Modern.az

Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır”

Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır”

9 Mart 2021, 13:18

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi haqqında illik məruzə ilə əlaqədar bildirirəm ki, məruzə olduqca dolğun, əhatəli hazırlanmış və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar olan məsələlərin hər biri hesabatda nəzərə alınıb. Habelə işinin öhdəsindən layiqincə gələn bələdiyyə sədrləri də eyni zamanda mükafatlandırılmalıdır".

 

Modern.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən vitse-spiker Adil Əliyev bildirib.

Adil Əliyevin sözlərinə görə, bəzi bələdiyyə sədrləri və bələdiyyənin işçiləri Vətən müharibəsi zamanı üzərlərinə qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldilər:

 

"Belə ki, Ermənistanın mütəmadi olaraq atəş acdığı Tərtər, Bərdə, Gəncə və digər ərazilərimizdə yerli əhaliyə köməkliyin göstərilməsində habelə ayrı-ayrı ərazilərdə şəhidlərimizin dəfninin təşkilində, şəhid ailələrinə, müharibə qazilərinə diqqət və qayğı göstərilməsində bələdiyyələrin vəzifəli şəxsləri olduqca çox xidmət göstərirlər, onlara bir daha minnətdarıq. Şəhid ailələrinə və qazilərinə diqqət göstərmək hər birimizin borcudur.

Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi bələdiyyələrin vəzifəli şəxslərinin hələ də cinayət xarakterli hərəkətlər etməsi və nəticədə barələrində cinayət işinin başlanması, həbs olunmaları bütün cəmiyyəti narahat edir. Bələdiyyələrdə korrupsiya cinayətlərinə birdəfəlik son qoyulmalıdır. Başa düşülən deyil ki, ölkə başçısının korrupsiyaya qarşı savaş acdığı, yerli icra hakimiyyəti orqanlarının başçılarının, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxslərinin korrupsiya cinayətinə görə həbs olunduğu bir vaxtda yenə də bələdiyyə sədrləri və digər vəzifəli şəxslər rüşvət alırlar. Hesabatdan da görünür ki, Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq onlara korrupsiyaya qarşı təlimlər keçirməsinə, habelə maarifləndirici materialların hazırlanmasına baxmayaraq, bəzi vəzifəli şəxslər yenə də bu növ cinayətləri törətməkdən çəkinmirlər. Fikrimcə bu sahədə maarifləndirmə siyasəti daha da artırılmalıdır.

Habelə, gələcəkdə bələdiyyələrin daha aktiv rol alması məqsədilə bələdiyyələrdə gənclərlə iş komissiyalarının yaradılması barədə görülən işlər olduqca təqdirəlayiqdir. Təklif edirəm ki, gənclərlə yanaşı, idmançılarla görülən işlərin artırılması, bədən tərbiyəsinin yeniyətmələrin və gənclərin tərbiyəsində müstəsna rolunu, məhəllə idmanının inkişafına töhfə verilməsi məqsədilə həmin komissiya Gənclərlə və idmanla iş komissiyası adlandırılsın. Belə ki, şanlı qələbəmizlə başa çatan Vətən müharibəsində idmanın həm vətənpərvərlik duyğularının aşılamasında, həmçinin fiziki gücün artırılmasında müstəsna rolunun olmasının bir daha şahidi olduq. İdmanla bağlı komissiyanın yaradılması eyni zamanda idmanın inkişafına daha çox təkan verər".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir