Modern.az

“Filankəsə orden verilib, mənə niyə medal? Bu yanaşma düzgün deyil” - Polkovnikdən AÇIQLAMA

“Filankəsə orden verilib, mənə niyə medal? Bu yanaşma düzgün deyil” - Polkovnikdən AÇIQLAMA

9 Yanvar 2021, 16:45

“Ordunun təltifetmə mexanizmindən xəbərsiz olan şəxslər layiq olduğu halda orden və medal almayan hərbçilərin olduğunu düşünürlər. Halbuki hərbçilərin təltif edilməsi proseduru aşağıdan yuxarıya doğru aparılır. Yəni, hər döyüşdən sonra manqadan, tağımdan alınan məlumatlar toplanır və qərargaha yönəldilir”.

 

Bu barədə Modern.az-a ehtiyatda olan polkovik Şair Ramaldanov danışıb. O qeyd edib ki, hərbçilərimizin hamısının ordenlə, yaxud medalla təltif edilməsi mümkün deyil:

“Qarabağ savaşında bütün əsgərlərimiz əziyyət çəkiblər, amma kriteriyalar toqquşduqda döyüşlərdə ən çox fərqlənən şəxslərə üstünlük verilir.

Təltif üçün ayrılan orden və medal sayı konkret olur. Məsələn, hər hansı hərbi hissəyə filan sayda orden, filan sayda medal ayrılır. Bu həmişə belə olub. Təltiflər ən çox fərqlənən döyüşçülərə şamil edilir. Yekunlaşdırılmış məlumatları təhlil edərkən, ən çox fərqlənən hərbçilər önə çəkilir. Bəzi hallarda şahid olmuşam ki, hərbçilərimiz deyirlər, filankəsə orden verilib, mənə niyə medal? Bu yanaşma düzgün deyil. Təltif mexanizmini yada salmaq lazımdır”.

 

Şair Ramaldanov müharibədən sonra təltifetmənin indiyə qədərki siyahılarla yekunlaşmadığını hesab edir:


“İkinci Dünya Müharibəsindən hətta 70 il keçdikdən sonra belə təltif edilənlər var idi. Müəyyən sənədlərə yenidən baxılır, məlumatlar toplanır, arxivlər araşdırılır. Təltif Komissiyası hərbi hissələrdən ötürülən məlumatı bir daha incələyir, götür-qoy edir. Əgər hərbçinin döyüş zamanı göstərdiyi qəhrəmanlıq həmin statusa layiqdirsə, siyahı yenilənir. Bəzi hallarda olur ki, müharibədə illər sonra təltif qəhrəmanını tapır.

Keçən il Birinci Qarabağ savaşında iştirak edənlərdən bəziləri hətta “Azərbaycan Bayrağı” ordeninə qədər bir çox təltiflərə layiq görüldülər. 25-26 il müharibədən keçəndən sonra bu fərman çıxmışdı. Yenə qeyd edirəm, Təltif Komissiyası daim işləyir, ola bilər, hazırda həyata keçirilən təltifetmə prosesi ilkin siyahılardır.

Kim deyir ki, təltifetmə bitib? Müraciətlərə yenidən baxılacaq, cavab veriləcək. Hazırda monitorinq qrupları da fəaliyyət göstərir. Sosial şəbəkələrdə səsləndirilən məlumatları mərkəzləşdirir, edilən şikayətləri araşdırırlar. Həm şəhid ailələri və qazilərlə, həm də döyüşçülərlə bağlı heç bir məqam reaksiyasız qalmır. Təltif olunmayanlara demək istərdim ki, hələ heç nə bitməyib. Bəzilərinin fərmanı çıxıb, bəzilərinin fərmanı isə hələ çıxmayıb. Bu günə qədər 83 mindən çox insan təltif edilib. Prses davam edir”.

 

Ekspert könüllü müharibəyə yollanan şəxslərə də səslənib:

“Könüllü müharibəyə yollanan şəxslər düşünürlər, cəbhəyə getmək kifayətdir ki, təltif alasan. Lakin belə deyil. Əsəblər gərgindir, müharibədə olanların hər biri əziyyətlə qarşılaşıblar, bütün bunları başa düşürük, amma heç kim narahat olmasın. Komissiya şikayətlərə baxır, hər bir əsgər döyüşlərdəki qəhrəmanlığına layiq olan təltifi alacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi