Modern.az

Paşinyan Rusiyaya qarşı "ABŞ markalı maşınını" işə saldı

Paşinyan Rusiyaya qarşı

Aktual

15 İyul 2020, 18:45

Paşinyan hökumətinin Tovuz istiqamətində qəsdən təxribat törətməsinin əsl səbəbi, donuz adlandırdıqları ruslardan xilas olaraq, ABŞ-ın qucağına sığınmaqdır.  

 

Ermənistanın Qarabağda təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat törətməsi ilk baxışda onların Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) qəsdən bu prosesə cəlb etməsi kimi dəyərləndirilməsi, məsələnin üzdə olan tərəfidir. Əslində burada əsas məsələ, Ermənistanın daxilində iqtisadi-sosial problemlər, həmçinin pandemiya fonunda Paşinyanın Rusiyayönümlü klanlarla üz-üzə qalaraq, onlara get-gedə məğlub olması və bununla da, onun ABŞ qarşısında götürdüyü "Rusiyadan qurtulmaq" öhdəliyini yerinə yetirə bilməməsi təhlükəsinin yaranmasındadır.  

 

 

Ancaq hiyləgər "ermənibaşı"n bu gedişinin kökündə "iki dovşanı birdən vurmaq" da var. Belə ki, əgər Rusiya və ya KTMT ermənilərin istədiyi kimi Azərbaycanı birdəfəlik susdurmaq üçün kömək etsə, bu, ola bilsin hələlik onların işlərinə yaradığına görə müəyyən vaxta qədər məqbul sayılacaq. Əks təqdirdə isə Qərbin "duza qoyduğu" və özünü "inqilab lideri" adlandıran Paşinyan Ermənistanı Rusiyadan "alıb" ABŞ-a vermək öhdəliyini yerinə yetirməyə cəhd edəcəyini düşünmək olar. Amma deyəsən Paşinyan burada  ikinci variantı daha üstün tutmaq niyyətindədir.

Diqqət edin, Rusiya ilə "ikibaşlı" oyun oynayan rəsmi İrəvan, Tovuz istiqamətində planlı şəkildə törətdiyi təxribatına heç kimin inanmayacağı və kömək etməyəcəyini özü də yaxşı bildiyi halda, təxribatı törədən kimi səhər tezdən Rusiya XİN-ə və KTMT-yə gözünün qorasını tökə-tökə dərhal kömək üçün müraciət etdi və məlum olduğu kimi Paşinyan hökuməti məkrli "planına" uyğun olaraq, istədiyi köməyi almadı.

 

Yeri gəlmişkən, politoloq Eldar Namazov "AzPolitika.info" saytına verdiyi müsahibəsində bu məsələsnin hüquqi baxımdam da mümkün olmadığını çox dəqiq açıqlayır. Politoloq qeyd edir ki, "...Əslində KTMT-nin öz sənədləri və nizamnaməsinə görə, onlar nəinki Dağlıq Qarabağ, heç Ermənistan-Azərbaycan sərhədlərində də hərbi əməliyyata müdaxilə edə bilməz. Çünki KTMT-nin sənədlərində qeyd edilir ki, bu qurum BMT Təhlükəsizlik Şurasının qərarları və BMT nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə qeyd edilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu ərazilərdən çıxmalıdır. KTMT də öz fəaliyyətini BMT nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirəcək. Odur ki, bütün hallarda bu təxribatların işğal edilən ərazilərdə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində baş verməsindən asılı olmayaraq, KTMT Ermənistanın tərəfindən çıxış edə bilməz".

 

 

Digər tərəfdən isə, məntiqlə istənilən şəxs ermənilərə deyə bilər ki: - əgər təxribatda günahlandırdığınız Azərbaycan Ermənistana qarşı müharibə etmək fikrində olsaydı, o nədən bunu işğalda olan Qarabağdan - Ağdam, Füzuli, həmçinin Tərtər istiqamətindən deyil, bu bölgədən xeyli uzaqda olan Tovuzdakı sərhəddən başlasın? 

Odur ki, özünü "ağıllı" bilib, amma bəlaya düşdüyünü hələlik dərk etməyən "ermənibaşı", bu cılız siyasi gedişi ilə tərəfdarları tərəfindən rusları donuz adlandırmaqla, Rusiyaya qarşı əks hücuma başlayaraq, tez öz "ABŞ markalı maşınını" işə saldı.

Diqqət edin, görün, erməni jurnalist Tevos Arşakyan İrəvanda Ermənistan-Azərbaycan dövlət sərhəddində öz ölkəsinin törətdiyi təxribatla bağlı qaragözlük edib Rusiya və KTMT-yə qarşı necə acıqla, içi yana-yana yazır: "Ankara bütün bölgəyə açıq şəkildə Bakının həqiqi hərbi-siyasi müttəfiqi olduğunu və hətta onların naminə hərbi əməliyyatlara hazır olduğunu nümayiş etdirir. Təəssüf ki, Ermənistan Rusiyanın yanında belə bir müttəfiqlə öyünə bilməz - ruslar bir daha bizə xəyanət etdilər, bizi dişədək silahlandırdığı düşmənlə üz-üzə tək qoydular...". Arşakyanın ürəyi soyumayıb, "Lənətə gəl, utanmaz KTMT, üzvünə qarşı təcavüz barədə nəinki susursunuz, hətta iclasınızı hansısa bir bəhanə ilə ləğv etdiniz. Və burada bir çox həmvətənlərimizi narahat edən sual qaldırmağa məcburuq: Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyində nə edir?...

 

Bəlkə ölməkdə olan imperiya ilə birlikdə oynamağımız kifayətdir və nəhayət, Qərbin xeyrinə son seçim etmək vaxtı gəldi? Ancaq əvvəlcə Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması lazımdır. Ermənistan niyə faydası olmayan rus donuzlarını bəsləməlidir?!", - deyə, erməni jurnalist Paşinyanın mövqeyini tam ortaya qoymuş olur. Bundan əlavə, Ermənistanda təkcə Rusiyaya və KTMT-ə qarşı deyil, Azərbaycana qarşı torpaq iddiasına düşdüyü dövrdən onlara ölməmələri üçün "nəfəslik" açan, hətta, İrana qarşı da kəskin iradlar bildirirlər. Rusiya və İranın Ermənistan təxribatına münasibəti erməniləri sözün əsl mənasında bomba kimi partladır. Bu gün ermənilərin İrəvannın mərkəzində yerləşən Göy məscidə partlayıcı qurğu qoyulması barədə yaydıqları məlumat da bunu sübut edir. Bütün bunlar onu göstərir ki, Paşinyan hökumətinin Tovuz istiqamətində Azərbaycana qarşı qəsdən təxribat törətməsinin əsl səbəbi, donuz adlandırdıqları ruslardan və ya Rusiyadan xilas olaraq, ABŞ-ın qucağına sığınmaqdır. Ancaq düşmən ölkənin hansı məqsədlə təxribatlar törətməsindən və kimə donuz deməsindən asılı olmayaraq, Azərbaycan indiki məqamda demək olar ki, bütün dünya tərəfindən dəstəklənən haqq işində, yaranmış əlverişli siyasi vəziyyətdən istifadə edib, döyüşü təmas xəttinə çəkib düşməni tülkü, elə həm də donuz kimi işğal olunmuş torpaqlardan qovub çıxarmasa, bu şansı əldən vermiş olacaq...  

 

Mübariz Azərbaycanlı, müstəqil jurnalist  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir