Modern.az

“Təbibdir, taledir Bəybala həkim”

“Təbibdir, taledir Bəybala həkim”

Aktual

7 Aprel 2021, 17:38

“HƏKİMLİK PEŞƏSİ ÖZ XALQINA, SƏNƏTİNƏ YÜKSƏK SƏDAQƏT TƏLƏB EDƏN BİR İŞDİR”

 

HEYDƏR ƏLİYEV

 


Azərbaycan tibb elmində və ictimai fikir tarixində əvəz olunmaz yeri, çəkisi olan Azərbaycan tibb eliminin patriarxı, görkəmli cərrah və pedaqoq, əməkdar həkim, əməkdar elm xadimi, tibbi elmlər doktoru, professor, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Bəybala Xudkar oğlu Abbasov bu həyatda cəmi 89 il ömür sürüb. Mənalı, şərəfli və şəfqət dolu bir ömür. Özündən sonra böyük bir məktəb qoyub xələfləri üçün. Heç də hamıya özündən sonra məktəb qoymaq nəsib olmur. El içində ona “zərgər əl” deyə xitab edirdilər. Bu da təsadüfi deyildi. O,  1923-cü il noyabr ayının 17-də Xızı rayonunun məhz Zərgərli kəndində anadan olub. Ailədə çox uşaq idilər. Atası güzəranlarını yaxşılaşdırmaq üçün Bakıya köçür. Dağlı məhəlləsində yaşayırlar. O məhəllədəki ədəbi-bədii, elmi mühit Bəybalaya, həmçinin, onun bacı-qardaşlarına da öz müsbət təsirini göstərir. Orta təhsil aldıqdan sonra onlar ali məktəbdə təhsillərini davam etdirir, ailələrinə gələcəkdə baş ucalığı gətirirlər. Yazımın qəhrəmanı olan Bəybala isə uşaqlıqdan arzusunda olduğu Azərbaycan Tibb İnstitutuna daxil olur və1949-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. 6 ay Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçdikdən sonra 1950-1952-ci illərdə 3 illik kliniki ordinator kimi çalışır, tibbin sirlərinə yiyələnir, xəstələri müalicə edir.Tez bir zamanda bu gənc həkimin adı dildən-dilə gəzir, məşhurlaşır. Həm vətəndaşlar, həm də tibb  aləmində Bəybala Abbasovun adı fəxrlə çəkilir. Şəfalı əllər və dərin bilik Bəybala Abbasov üçün həm elmdə, həm cərrahiyədə geniş imkanlar açır.


1953-cü ildən 1960-cı ilə qədər Semaşko adına xəstəxanada şöbə müdiri, ilk partiya təşkilatının katibi, həmkarlar İttifaqının sədri, baş həkimin cərrahiyyə məsələləri üzrə müavini vəzfələrində çalışır. 1960-cı ildə “Ümumi yuxu arteriyasına” dair namizətlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Tibb İnstitutunda tomoqrafiya, operativ cərahiyyə kafedrasının dosenti seçilir. 1963-cü ildə Azərbaycan səhiyyə nazirinin qərarı ilə Leninqrad Hərbi Tibb Akademiyasına doktoranturaya göndərilir. 1968-ci ildə müdafiə etdiyi “Qarın aortasının rezeksiyası və plastikası” mövzusunda doktorluq dissertasiyasını Azərbaycanın görkəmli fizioloqu, akademik A. Qarayev belə qiymətləndirib: “B.Abbasovun dissertasiyasını oxumayan cərrahın qarın aortasında operativ müdaxilə aparmağa ixtiyarı yoxdur”. Qarın aortası və onun bifurkasiyasının rezeksiya və plastikasından sonra hemodinamiki dəyişiklikləri dünyada ilk dəfə olaraq B.Abbasov kəşf edib. Ümumi cərrahiyyə kafedrasına rəhbərlik edən Bəybala müəllim ilk dəfə olaraq 1964-cü ildə Azərbaycanda reanimasiya, ürək-damar və təcili cərrahiyyə kursunu təşkil edir. O, ilk dəfə qara ciyəri rezeksiya (kəsib), ilk dəfə ürəyi əməliyyat edib. Bəybala müəllim bir çox ixtiranın müəlifidir. Onun fəaliyyət dairəsinə ürək-damar cərrahlığı, mikrocərrahlıq, döş qəfəsi, abdominal, ümumi cərrahlıq və s daxildir. Bu sahələr üzrə 160-a yaxın elmi əsərin, 3 dərsliyin, 2 “Ümumi cərrahlıq” kitabının, 4 metodiki tövsiyə, 4 monoqrafiya və 20-dən artıq səmərələşdirici təklifin müəllifidir. Neçə-neçə alimin yetişməsində onun müstəsna xidmətləri olub. O, 7000-dən çox cərrahiyə əməliyyatı aparıb. Çox mürəkkəb və kəşməkeşli, lakin şərəfli ömür yolu keçən Bəybala müəllim qarşısındakı bütün çətinliklərə, haqsız hücumlara, ədalətsizliklərə, maneələrə mətanətlə sinə gərib, elmin zirvəsini fəth edib.


Ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetində professor kimi fəaliyyətini davam etdirib. Könüllülər Kitabxana İctimai Birliyinin fəxri üzvü olub. Bəybala müəllim həm də xoşbəxt alim, pedaqoq idi. Ümumxalq məhəbbəti qazanan  Bəybala müəllim, həm də ona görə xoşbəxtdir ki, onun əməyi daim dövlət tərəfindən yüksək qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları onun əməyinə böyük qiymət verib.


Xoşbəxtəm ki, müəllifliyim və aparıcılığım ilə Bəybala Abbasovun 85 illik yubley gecəsi R.Behbudov adına Mahnı Teatrında yüksək səviyyədə, təntənəli surətdə qeyd olunub. Bəybala Abbasov 2012-ci ilin fevral ayının 16-da Bakı şəhərində vəfat etmişdir.


Bəybala Abbasovun ailəsində 2 qardaşı, 1 bacısı, 2 qızı onun kimi həkim peşəsini seçib, uğurlar qazanmışlar. Qardaşı Abgül Kərimov tibb elmləri namizədi , cərrah kimi çalışmışdır.Digər qardaşı Əflatun Kərimov tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir. Hazırda onkoloji mərkəzdə çalışır. Bacısı Gülqız Kərimova, qızları tibb elmləri namizədləri İzafə və İradə Abbasovalar həkim kimi Bəybala Abbasovun yolunu şərəflə davam etdirirlər.


Mən bu xeyirxah, dünya şöhrətli cərrah və alimin, Azərbaycan tibb elminə töhfələr bəxş etmiş el ağsaqqalının ruhu qarşısında baş əyir, sonsuz ehtiramımı bildirirəm. İnanıram ki, belə bir Azərbaycan övladının adı daim qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq və əbədiləşdiriləcəkdir.

 

Qafar Əsgərzadə,

Əməkdar jurnalist,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

 

P.S: Məncə, bu böyük alim haqqında söylənilən fikirləri yada salmaq yerinə düşər:

Bəybala Abbasova çətin doktorluq dissertasiyası işinin həlli və yerinə yetirməsi üçün ən azı 10 nəfərlik bir kollektiv lazım idi. Lakin o, öz qaynar enerjisi və böyük zəhməti hesabına bu işin öhdəsindən təkcə gəlmişdir.

 

A.H.Maksimenkov

SSRİ Elmlər Akademiyasının müxbir üzvü,

RSFSR əməkdar elm xadimi, dövlət

mükafatı laureatı, Rusiya Hərbi Tibbi

Akademiyasının professoru, general-leytenant

 

Bəybala Abbasov gənc həkimlər arasında xüsusilə fərqlənir. Onun zəngin bilik və bacarığı, çevikliyi gələcəkdə peşəkar, püxtələşmiş, savadlı cərrah olmasından xəbər verir. Sanki o, anadan cərrah doğulub. Mən onun gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, o, məşhur cərrah olacaq, xalqına ləyaqətlə xidmət göstərəcəkdir. Ona bu çətin və şərəfli yolda uğurlar arzulayıram.

 

Akademik Mirsədulla

Mirqasımov 1951-ci il

 

Bu gün Azərbaycan cərrahlığında akademik Topçubaşov məktəbi olduğu kimi, Bəybala Abbasov məktəbi də var. Sənətdə, elmdə məktəb yaratmaq tarixdə tək-tək şəxsiyyətlərə nəsib olur. Fəxr etməliyik ki, Bəybala Abbasov kimi nadir cərrahımız var.

Akademik Böyükkişi Ağayev

 

Azərbaycan dünya təbabətinə Əziz Əliyev,Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov kimi böyük alimlər bəxş edib. Tam məsuliyyətlə deyə bilərəm ki, görkəmli cərrah və pedaqoq Bəybala Abbasov bu dahi şəxsiyyətlərin şərəfli yolunu açıb, sözünü deyib. Onun əlləri şəfalı olduğu kimi pak və təmizdir. Bu təmizlik və pakliq onun saflığına dəlalət edir. Cərrah və pedaqoq, pedaqoq və cərrah Bəybala müəllimin simasında qırılmaz vəhdət təşkil edir. Arzu edirəm ki, gənc pedaqoqlar mühazirə deməyi mahir eksperimentator cərrah Bəybala Abbasovdan öyrənsinlər. O, çox sadə, mehriban, nəcib, təvazökar alimdir. O, əsl novatordur. Mən onu akademik kimi görürəm.

Fəxr edirəm ki, tibb institutundakı tələbəlik illərim onunla bağlıdır. 85 illik yaş zirvəsinə ucalan tələbə dostuma uzun ömür, can sağlığı arzulayıram.

 

 

Kövsər Tarıverdiyeva,

əməkdar ali məktəb işçisi,

filologiya elmləri namizədi

 

Böyük və işıqlı şəxsiyyət Əziz Əliyev rəhbərlik etdiyi həkimləri təkmilləşdirmə institutunun iki xarici dinləyicisi üzərində cərrahiyyə əməliyyatı aparmağı Bəybala müəllimə etibar etmişdi. O zaman Əziz müəllim hər hansı bir professora müraciət edə bilərdi. Və həmin şəxs bu müraciəti böyük fəxr sayardı. Məncə, bu Əziz Əliyev tərəfindən Bəybala Abbasovun bacarıqlı sənətkar-cərrah olmasına verilən böyük qiymətin bariz nümunəsidir.

 

Loğman Məmmədov,

Tibb elmləri doktoru, professor

 

Cərrah ən mükəmməl əllərin sahibidir, bu əllərsə professor Bəybala Abbasova nəsib olmuşdur.

 

Çərkəz Cəfərov,

Tibbi-elmləri doktoru, professor

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir