Modern.az

Rayonlar haqqındakı mahnılar - “Şəmkir” mahnısı necə yarandı?

Rayonlar haqqındakı mahnılar - “Şəmkir” mahnısı necə yarandı?

Mədəni̇yyət

28 Avqust 2012, 10:37

Modern.az saytı bölgələrlə bağlı olan mahnıların yaranma prosesini araşdırmaqda davam edir. Bu dəfə “Şəmkir” mahnısının ilk ifaçısından və onun  necə ərsəyə gəlməsindən söhbət açılacaq.

Bəstəkar-müğənni Cabbar Musayev “Şəmkir” mahnısının yaranması məqamından danışdı:

“Könül Kərimova ilə Şəmkirə bir konsert proqramında çıxış etmək üçün getmişdik. Burda olduğumuz zaman, mənim yaxın dostum Şahin Nəcəfov məndən onun doğma torpağı haqqında mahnı yazmağımı xahiş etdi. Bu mahnının yaranması bizim orda qonaq olduğumuz vaxtlara təsadüf edir. Mən deyərdim ki, bu mahnı həm də, orda yaşayan  dostlarımızın bizə qarşı olan mehribanlığı nəticəsində yaranıb. Beləliklə, biz bir yerdə bu mahnını hazırladıq. Çox gözəl şən notlara köklənən bu mahnını Şəmkir camaatı böyük sevgiylə qarşıladı. Mahnı hazır olduğu zaman , biz ifaçı haqqında o qədər də, düşünmədik. Çünki bu mahnının məhz Könül Kərimovanın ifasında daha gözəl və uğurlu alınacağına inandıq. Bu, belə də oldu. Mahnı hər kəs tərəfindən, xüsusilə də Şəmkirlilər tərəfindən böyük sevgiylə qarşılandı. Bu mahnı 1991-ci ildə yazılıb və hələ də xalqımız tərəfindən, xüsusilə də, Şəmkirlilər tərəfindən çox böyük maraqla dinlənilir”.

Dövlət Muğam Teatrının, AzTV-nin solisti Könül Kərimova “Şəmkir” mahnısının necə yaranmasından və ona gətirdiyi uğurdan danışdı:

“Şəmkir Azərbaycanın çox gözəl və dilbər guşələrindən biridir. Əslən Şəmkirli olmasam da, bu torpağı, buranın havasını-suyunu çox bəyənirəm, hətta ifa etdiyim mahnıya görə çox insanlar məni şəmkirli kimi də tanıyırlar. Bura işlərimizlə əlaqədar olaraq, tez-tez gedirik. Həm konsertlər veririk, həm də müxtəlif dövlət tədbirlərində çıxış edirik. Və bu mahnı qısa bir müddət ərzində yaranmasına baxmayaraq, hər kəs tərəfindən çox sevildi. Bu mahnını ilk ifaçısı kimi, onu deyə bilərdim ki, mahnı çox uğurlu alındı. Mənə elə gəlir ki, tək ifa ilə iş bitmir. Burda həm mahnının sözləri gözəl olmalı, həm musiqi və həm də ifaçı yaxşı olmalıdır ki, mahnı hər kəs tərəfindən daha çox sevilsin və bəyənilsin. Yəqin ki, elə bu səbəbdən də bu mahnı daha çox uğur qazandı. Mahnının uğurlu alınmasında ifaçının çox böyük əməyi var. Çünki o, oxuduğu mahnıya həvəslə və ürəklə yanaşarsa, mahnı da bir o qədər uğurlu alınacaq. Yəqin ki, elə mənim əməyimin nəticəsidir ki, bu mahnı indiyə qədər də hər kəs tərəfindən bəyənilir və dinlənilir. Hətta biz bir il bundan qabaq, bu mahnıya klip də çəkmək istəyirdik, amma sponsorlarını başı soyuqluğunun nəticəsində bu klip alınmadı. Böyük vəsait tələb etdiyinə görə, bunu öz üzərimə də götürmədim. Çəkiləcək olan beş dəqiqəlik mahnıda Şəmkirin keçmişindən tutmuş, bu günə qədər onun bütün gözəllikləri əks olunacaqdı. Beləliklə, sponsorların laqeyd yanaşması nəticəsində klipin çəkilməyi də təxirə salındı”.

Publisist Şahin Nəcəfov “Şəmkir” mahnısının bu günə qədər də, tədbirlərdə və televiziyalarda ifa edilməsindən söhbət açdı:

“Şəmkir Azərbaycanın bölgələri içərisində özünə xüsusi təbiətə və gözəlliyə malik olan bir şəhərdir. Mən Şəmkir torpağını çox sevirəm. Burda Dağıstan şairinin bir sözü yadıma düşür. Deyir ki, dünya mənim ağlımdan başlayır. Əslində elə hər bir insana dünya onun doğulduğu kənddən başlayır. Mən də Şəmkirli olduğuma görə, qərara aldım ki, Şəmkir haqqında bir mahnı yazılsın. Cabbar Musayev burda qonaq olduğu zaman mən ona bu təklifi etdim və ,o, da bunu çox böyük məmnunluqla qarşıladı. Mahnının sözlərini mən Cabbar Musayeva təhvil verdim və qısa vaxtdan sonra artıq mahnı hazır oldu. Şəmkir mahnısı bir çox müğənnilərə böyük uğurlar gətirib. Bildiyiniz kimi, bu mahnının ilk ifaçısı Könül Kərimovadır. Onun ifasında bu mahnı daha çox bəyənildi və şəmkirlilər tərəfindən sevgiylə qarşılandı. Bu mahnı tək mənə yox, eyni zamanda onu ifaçısı olmuş  hər bir müğənniyə düşərli oldu. Bəlkə də, indi yaranan qrupların bu mahnıya müraciət etmələri məhz, bu səbəblə bağlıdır”.

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır