Modern.az

Doktor, sağalacağıma ümid yoxdursa..,

Doktor, sağalacağıma ümid yoxdursa..,

Aktual

3 Dekabr 2020, 16:47

Gecə yarısı Şamil doktor yenicə uzunsürən ağır beyin əməliyyatını qurtarmışdı ki, narahat və həyəcanla növbətçi həkim ona yaxınlaşdı:

Doktor, bilirəm, çox yorğunsunuz, yuxusuzsunuz,  amma indicə ağır yaralı gətirdilər. Başından qəlpə yarası alıb, vəziyyəti çox ağırdır.

 
O  fikirləşmədən:

  
-Necə yəni yorğunsunuz, yuxusuzsunuz?!  Dərhal əməliyyata hazırlayın.

  
 Heç beş dəqiqə keçmədi ki, Şamil doktor əməliyyat otağında-  üz-gözü al- qan içində  olan yaralı əsgərin yanında idi.  Taqətsiz əsgər  Şamil doktora astadan bunları pıçıldaya bildi:

-Doktor,  yaram ağırdır, çoxlu qan ititrmişəm. Sağalacağıma ümid yoxdursa, məni incitməyin, özünüzü də yormayın.

Şamil doktor inamla, şəfqətlə dilləndi:

-Qardaş, narahat olma, ciddi zədən yoxdur, qəlpələri çıxardacağıq, hər şey yaxşı olacaq, sən sağalacaqsan...

İynənin təsirindən yuxuya gedən yaralı əsgər  Şamil doktorun zərgər dəqiqliyi  ilə keçirdiyi əməliyyatdan xəbəri olmadı, amma iki saatdan sonra gözlərini açanda  başının üstündə dim-dik dayanan doktorunun təbəssümlü simasını  gördü, güclə dilləndi:

-Cəbhəyə qayıda biləcəyəm?

Bu sözlərdən təsirlənən Şamil doktor  yaşarmış gözlərini gizlətməyə çalışdı,  yumruğunu sıxıb şəhadət barmağını yuxarı qaldırdı...

Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Şamil Tahirov Vətən müharibəsinin ilk günü könüllü olaraq cəbhəyə yola düşdü. Füzuli müalicə diaqnostika xəstəxanasında gecə-gündüz demədən  fəaliyyətə başladı. Ən ağır xəstələri,  başından və onurgasindan odlu silah yaralanması travması  alan əsgərləri  yüksək peşəkarlıqla əməliyyat edir, onların bədənlərindən güllələri, qəlpələri çıxardır, əsgərlərin sağalması üçün əlindən gələni əsirgəmirdi. Şamil doktor bu minvalla bir aya yaxın hospitalda gərgin çalışdı . Yüzlərlə xırda əməliyyatlar, 25 ağır beyin əməliyyatı icra etdi, onlarla ağır xəstələrin həyatda qalmasına səbəb oldu. Evdə isə onu  ailəsi, 2 yaşlı körpəsi Rəşad gözləyirdi. Neyrocərrah Şamil Tahirov deyir:

   
- Düzünü deyim ki, yenicə  dil  açan Rəşaddan, ailə üzvlərimizdən ayrılmaq çətin idi, amma başqa yolum  da yox idi. Mən getməliydim, bilrdim ki, cəbhədə həkimlərə, o cümlədən  neyrocərrahlara ehtiyac olacaq. Odur ki, fikirləşmədən qərar verdim. Çox ağır şəraitdə, bəzən işıqları söndürüb, bəzən günlərlə yuxusuz qalıb bəzən isə ardıcıl 3-4 əməliyyat aparaq çalışmalı olurduq. Döyüşlərin ilk günlərindən top, artileriya səsləri iki addımlığımızda eşidilirdi. Həkim yoldaşlarım, tibb bacıları əsl fədakarlıq göstərir, gecə-gündüz demədən,qorxu bilmədən çalışırdılar. İndi hər şey arxadadır. Çox şadam, xoşbəxtəm ki, Vətən müharibəsindəki qələbəmizdə mənim də faydam olub. . .

  

Abid Tahirli

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü