qanunsuz silah dövriyyəsi) maddələri ilə cinayət işi açılıb.


Xatırladaq ki, Nurmaqomed Hacıyev 2008 və 2009-cu illərdə Avropa çempionatında Azərbaycana 97 kiloqram çəki dərəcəsində bürünc medallar qazanmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir