Modern.az

İqtisad Universitetinin şəhid məzunu - Bu gün onun dəfn olunduğu tarixdir

İqtisad Universitetinin şəhid məzunu - Bu gün onun dəfn olunduğu tarixdir

9 Oktyabr 2021, 17:10

Böyükağa Savalan oğlu Şahverdiyev... Vətən müharibəsinin şəhidlərinədn biri...

Modern.az saytı şəhidin qısa həyat tarixçəsini təqdim edir...

Əslən Cəbrayıl rayonundan olan Böyükağa 15 iyun 1998-ci ildə Biləsuvar rayonda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Böyükağa uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbində təhsil aldığı müddət ərzində həmişə həmyaşıdlarından müsbət istiqamətdə seçilib.

Savadı və bacarığı ilə fərqlənən Böyükağa Şahverdiyev həm də Vətən sevgisi ilə alışıb-yanırdı. Daimi şüarı “Qarabağ, Cəbrayıl, Şəhidlər ölməz Vətən bölünməz” olub. O şüarları hazırda Şəhid otağındakı guşəsində də yer alır. Dəfələrlə nümunəvi addımlarına görə diplom və serfikatlara layiq görülüb.

Böyükağa 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə qəbul olunub.

2019-cu ildə universiteti bitirib hərbi hissəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb.

Böyükağa Şahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Böyükağanın müharibədəki vəzifəsi minaatan olub. Çoxsayda düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində iştirak edib.
Onda uşaqlıqdan Qarabağ sevgisinin yüksək olması bu ərazilərin dərindən öyrənin mənimsəməsinə böyük təsir etmişdi. Böyükağa Qarabağın coğrafi xəritəsini əzbər bilirdi və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq etmişdi.

Böyükağa Şahverdiyev 2020-ci il oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Biləsuvardakı “Cəbrayıl qəsəbəsi”ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub.    

Böyükağa Savalan oğlu Şahverdiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?