Modern.az

Partiya sədrləri hansı səfirlərlə görüşür, nə danışırlar... - TƏFƏRRÜAT 

Partiya sədrləri hansı səfirlərlə görüşür, nə danışırlar... - TƏFƏRRÜAT 

Analitika

Bu gün, 09:44

Azərbaycanda siyasi partiyaların xarici ölkələrin səfirlikləri ilə təmasları məsələsi yenidən gündəmə gəlib. Son dövrlər partiya rəhbərlərinin və siyasətçilərin müxtəlif diplomatik nümayəndəliklərin tədbirlərində iştirakı, səfirlərlə görüşləri və fikir mübadilələri diqqət çəkir. Bəs siyasi partiyalar hazırda xarici ölkələrin səfirlikləri ilə nə dərəcədə aktiv əlaqə saxlayırlar?

Məsələ ilə bağlı Modern.az-a danışan Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, son dövrdə yalnız tədbirlər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri ilə təmasda olub.

      

"Heç bir səfirlə görüşməmişəm. Sadəcə tədbirlərdə Türkiyə səfiri ilə görüşmüşəm. Qalan səfirlərlə elə bir təmasım olmayıb. Son tədbir Şanlıurfa Mədəniyyət Günləri ilə bağlı idi. Bir masada oturmuşduq. Türkiyənin yerli mədəniyyətinin Azərbaycanda tanıdılması ilə bağlı geniş söhbətimiz oldu. Eyni zamanda, regionların həm Türkiyədə, həm də Azərbaycanda tanıdılmasının əhəmiyyətindən də danışdıq",- deyə partiya sədri qeyd edib.

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) sədri Arzuxan Əlizadə isə bildirib ki, rəhbərlik etdiyi partiyanın səfirliklərlə uzun müddətdir rəsmi görüşləri olmayıb:

"Rəsmi olaraq görüşlərimiz uzun müddətdir ki, yoxdur. Ölkədə fəaliyyət göstərən bir sıra səfirliklərin, xüsusilə əsas səfirliklərin nümayəndəlik rəhbərləri ilə zaman-zaman görüşlərimiz olub. Xüsusilə də bu görüşlər seçki ərəfəsində daha intensiv olur. Bu yaxınlarda, iyulun 1-də ABŞ səfirliyində keçirilən tədbirdə dəvət əsasında iştirak etmişik. ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü ilə bağlı tədbirdə səfirliyin yüksək vəzifəli şəxsləri, siyasi məsələlər üzrə müşavirləri ilə ayaqüstü də olsa, görüşümüz və fikir mübadiləmiz olub. Hər dəfə razılaşmışıq ki, növbəti mərhələdə, səfir gəldikdən sonra ayrıca görüş keçirək", - deyə o bildirib.

A.Əlizadə qeyd edib ki, Böyük Britaniya, Fransa və Litvanın Azərbaycandakı diplomatik nümayəndələri ilə də müxtəlif tədbirlər çərçivəsində təmasları olub:

"Böyük Britaniya kralının doğum günü ilə bağlı keçirilən tədbirə biz də dəvətliyik. Həmin tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə ayaqüstü söhbətimiz və görüşümüz olub. Eyni məsələni onunla da danışmışıq ki, uyğun məqamda görüşüb fikir mübadiləsi apara bilərik. İyulun 14-də Fransa səfirliyinin Bastiliya Günü ilə bağlı keçirdiyi tədbirə də dəvət olunmuşuq. Həmin tədbirdə Fransa səfiri ilə təmasımız olub. Eyni zamanda, orada Litvanın Azərbaycandakı səfiri ilə masa arxasında qısa fikir mübadiləsi apardıq. Onunla da sonradan ayrıca görüşümüzün ola biləcəyini müzakirə etdik. Həmçinin ayrı-ayrı tədbirlərdə Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərləri ilə görüşlərimiz, təmaslarımız və fikir mübadilələrimiz olub. Amma konkret olaraq səfirliyə görüş üçün dəvət alıb getməmişik".

      

Partiya sədri hesab edir ki, siyasi partiyalarla diplomatik nümayəndəliklər arasında belə təmasların olması vacibdir:

"Biz də uzun müddətdir əvvəlki dövrlərdən fərqli olaraq səfirləri rəsmi şəkildə qərargahımıza dəvət etməmişik. Amma hesab edirəm ki, bu cür görüşlərə, təmaslara ehtiyac var. Parlament seçkilərindən bir qədər əvvəl ABŞ səfirliyinin siyasi müşaviri bizim dəvətimiz əsasında qərargahımıza gəlib və onunla təmasımız olub. Fransanın Azərbaycandakı əvvəlki səfirinin də dəvətimiz əsasında qərargahımıza gəlişi və burada məsələləri müzakirə etdiyimiz olub. Eləcə də Böyük Britaniya səfiri ilə bu cür görüşlərimiz olub. Gələcəkdə də xarici ölkələrin səfirləri və nümayəndəlik rəhbərləri ilə görüşlərimizin olması istisna edilmir. Bizim üçün Azərbaycan dövlətinin imici hər şeydən üstündür. Bu cür görüşlərdə hər zaman dövlət maraqlarımızdan çıxış etmişik. Məsələn, Fransa səfiri bizim qərargahımızda olduğu zaman Fransanın yürütdüyü heç də dost olmayan siyasətlə bağlı fikirlərimizi açıq şəkildə bildirmişik. Digər ölkələrin səfirləri ilə təmaslarımızda da yalnız dövlətçilik və milli maraqlar kontekstindən çıxış etmişik".

REAL Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, yay aylarında beynəlxalq görüşlər xeyli azalır. Onun sözlərinə görə, son dövrdə bir sıra ölkələrin milli bayramları ilə bağlı keçirilən tədbirlərdə iştirak edib və bu çərçivədə səfirlərlə qısa fikir mübadilələri aparıb.

        

"Yay aylarında beynəlxalq görüşlər xeyli azalır. Yayda bir neçə ölkənin bayram tədbirləri olub. Fransanın, Böyük Britaniyanın, ABŞ-nin belə tədbirləri olub və dəvət əsasında orada iştirak etmişəm. Həmin ölkələrin səfirləri ilə ayaqüstü söhbətlər olub. Söhbətlərdə əsasən iqtisadi məsələlər müzakirə olunub. İqtisadi durumla bağlı suallar verilib. Qarabağda gedən quruculuq işləri ilə maraqlanıblar. Bəziləri həmin bölgələrdə olublar. Onlarda qısa müddətdə böyük infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı çox xoş təəccüb yaranıb. Bu ay ərzində daha bir görüşümüz də olmalıdır",-deyə partiya sədri deyib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də heç bir səfirlə görüşmədiyini söyləyib.

"Bizim partiya prezident seçkilərindən sonra heç bir səfirliklə görüşməyib. Görüşmək məqsədimiz də olmayıb. Bəzi səfirliklərin dəvəti olsa da, getməmişik. Ona görə ki, Azərbaycanın xarici siyasəti cənab Prezident tərəfindən uğurla davam etdirilir. Səfirlərin görüşünə getmirik. Onların siyasi proseslərə, eləcə də regionda baş verən hadisələrə münasibəti hamımıza bəllidir. Bunların bir çoxu Qarabağın işğal altında olduğu dövrdə Şuşaya səfər etmişdi. Ona görə də Azərbaycanın milli maraqları baxımından siyasi mübarizəmizi qurmuşuq və davam etdiririk. Azərbaycanın xarici siyasəti bizi qane edir və biz buna sevinirik. Bu səbəbdən də hazırda hansısa səfirlə görüşmək arzusunda deyilik, belə niyyətimiz də yoxdur".

Sizə yeni x var
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!