Modern.az

BMT buna görə bizə “sağ ol” deməlidir - Ziyafət Əsgərov

BMT buna görə bizə “sağ ol” deməlidir - Ziyafət Əsgərov

23 Dekabr 2020, 15:10

“30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları Ermənistanın işğalına məruz qalıb. 1993-cü ildə BMT  TŞ-nın 4 qətnaməsi, AŞPA-nın, Avropa İttifaqının, Avropa Parlamentinin  İslam Konfransının və sonradan Qoşulmama Hərəkatının qətnamələri qəbul olunub. Həmin qətnamələrdə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilib”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

 

Komitə sədri Ermənistanın törətdiyi təxribatlara toxunaraq deyib ki, Ermənistan yenə də quduzlaşmış it kimi öz havadarlarına arxalanaraq Azərbaycan torpaqlarını işğaldan azad etmək istəmirdi:

 

“Bu ilin 12 iyulunda Tovuzda təxribat törətdilər. Avqustun 23-də Goranboyda kəşfiyyat-diversiya qrupu ordumuz tərəfindən yaxalandı. Məqsəd isə Azərbaycan ərazilərinə daxil olub təxribat törətməkdən ibarət idi. Göründüyü kimi, bunlar 2016-cı ilin aprel hadisələrindən nəticə çıxartmamışdılar. Nəticə çıxartmadıqlarından bu ilin 27 sentyabrında təxribat törədərkən Azərbaycan ordusu əks-hücum əməliyyatına keçdi. Əks-hücum əməliyyatının nəticəsi hər kəsə məlumdur”. 

 

Ziyafət Əsgərov 44 gün müddətində Azərbaycan ordusu tərəfindən ermənilərin  30 il ərzində uydurduqları mifin dağıdıldığını da qeyd edib:

 

“Azərbaycan ordusu 44 gün ərzində Ermənistan ordusunu yerlə yeksan etdi. Cənab prezidentin də dediyi kimi, “iti qovan kimi” qovdu. Həqiqətən də Azərbaycan ordusu və Ali Baş Komandan sübut etdi ki, Azərbaycan xalqı işğalla heç zaman barışmayacaq. Əslində bu Azərbaycan prezidentinin illər boyu hazırladığı strategiyanın nəticəsi idi. İllər boyu beynəlxalq münasibətlər və beynəlxalq hüquq  sistemində bizim mövqelərimizi möhkəmləndirirdi. Eyni zamanda, ordu quruculuğu da paralel olaraq nizamlı şəkildə davam etdirilirdi. Nəticəsi də ortadadır. Bu qələbədə möhtərəm prezidentimiz başda olmaqla, xalq-prezident-ordu birliyi yumruq kimi birləşdi. Hamı bir nöqtəyə vuranda dəmir olur. O dəmirlə də ermənini əzdik. Hətta bizim bir sıra orden və medallarımızda yumruq şəkli var. Bu o deməkdir ki, güc olan yerdə beynəlxalq hüquq da sənə işləyir. İndi soruşuram. Bu 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusən, Fransa, sən  harada idin?! İndi səsini niyə çıxartmısan?! Qafqazda müstəmləkəçilik siyasəti həyata keçirtmək istəyirsən?! Erməniləri bu qədər çox istəyirsənsə, cənab prezidentin dediyi kimi, get, Marsel şəhərində ermənilərə muxtariyyət ver. Amma Azərbaycan torpağı hesabına yox. Bizim öz torpağımız var. İkincisi, ermənilər özlərinin milli müqəddəratını təyin edib və dövlətlərini yaradıblar. İndi Azərbaycanda ermənilərin ikinci milli müqəddəratını təyinetmə adı altında Ermənistan dövləti yaratmaq istəyirsiz? Gedin harada istəyirsiz yaradın, ancaq bizim ərazimizdə bu olmayacaq. Biz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik. Bütün dünya dövlətləri də bilsin ki, Azərbaycan öz ərazisi uğrunda mübarizə aparıb və BMT TŞ-nın qəbul etdiyi, lakin icra etmədiyi qətnamələri yerinə yetirmişik. Onlar buna görə bizə “sağ ol” deməlidirlər. Bundan sonra isə biz həmin torpaqlarda möhtərəm prezidentimizin rəhbərliyi ilə quruculuq işlərinə başlayacağıq”.

 

Deputat prezident İlham Əliyevi qarşıdan gələn doğum günü münasibətilə təbrik də edib:

 

“ Qarşıdan cənab prezidentimizin doğum günü gəlir. Ona can sağlığı və ali dövlət vəzifələrində uğurlar arzulayıram”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir