Arxiv
27 Yanvar 2010, 16:36 | MEDİA
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

“Media əhvalatları» rubrikasını davam etdiririk. Oxucularımızın maraqla izlədiyi rubrikamızın budəfəki qonaqları həmkarlarımız Aqil Aslan, Nicat Rüstəmov, Xanlar Xoca və Anar Tağıyevdir.

Aqil Aslan, «Ekspress» qəzetinin əməkdaşı

«Ə kişi, məni niyə öldürmüsünüz?»

- 2005-ci ilin avqust ayı idi. «Ekspress»in məşhur kriminal müxbiri Elman Malıyev 3 gün idi redaksiyaya gəlmirdi. Onun mobil telefonu da yox idi ki, zəng edib hal-əhval tuta bilək. Yaşadığı ünvanı da bilmirdik. Səhər tezdən redaksiyada elə bu barədə danışırdıq ki, həmkarımız İlham Tumas təklif etdi ki, gəlin Elmanı «öldürək», yəni redaksiyaya gələn əməkdaşlarımıza onun öldürüldüyünü deyib hamını inandıraq. İlham tez kompüterdə Elmanın şəkilini tapıb çapa verdi və həmin şəkili qara fonda divardan asdıq. Elmanın stolunun üstünə onun əşayalarını və sonuncu dəfə qəzetdə çıxan məqalələrini kəsib düzdük. Hətta mən bir bloknot tapıb üstünə «Xatirə kitabı» yazıb onun stolunun üstünə qoydum ki, gəlib-gedənlər Elman haqqında ürək sözlərini yazsınlar. Həmin kitabı indiyə qədər saxlamışıq. İnandırıcı görünsün deyə  Qalib İbrahimoğlu, İlham Tumas, Elçin Alıoğlu və Ələkbər Raufoğlu «Xatirə kitabı»na öz fikirlərini  yazdılar.  Baş redaktorumuz Qəzənfər Baramov içəri girib Elmanın şəkilini divarda görəndə ona Elmanla bağlı zarafat etdiyimizi dedik. Və xahiş etdik ki, uşaqlar soruşsa, o, da Elmanın güllələndiyini desin.

İlk tora düşən mədəniyyət  müxbirimiz İltifat oldu. Əvvəl bizə inanmadı. Dedik  inanmırsan, get Qəzənfər müəllimdən soruş. O, baş redaktorın otağına girib-çıxandan sonra Elmanın ölümünə inandı. Hələ «Xatirə kitabı»na da ürək sözlərini yazdı. Bundan sonra bizi gülmək tutduğu üçün İltifat məsələnin nə yerdə olduğunu bildi. Beləcə biz redakisyaya gələn bir neçə əməkdaşımızı aldada bildik. Mədəniyyət müxbirimiz Ulduzə Qaraqızı da Elmanın ölümünə inananlardan biri oldu. Onun «Xatirə kitabı»na yazdıqlarından bir hissəsini qeyd edə bilərəm: «…Sənin ölümünlə barışmaq erməni qonşularımızla yenidən bir süfrə başında oturub duz-çörək kəsmək deməkdir. Əsla… Ölüm səni bizdən ala bilər, ruhən yox… Ala gözlərinə mən bacın heyran Elman, ipək saçlarına quzu kəsim ay Elman, gorun çatlasın ay Elman, bizi qoyub hara getdin». O, ürək sözlərini yazandan sonra zarafat etdiyimizi dedik…

Hamımız kriminal şöbənin müxbiri, Elmanın rəqibi Namiq Məmmədlini gözləyirdik. Onunla Elmanın «mehriban düşmən» olduğunu bilirdik. Odur ki, Namiqin hansı reaksiya verəcəyi hamımız üçün maraqlı idi. Nəhayət Namiq axşam saatlarında redaksiyaya gəldi. Ona Elmanın kriminal ünsürlər tərəfindən güllələndiyini dedik. Elmanın böyüdülmüş şəkilini, stolunun üstündəki əşyaları, hətta yanan şamı görən Namiq iş yoldaşının ölmününə inanıb «Allah rəhmət eləsin» dedi. Biz isə gülməkdən özümüzü zorla saxlayırdıq. Elmanın ölümünü soyuqqanlıqla qarşılayan Namiq «Xatirə kitabı»nı da yazdı: «Ölümünü qəflətən eşitdik. Hələ də buna inana bilmirəm. Elə gün olmazdı ki, Elman, sənin səsin-küyün redaksiyadan gəlməsin. 42 yaş nədir ki, sənin üçün. Sənin ölümün bu cür, belə tez olmamalı idi. Buna baxmayaraq sən həmişə bizim qəlbimizdə yaşayacaqsan,. Həmişə səni bir iş yoldaşı kimi xatırlayacağıq. Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun! Namiq Məmmədli».

Namiqin inandığını görən Ulduzə isə siyahı tutdu ki, guya Elmanın «yas»ına pul yığırıq. Hamımızın adını əvvəlcədən siyahıya yazmışdı ki, guya artıq biz pulu vermişik. Ulduzə Namiqdən o vaxtın pulu ilə 5 «şirvan» istəyəndə Namiq bu qədər pula gücü çatmadığını dedi: «Vallah “5 şirvan” çoxdu. Mən 2 şirvan verirəm». Nə isə Namiq “5 şirvan” verməkdən imtina elədi. Tez-tez bizim otağa girən İlham Tumas və Qalib İbrahimoğlu isə Namiqə «Elmanın səhifəsini sən doldurarsan, Namiq» deyirdilər. Namiq isə Elmanın ölümünə sevinirmiş kimi  İlhamla Qalibin sözlərinə gülümsəyərək razılığını ifadə edirdi.

Aradan bir-iki saat keçəndən sonra Elman Malıyev gözləmədiyimiz halda qəflətən içəri girdi və qapının ağzında Namiqlə üz-üzə gəldi. Elmanı qarşısında görən  Namiq isə diksinib «bismillah» deyib dalınca da «əəə, sən hardan xortladın?» qışqıraraq geri çəkildi. Biz hamımız qəhqəhə çəkib gülümsədiyimiz zaman Namiqin ürəyi getmişdi. Üz-gözünə su vurduqdan sonra Namiq birtəhər özünə gələ bildi…

Elman isə zarafatımızdan heç incimədi. Sadəcə  «Ə kişi, məni niyə öldürmüsünüz?» deyib «Xatirə kitabı»nı oxmağa başladı.

«Babəki Amalya kişi eləyib»

- 2009-cu il dekabrın 28-də ATV-nin «El içində» verilişində türkçülüyə qarşı «səlib yürüşü»nə çıxmışdılar. Millət vəkili Fazil Mustafa da verilişdə anti-türkçü cəbhəsində vuruşanlar sırasında idi. Fazil bəy verilişdə ərəb istilasına qarşı döyüşmüş Azərbaycanın qəhrəman sərkərdəsi Babəki də hədəfə götürmüşdü. Səhərisi gün Milli Məclisin payız sessiyasının sonuncu iclası idi. İclas başlamazdan əvvəl foyedə  Fazil Mustafa ilə söhbət edirdim. Bu zaman Pənah Hüseynlə Zahid Oruc bizə yaxınlaşdılar və «El içində»ki anti-türkçü mövqeyinə görə Fazil bəyi asıb-kəsməyə başladılar. Həmin anda ATV-nin müxbiri Bəxtiyar Səlimov Fazil bəyi müsahibəyə çağırdığı üçün o, bizdən uzaqlaşmalı oldu. Zahid Oruc isə əsəblərini cilovlaya bilmirdi: «Ayə, bu Fazil deyildi indiyə qədər türkçülükdən danışan. Nooldu buna birdən-birə mövqeyini dəyişdi. Seymur Baycan deyir ki, türklər Azərbaycana dönərdən başqa heç nə gətirmədilər. Fazil ona cavab verə bilmirdi ki, Türkiyə Azərbaycanda bu qədər türk liseyi açıb, yüksək təhsil verib? Ayə, Fazil indiyə qədər türkçülükdən neçə kitab yazıb, hələ kitablarını mənə də verib oxumağa. Bundan türkçü olmaz. Verdiyi kitabları gətirib qaytaracam özünə».

Fazil bəyə mənim də etirazım var idi. Odur ki, bir azdan ona yaxınlaşıb «Ay Fazil bəy, axı Babək böyuk sərkərdə olub, onunla nə işin var» dedim. Fazil bəy də gülümsəyərək belə cavab verdi: «Babək yaxşı oğlan deyil, onu Amalya kişi eləyib». Fazil bəy bununla «Babək» filmində Babəkin arvadı Zərnisə rolunu oynayan aktirisa Amalya Pənahovanı nəzərdə tuturdu.

Nardaranlının adını püşk atmaqla müəyyənləşdirdik

- Ötən bələdiyyə seçkilərindən əvvəl «Bakı kəndlərində bələdiyyə seçkilərinini vəziyyəti» mövzusunda bir tədbir keçirilmişdi. Redaktorumuz  APA və «Turan»ın informasiyalarını əməkdaşımız Aqil Camala verib tapşırmışdı ki, həmin tədbirdən xəbər hazırlasın. Adaşım da baxıb gördü ki, tədbirdə çıxış edən Nardaran sakininin adını APA Əzizağa Talıbzadə kimi, «Turan» isə Əbdüləli Talıbzadə kimi təqdim edib. Yəni soyadlar eyni olsa da, adlar fərqli idi. Adaşım məndən soruşdu ki, bəs görəsən bu nardaranlının adını necə yazım, biri belə yazıb, o biri elə.  Mən də dedim ki, «Ə.Talıbzadə kimi yaz, vəssalam. Yəni nə şiş yansın, nə kabab”.

Aqil Camal isə dedi ki, gərək adı tam yazsın. Bir az fikirləşdikdən sonra adaşım orijinal təklif verdi ki, gəl püşk ataq, kimin adı çıxsa onun da adını yazarıq.  Beləliklə, bir kağız parçasına «Əbdüləli», birinə də «Əzizağa» yazıb düyünləyib püşk atdıq. Açdığımız kağızdan isə «Əbdüləli» çıxdı. Adaşım da nardaranlını elə Əbdüləli Talıbzadə kimi yazdı. Amma səhərisi günü

nardaranlıdan etiraz gəlmədi. Görünür, püşkümüz düz çıxıbmış.

Xanlar Xoca, müstəqil jurnalist

Redaksiyada mürgüləmə - "Çayçı Məmməd" kimi tanınan, özümə ustad bildiyim mərhum jurnalist Məmməd Nazimoğlu "Mentalitet" qəzetini nəşr etdirəndə mən də onun yanında müxbir işləyirdim. Bir gün çox yorğun olduğumdan necə oldusa, elə divanda oturan yerdə yuxu məni tutmuşdu. Mən oyananda isə redaksiyada heç kim yox idi. Əvvəlcə qaranlıqda gözlərimi açanda nə baş verdiyini anlamadım. Amma sonra yavaş-yavaş ağlım başıma gələndən sonra vəziyyəti anladım. İşçilər məni yatmış görüb, oyandırmadan qapını çöldən bağlayıb getmişdilər. Səhər tezdən rəhmətlik Məmməd müəllim gəlib qapını açanda məni içəridə görüb çox təəccübləndi, sonra isə narahat olmağa başladı ki, bəs gecəni bu soyuqda necə keçirmisən. Sonralar bu hadisəni tez-tez yada salıb gülərdik. "Kəfənli aksiya"

- “525-ci qəzet"də repotyor işləyirdim. O vaxtlar da mərhum Əşrəf Mehdiyev tez-tez "kəfənli aksiyalar" təşkil edirdi, belə aksiyalar isə mənim heç xoşuma gəlmirdi. Bəxtimdən də bir dəfə necə oldusa, onun aksiyasını işıqlandırmaq üçün məni göndərdilər. Aksiyada hansı şüarlar səsləndiriləcəyini təxmin etdiyim üçün mitinqə getmədim, fikirləşdim ki, onsuz da polis Əşrıf Mehdiyevə aksiya keçirməyə imkan verməyəcək. Bir az şəhəri gəzdikdən sonra redaksiyaya qayıdıb aksiyanın baş tutmadığını bildirdim. Amma axşam "Turan" agentliyi aksiyadan xəbər göndərəndə redaktorlar tərəfindən danlandım.

Nicat Rüsəmov, Ədalət qəzetinin keçmış əməkdaşı

Elbrusun qışqırması

- Milli Məclisin iclas günü idi. Parlament müxbirləri foyedə iclasın başlanmasını gözləyirdilər. APA-nın müxbiri Elbrus Seyfullayev jurnalistlərə bildirdi ki, Həcc ziyarətinə getməyə hazırlaşır. Bunun üçün ona Qafqaz Müsəlmanları İdarəsi kömək etməli idi. Məclisin iclası başlamışdı və jurnalistlər lojadan iclası müşahidə edirdilər. Mən foyenin ikincə mərtəbəsindən gizli nömrə ilə Ebrusa zəng etdim. Deim ki, “səni Qafqaz Müsəlmanları İdarəsindən Hacı İsrafil narahat edir”. Elbrus mənlə çox nəvazişlə danışdı. Şeyx Həzrətlərinə salamını çatdırmağımı xahiş etdi. Mən də dedim ki, “gərək üzürlü hesab edəsən, sən bu il ziyarətə gedə bilməyəcəksən. Elə buna görə səni narahat edirdim”.

Bir də gördüm Elbrus qışqıra-qışqıra lojadan foyeyə çıxdı. Başladı o tərəf-bi tərəfə qaçmağa. Qışqıra-qışqıra deyirdi ki, “hacı axı niyə gedə bilmərəm ki? Bəs, mən bütün işlərimi Həcc səfərinə görə planlaşdırmışam!!”. Elbrus danışa-danışa düz gəlib mənimlə üzbəüz dayandı. Ona cavab verə bilmədim, eləcə telefonu qulağımda saxlamışdım, amma özümü gülməkdən saxlaya bilmədim. Bunu görən Elbrus məni söyə-söyə lojaya qayıtdı.

Milli Məclisdə “oğurluq”

- Jurnalist Real Cəfərli “Xalq Cəbhəsi” qəzetindən Milli Məclisə gəldiyi ilk gün idi. Necə oldusa, jurnalistlərin otağında o, daiktafonun qapağını itirdi. Nabələd adam ola, nəsə itirə. Bir-bir hamıdan soruşdu. Firudin Qədiroğlu ondan soruşdu ki, axırıncı dəfə diktafonu kimin yanında olub, Real da cavab verdi ki, “İki sahil”in müxbiri Elçin Namazovun. Firudin necə etdisə, bir də gördük Real Elçinin üstünü kəsdirib ki, oğurladığı qapağı qaytarsın. Nəsə, Realla Elçin davaya çıxdılar. Bir nəticə əldə etməyən Real yenidən Firudunun yanına qayıtdı. Firudin da dedi ki, “get onun çantasını yoxla, o, belə işlərlə məşğuldur”. Real elə də etdi. Elçin qışqıra-qışqıra çantasını açdı. Doğrudan da Realın diktafonun itən qapağı onun dəftərinin arasından tapıldı. Bildik ki, bu təsadüfən belə olub. Real qışqırdı ki, bəs oğrunu tapıb. Elçin isə bərk dilxor olmuşdu. Belə əhvalla biz lojaya qalxdıq. Elçinlə Real aralı otursalar da arabir düşməncəsinə baxışırdılar. Gülməkdən bizdə can qalmamışdı. Axırda Elçin dözə bilməyib Reala hücum çəkdi. Onları güclə araladıq. Elçin Realı lojadan iclas zalına atmaq istəyirdi. Elçinin bir cümləsi yaddan çıxmaz: “Ayə, sən kimsən ki, məni oğurluq etməkdə suçlayırsan...”.

Soradan bu məzhəkənin “Fedya” (Firudin) tərəfindən hazırlandığını bildik.  

Kamilin araq içməyi

- İctimai Televiziyada işləyən həmkarımız Mais Piriyevin toyuna getmişdik. “525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu da aramızda idi. Kamil Elşad Eyvazlı ilə üzbəüz oturmuşdu. Bilirdi ki, yenə onunla bağlı bir komediya çıxarılacaq. Ona görə də Elşaddan gözünü çəkmirdi. Məclisin şirin alınması üçün ofsianta 1 “şirvan” verdim, dedim Kamil üçün gətirilən su şüşəsinə araq doldursun. Kamilin də indiyəcən dilinə spirtli içki dəyməyib. Ofsiant dediyim kimi elədi. Bilirdim ki, nə olsa, Kamil Elşaddan şübhələnəcək. Kamillə Elşad üzbəüz oturub söhbət edirdilər. Birdən Kamil özünə “su” süzdü, sonrada stəkanı burnəfəsə başına çəkdi... Aləm qarışdı. Kamil Elşadın üstünü kəsdirdi ki, “bunu sən etmisən”. Elşad nə qədər and içsə də Kamil ona

inanmadı ki, inanmadı.

Anar

Tağıyev «Azərbaycan» qəzetinin müxbiri

Nemət Pənahlının adaşı

- Jurnalist fəaliyyətimlə əlaqədar qarşılaşdığım ilk maraqlı hadisə 1997-ci ildə baş verib. Həmin ilin noyabrında o zaman əməkdaşı olduğum «Üz-üzə» qəzetində mənə Milli dirçəliş günü ilə bağlı Nemət Pənahlıdan müsahibə almağı tapşırmışdılar. Nemət Pənahlının əlaqə telefonunu əldə edib ona zəng vurdum. Lakin o, mənimlə görüşməyi 3-4 gün yubatdı. Nəhayət noyabrın 16-da məni Müstəqil Azərbaycan Partiyasının qərargahına dəvət etdi. Nemət Pənahlı ilə vədləşdiyim vaxt partiyanın qərargahına getdim. Amma burada qarşıma çıxan Nemət Pənahlı adlı şəxsin tamam başqa bir adam olduğunu gördükdə xeyli təəccübləndim. «Mənim adım Nemət Pənahlıdır» deyə müsahibim özünü təqdim edərək söhbətə başlamaq istədikdə ondan üzrxahlıq edib yanlışlığa yol verdiyimi bildirdim. Müsahibim də hazırcavab adam idi. «Bilirdim ki, siz mənim adaşım olan digər Nemət Pənahlını axtarırsınız. Neynəmək olar? Adımız da soyadımız da eynidir» deyib özünü o yerə qoymadı.

"Heyf o çıxışdan...”

- 2006-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının sədr müavini Zaur Adıgözəlovla görüşüb ondan o vaxt çalışdığım «Həftə içi» qəzeti üçün müsahibə almalıydım. Sədr müavini ilə görüşdüm, tanışlıqdan sonra diktofonumu hazırlayıb müsahibəyə başladıq. Zaur Adıgözəlov Azərbaycan gənclərinin dünya miqyasındakı uğurlarından, habelə gənclərlə bağlı Bakıda keçiriləcək konfransa hazırlıqdan danışır, mən isə arabir ona mövzu ilə bağlı öz suallarımı verirdim. Müsahibə başa çatdıqdan sonra görüşüb ayrılmaq istədim. Diktofonu masanın üzərindən götürəndə məlum oldu ki, o, heç nə yazmayıb. Pərt halda üzrxahlıq etdim. Müsahibim mənim narahat olduğumu görüb “fikirlərimi yenidən təkrarlayaram» dedi və yeni çıxışa başladı. Nəhayət müsahibə başa çatdı. Mən Zaur Adıgözəlovla görüşüb otaqdan çıxanda eşitdim ki, müsahibim astaca öz-özünə deyir: «Heyif bayaqkı çıxışımdan. İndiyə qədər hələ heç yerdə belə danışmamışdım».   

Hazırladı Günay Musayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47