Modern.az

Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu...

Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu...

Qarabağ

1 Noyabr 2020, 01:40

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 2-ci ayını yaşayırıq. Oktyabrın 31-də də cəbhədə sakit keçməyib. Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi.

Amma Ermənistan hər dəfə olduğu kimi, yenə də atəşkəsin şərtlərini pozdu.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 31-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Oktyabrın 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.


- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.


- Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.


- Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


- Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.


- Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür


- Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.


- Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.


- Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub. Dağıntı və xəsarət alanlar yoxdur.


- Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib. Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.


- Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır. Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.


- İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.


- Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də gələcək təxribatları üçün zəmin yaradır.
Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.

- Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulub.


- Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.


- Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.


- Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.

Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib.


- Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.


- Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!