Modern.az

Cəbhə gündəliyi: 12 oktyabrda nələr oldu... 

Cəbhə gündəliyi: 12 oktyabrda nələr oldu... 

Qarabağ

13 Oktyabr 2020, 02:21

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 16-cı günü başa çatıb. Oktyabrın 12-də də cəbhədə sakit keçməyib.


Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib.


Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 12-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

- Oktyabrın 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

- Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

- Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

- Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.

- Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

- Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.
Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

- Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

- Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat dezinformasiyadır.
Çünki Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

- Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.

- Oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, gündüz saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

- Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülüb.
Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

- Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsü yayılıb.


- Ermənistan müdafiə nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır.
Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur və biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik.


- Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxıb. Belə ki, erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqəti təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yaydı.
Lakin bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar.
Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordumuzun nəyinə gərəkdir?
Cavab sadədir. Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir.
Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır.


- Azərbaycan Ordusuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Müdafiə Nazirliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Silahlı Qüvvələrə Yardım Fondunun Beynəlxalq bankda mövcud olan Bank hesablarında Türk lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır