Modern.az

Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik

Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik

8 Mart 2021, 13:17

 

Bu bayram ərəfəsində, azərbaycanlı və özəlliklə, qarabağlı qadınlar barəsində arzularımı bildirmək istərdim. 

 

Qısa bir müddətdən sonra Qarabağ qadınları öz vətənlərinə, doğma evlərinə, kəndlərinə, şəhərlərinə qayıdacaqlar. Daima zəhmətkeşliyi, müasirliyi, açıq düşüncəsi ilə seçilən, həyatsevər, şux qarabağ qadınının qarşısında məsuliyyətli olduğu qədər də xoş bir öhdəlik dayanacaq.

 

Birinci Qarabağ Müharibəsindən sonra ölkə qəfil bir köçkün seli ilə üz-üzə qaldı. Hələ iqtisadi rifahına çatmamış, sovet zəncirlərindən yenicə xilas olmuş, hazırlıqsız ölkə bu "köçkün" selinə normal həyat şərtləri təmin edə bilmirdi. Hətta ölkəyə gələn humanitar yardımlar, salınan çadır düşərgələri, köçkünlərin ixtiyarına verilən inzibati binalar belə bu böhranın öhdəsindən gəlməkdə aciz idi. 

 

Əgər o illərdə Qarabağlı qadınların zirəkliyi, ailələrini, övladlarını nəyin bahasına olur-olsun qoruma bacarığı, fədakarlığı, əzmi olmasaydı, biz qarabağlılar o illərdən böyük itkilərlər çıxardıq. Amma qarabağ qadınının əzmi nəticəsində o illərdə böyüyən köçkün gənclik məhv olmadı. Çadırlardan, qatar vaqonlarından, darısqal yataqxana otaqlarından mütəxəssislər, diplomatlar, yaradıcı insanlar çıxdı. 

 

İndi, "Böyük Qayıdış" zamanı, Qarabağımıza qayıdacağımız illərdə ələdüşməz bir xəzinə bizimlədir - qadınlarımızın inanılmaz əzmi, özlərini ruh düşkünlüyünə qapılmağa izin verməyən, gələcəyimizi talenin ümidinə buraxmayan qadınlarımızın bu möhkəm xarakterindən maksimum istifadə edilməlidir.

 

Ümid edirik ki, biz öz doğma torpaqlarımıza qayıtdıqca, qadınlarımız təhsil, tibb, quruculuq işləri ilə yanaşı, idarəçilik işlərində də maksimum təmsil olunacaqlar. Qarabağ qadınları özlərinin kritik çətin anlarda məyus olmaq, zəif düşmək yerinə, situasiyanı ələ almaq bacarıqlarını bu dəfə ümumi işin xeyrinə istifadə edəcəklər. 

 

Qarabağ qadınlarının əlləri dəyən hər yeri gülüstana çevirmək bacarığı hələ Şuşada təhsil müəssisələri tikdirən, doğma şəhərinə su çəkən Xurşidbanu Natəvan, qarabağ qızlarının oxuması üçün var-dövlətini xərcləyən Həmidə xanım Cavanşir kimi sələflərindən gəlir.  

 

8 Mart, Beynəlxalq Qadınlar Günü münasibətilə əzmi, qüruru, səxavəti ənələrdən doğan, bu ənənələri sevərək yaşadan və gələcəkdə də yaşadacaq qadınlarımızı təbrik edirik və onlara olan inamımımızın sonsuz olduğunu bildiririk. Qadın peşəkarlarımızı Qarabağımızın bütün təhsil, səhiyyə, idarəetmə, sənət müəssisələrində geniş heyətləri ilə görmək arzuzu ilə.

 

Aybəniz İsmayılova,

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir