Modern.az

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Qarabağda əmlak qiymətləndirməsi aparacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Qarabağda əmlak qiymətləndirməsi aparacaq

2 Noyabr 2020, 14:25

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti işğaldan azad edilmiş torpaqlarımızda əmlakın qiymətləndirilməsi üçün Azərbaycan Baş Prokurorluğuna müraciət edib.

Bu barədə Modern.az-a Cəmiyyətin sədri Nüsrət İbrahimov məlumat verib.

 

N.İbrahimov Baş Prokurorluqda müraciətə baxıldığını deyib:

“Bizə bildirilib ki, ehtiyac olan kimi məsələ ilə bağlı işlərə başlanılacaq. Əvvəlki illərdə bu sahədə işləmişik, amma sona çatdırmamışıq. İndi işin həcmi daha böyükdür. Həm icra olunmuş, həm icra olunmamış işlər toplanaraq, yenidən baxılacaq. Amma bütün proseslər münaqişənin aktiv fazası Ordumuzun tam qələbəsilə başa çatandan sonra icra ediləcək.

Biz hazırda münaqişə zonasından kənarda yerləşən ərazilərə dəymiş zərərin öyrənilməsini həyata keçirə bilərik. Bunun üçün isə müvafiq qurumların razılığı olmalıdır”.

 

Ekspert qeyd edib ki, dəymiş zərərin həcmi təkcə əmlakla ölçülmür:


“Bunun maddi, qeyri-maddi, sosial, ekoloji, yeraltı-yerüstü sərvətləri, miqrasiya tərəfləri var. Bir sözlə, qiymətləndirmə zamanı 80-ə yaxın sahə üzrə məsələ  nəzərə alınır”.

 

N.İbrahimovun sözlərinə görə, əraziyə baxış keçirmədən dəymiş zərərin həcmilə bağlı hansısa rəqəm səsləndirmək doğru deyil:


“Biz 6 rayonun hesabatını aparmışdıq. Amma sonradan İşçi qrupunun təyinatını dəyişdirdilər və həmin hesabat başa çatdırılmamış qaldı. O vaxt bəzi qurumlar təxmini rəqəmlər səsləndirdilər, amma onlar qeyri-real rəqəmlər idi. Yerində araşdırma aparmadan rəqəm səsləndirilməsi reallığı əks etdirmir. Bir rayon rəhbəri deyir ki, filan qədər meşə sahəsi olub, məsələn 70 faizi yandırılıb. Amma onu yerində ölçən, hesabat aparan olmayıb. Yaxud çayların istiqamətinin dəyişdirilməsi, suyun qarşısının kəsilməsilə bağlı fikirlər var. Məsələn, əvvəl Sərsəng su anbarından neçə rayona su verilirdi, indi neçəsinə verilir, yaxud verilmir və s. Ona görə də onu yerində dəqiqləşdirməmiş, araşdırmamış qiymətləndirmə aparmaq olmaz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...