Modern.az

Deputat: “Çətinliklərə baxmayaraq, bütün sosial layihələr uğurla icra olunmaqdadır”

Deputat: “Çətinliklərə baxmayaraq, bütün sosial layihələr uğurla icra olunmaqdadır”

9 İyul 2020, 14:17

“2020-ci il üçün qəbul edilmiş bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunur”.

 

Bunu Modern.az-a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

 

Millət vəkili bildirib ki, pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərə baxmayaraq nəzərdə tutulan heç bir sosial layihə təxirə salınmayacaq.

 

“Bir yandan pandemiyanın iqtisadiyyata vurduğu ziyan, digər tərəfdən neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatına öz mənfi təsirlərini göstərib. Lakin bütün bu çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğrayıb. Bu bir çox ölkələrlə müqayisədə mümkün olan aşağı göstəricilərdən biridir”- deputat vurğulayıb.

 

Millət vəkili əlavə edib ki, buna səbəb isə ölkə iqtisadiyyatının ciddi əsaslar üzərində qurulması ilə bağlıdır:

 

“Pandemiya dövründə bəzi layihələrin icra vaxtı dəyişdirilsə də, heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Nəzərdə tutulan bütün sosial layihələr icra olunmaqdadır. Sosial layihələr çərçivəsində cari ildə məcburi köçkünlər və qaçqınlar üçün rekord sayda bina tikiləcək və nəticədə 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Bundan əlavə olaraq şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. 20 il qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Cari ildə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb.

 

Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət” layihəsi ilə yanaşı, ABAD, DOST mərkəzlərinin fəaliyyəti də insanlarımızın sosial problemlərinin həllinə öz töhfəsini verməkdədir.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb.

 

Əhalinin həssas təbəqəsinin sosial problemlərinin həlli məqsədi ilə 90 min insan sosial işlərlə təmin olunması prosesi davam edir.

 

Göründüyü kimi, məşgulluğun təminatı COVID-19-la mübarizə dövründə də prioritetdir. Hökumətin əsas məqsədi bu çətin dövrdə də sosial layihələri həyata keçirməklə əhalinin sosial müdafiəsini təmin etməkdir.

 

Pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində bir sıra yeni sosial layihələr həyata keçirildi. Buna misal olaraq əhalinin aztəminatlı təbəqəsinə, pandemiyadan zərər çəkən insanlara sosial yardımların verilməsi, özəl sektorda çalışan insanların əməkhaqqının yarısının dövlət tərəfindən ödənilməsi kimi məsələləri çəkmək olar. Bura 10 modul tipli xəstəxanın tikintisini də daxil edə bilərik. Ölkə rəhbərliyi bununla qabaqlayıcı tədbirlər görür. Digər tərəfdən pandemiya dövründə insanların maska və digər tibbi ləvazimatların daxili imkanlar hesabına təmin olunması məqsədi ilə qısa zaman kəsiyində bir sıra istehsal müəssisələri istifadəyə verilib. Bu həm tələbatı təmin etməyə, həm də yeni iş yerləri yaradılmaqla insanların bu çətin dövrdə sosial problemlərinin həllinə yönəlik addımlardır. Bütün bu layihələr Azərbaycan vətəndaşının sağlamlığının, onun sosial müdafiəsinin təmin olunmasına və gücləndirilməsinə xidmət edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir