Modern.az

Bioloji Təbabət Klinikasında koronavirusa yoluxanlar var

Bioloji Təbabət Klinikasında koronavirusa yoluxanlar var

13 İyul 2020, 13:01

Bioloji Təbabət Klinikasının bir neçə əməkdaşının koronavirusa yoluxduğu, baş həkimin isə hamını işə gəlməyə məcbur etdiyi barədə məlumatlar səngimir. Bu barədə Modern.az-a Klinikanın adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

Məsələ ilə bağlı Klinikanın baş həkimi Gülnar Quliyeva Modern.az-a açıqlamasında əməkdaşlar arasında yoluxma faktının olduğunu təsdiqləyib. Baş həkim deyib ki, onların heç biri işə çıxmır:


“Biz nə insafımızı itirmişik, nə də qalan işçilərin, özümüzün sağlamlığımızı təhlükəyə atacaq qədər də düşüncəsizik. Test nəticəsi pozitiv çıxanlardan biri reabitoloqumuz Fəxrəddin Əliyevdir. 20 gün müalicə alıb, sağalıb. Onun yoluxmasından 14 gün keçsə də, həmin şöbədən yoluxma qeydə alınmayıb.

Digər əməkdaş Nərgiz Babayeva müalicə aldığı “Yeni klinika”dan evə buraxılıb, amma hələ də işə çıxmır. Adını çəkdiyiniz Təranə Həsənova adlı əməkdaşımız isə paralel olaraq, dövlət xəstəxanasında da çalışır. Testdən də keçib neqativ çıxıb. Amma temperaturu olduğu üçün özüntəcrid edib, evində müalicə alır. Zəng vurub həmin dövlət xəstəxanasından da məlumatı dəqiqləşdirə bilərsiz”.


G.Quliyeva özündə virusun əlamətlərini hiss edən pasiyentlər arasında bunu gizlətməyə çalışanların olduğunu dilə gətirib:

“İnsanların əksəriyyəti evdə “Parasetamol” içib gəlir ki, yoxlamada qızdırma çıxmasın. Amma KT müayinəsində “buzlu şüşə” aşkarlanır. Biz belə çətin şəraitdə çalışdığımız dövrdə kimsə içimizdən, hansısa məqsədlərlə xəbərçiliklə məşğuldur. Əgər əllərində fakt varsa, buyursunlar desinlər kimi qızdırmalı halda işə çıxarmışıq?”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı