Modern.az

ARB-nin müharibədə yaralanmış əməkdaşı: “Eşidəndə ki, Ali Baş Komandanla görüşəcəm, həyəcanlandım” - MÜSAHİBƏ

ARB-nin müharibədə yaralanmış əməkdaşı: “Eşidəndə ki, Ali Baş Komandanla görüşəcəm, həyəcanlandım” - MÜSAHİBƏ

Media

17 Noyabr 2020, 09:40

Vətən uğrunda döyüşüb qazi olmaq, şəhidlik zirvəsinə ucalmaq hər insana qismət olmur. Ailəni, övladını, sevdiklərini geridə qoyub, hər şeyi gözə alıb vətən, torpaq üçün döyüşə getmək... Vətən sevgisi o qədər böyük olmalıdır ki, bunların hər birini gözə ala biləsən....


Bu cür vətən sevgisinə sahib olan qazilərimizdən biri də İkinci Qarabağ Savaşı zamanı yaralanan ARB kanalının əməkdaşı Mail Əsgərovdur. O, Modern.az-ın əməkdaşına döyüş təəssüratlarından danışıb. Mail Əsgərovla söhbəti təqdim edirik.


- Mail bəy, bu dəfə hərbçi kimi cəbhə xəttində oldunuz, döyüşə yollananda hansı hisslər keçirirdiniz?

- Mən cəbhədə əsgər, zabit, gizir heyətinin, ümumiyyətlə əsgərlərin əhval-ruhiyyəsini gördüm, orada elə bir vəziyyətdir ki, getmədikdə necə olduğunu hiss etmirsən. Qorxu ab-havası orada itir və əhval-ruhiyyənin yüksək səviyyədə olmağı insana bir daha döyüşməyə ruh verir. Elə ruh verir ki, sən düşmənin üzərinə qışıqıraraq gedirsən, əzməyə gedirsənmiş kimi əmin olursan ki, artıq sən onu öldürəcəksən.


- Qazi olaraq geri dönmüsünüz. Harada yaralandınız? Həmin anı necə xatırlayırsınız?

- Düşmən o qədər hiyləgərdir ki, əlindəki silahdan maksimum istifadə etməklə bizi əzməyə çalışırdı. Biz minamyot yağışına tutulmuşduq. Mən o anı xatırlayanda dəhşətə gəlirəm. Yanımda güclü partlayış səsi eşidildi, səngərin üst torpaq təbəqəsi üstümə uçdu və mən özümü binanın yüksək mərtəbəsindən yerə çırpılmış kimi hiss etdim. Sözün əsl mənasında öldüyümü hiss elədim. Qazi olaraq mənim xatirəmdə o dəhşətli anın izi qalacaq və bədənimdə iki qəlpə....


- Cəbhədə əsgərlərimiz arasında əhval-ruhiyyə, vəziyyət necə idi?

- Cəbhədə əsgərlərimizin əhval-ruhiyyəsi çox yüksək səviyyədə idi. Qalib olacağımıza əmin idik deyə hamı bu zəfərdə payının olmasını istəyirdi. Hər kəs uğrunda döyüşdüyü torpaqda haqqının olmasını istəyirdi. Buna görə də əsgərlər, zabitlər çox israrlı idilər. Ümumiyyətlə təminat, təchizat yüksək səviyyədə olduğuna görə əhval-ruhiyyəyə böyük təsiri olurdu.


- Sizin də hərbçi yoldaşlarınızdan şəhid olan oldumu?

- Əlbəttə şəhid və yaralılar oldu. Bunların hər biri gözümüzün qarşısında baş verdi. Şükürlər olsun ki, sülh təmin olundu və artıq bu cür acı hallar yaşamayacağıq.


 - Prezident qazilərlə görüşdükdə sizdə orada olmusunuz, bu haqda nə deyə bilərsiniz?

- Mən həyatımda ilk dəfə idi cənab Ali Baş Komandanla görüşürdüm. Mənim çıxış edəcəyim bəlli idi. Əgər birinci çıxış etmək mənim öhdəmə buraxılsaydı, mən həyəcandan çox çətinliklə danışardım. Amma cənab prezidentin səmimiyyətini gördükdən sonra mən özüm də səmimi olmağa çalışdım.


- Arxa cəbhədə informasiya müharibəsi gedirdi, siz bir jurnalist olaraq bu prosesi necə dəyərləndirdiniz?

- İnformasiya müharibəsi çox böyük əhəmiyyət kəsb edən bir məqamdır. Səngərdə döyüşən əsgərlə çiyin-çiyinə vuruşan bir jurnalist ordusu, media mənsublarının bu mübarizəni paralel apardığını hamımız bilirik.

Artıq müharibə bitdi, amma informasiya müharibəsi davam edəcək.



Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı