Modern.az

“İnvestorların üzə çıxması üçün mütləq maliyyə amnistiyası elan edilməlidir”

“İnvestorların üzə çıxması üçün mütləq maliyyə amnistiyası elan edilməlidir”

15 Sentyabr 2020, 15:48

“Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

 

Modern.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında bildirib.

 

Ölkə rəhbəri qeyd edib ki, xarici investorların ölkəmizə marağı getdikcə artmaqdadır:


“Mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin.

Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur”.

 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, pandemiya dövründə həm yerli, həm xarici iş adamlarının Azərbaycana investisiya qoyması olduqca əhəmiyyətlidir:

 

“Cənab Prezidentin bu çağırışı təqdirəlayiqdir. Mən özüm də bir neçə dəfə investorlara müraciət, çağırışlar etmişəm. Xaricdə yaşayan və kifayət qədər böyük imkanları olan azərbaycanlılar var, hansı ki, ölkəmiz üçün yaxşı yatırımlar edə bilərlər. Ona görə də dəfələrlə dediyimiz kimi, Azərbaycanda maliyyə amnistiyası verilməlidir. Hətta hörmətli iqtisadiyyat naziri Mikayıl Cabbarov cənab Prezidentə müraciət edəndə bu məsələyə toxunmuşdu. Maliyyə amnistiyası lazımdır ki, insanlar təhlükəsizliklərilə bağlı arxayınlaşsınlar. Əmin olsunlar ki, kimsə sabah onların maliyyəsinin mənbəyini axtarmayacaq. Yalnız bundan sonra onlar əllərində olan kifayət qədər vəsaiti ölkəyə yatıracaqlar.

Digər tərəfdən, xarici investorların Azərbaycanda fəaliyyət göstərməsi üçün mülkiyyət toxunulmazlığı məsələsi həll olunmalıdır. İnvestora birdəfəlik mülkiyyət toxunulmazlığı statusu verilməlidir. Məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Hazırda Azərbaycanda investisiya yatırmaq üçün çox böyük imkanlar var. Ona görə də mülkiyyət toxunulmazlığı və maliyyə amnistiyası öz həllini tapmalıdır”.

Deputat deyib ki, investorlar üçün kifayət qədər güzəştli şərtlər təklif edilir:

“Onların yatırım edəcəkləri sahədən asılı olaraq, güzəştlər təklif edilir. İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkları yaradılıb, o məhəllələrdə bütün strukturlar formaşaldırılıb. Orada fəaliyyət göstərən sahibkarlar 7 il müddətinə bütün güzəştlərdən azaddırlar. Bu cür güzəştlər var. Azərbaycana investisiya yatıran istənilən şəxs üçün münbit şərait yaradılır. Sadəcə, o insanların üzə çıxması üçün müəyyən danışıqlar aparmaq və mütləq şəkildə maliyyə amnistiyası elan etmək olduqca vacibdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi