Modern.az

Diaspor sədri olan məşhur azərbaycanlı VƏFAT EDİB

Diaspor sədri olan məşhur azərbaycanlı VƏFAT EDİB

23 Dekabr 2020, 11:50

Rusiyanın Azərbaycanlı İcmaları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov ötən gecə Moskvada COVID-19 infeksiyasına yoluxma səbəbilə vəfat edib.

Modern.az xəbər verir ki, 76 yaşlı Fazil Qurbanovun vəfatı xəbərini Konfederasiyadan bildiriblər.

Tanınmış cərrahı Fazil Qurbanopv Rusiyanın N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri, Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru idi.

Fazil Səməd oğlu Qurbanov 18 fevral 1944-cü ildə Bakıda anadan olub. O, 1973-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib.

Alim 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Cərrahiyyə qrupunun elmi işçisi olub. 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində aspiranturaya daxil olub, daha sonra cərrahiyyə üzrə doktorantura keçib.

F.Qurbanov 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik, 1987-ci ildə isə “Qida borusu xərçəngində və xoşxassəli strikturalarında birmomentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi bölməsinin rəhbəri kimi fəaliyyətə başlayıb və Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının professoru olub.

O, 1999-cu ildən etibarən fəaliyyətini Moskvada davam etdirirdi.

Görkəmli cərrah 230-dan çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, 18 ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər və 14 fəlsəfə doktoru hazırlanıb.

F.Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

Alim, həmçinin N.İ.Piroqov adına Cərrahlar Assosiasiyasının, Rusiya Endoskopik Cərrahlar Assosiasiyasının, Beynəlxalq Cərrahlar Kollecinin və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir