Modern.az

Bitərəf deputatlar bu gün MSK-ya öz namizədlərini seçir

Bitərəf deputatlar bu gün MSK-ya öz namizədlərini seçir

22 Aprel 2021, 00:34

Milli Məclisin bitərəf deputatları Mərkəzi Seçki Komissiyasına (MSK) öz namizədlərini təqdim edəcəklər.

 

Modern.az-ın əldə etdiyi məlumata görə parlamentdə təmsil olunan 45 müstəqil deputat bu gün MSK-ya göndəriləcək namizədləri müəyyənləşdirmək üçün bir araya gələcəklər.

 

Məlumata görə, MSK-nın tərkibi yenidən formalaşdırılacaq. Dünəndən başlayaraq parlamentdə təmsil olunan çoxluq (Yeni Azərbaycan Partiyası), azlıqda olan partiyalar və bitərəflərdən namizədlərini müəyyənləşdirərək təqdim etmələri istənilib.

 

MSK üzvlüyünə namizədlərlə bağlı məsələnin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

 

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

 

2020-ci ilin fevralında ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. Lakin son seçkilərdən sonra MSK-nın tərkibi yenilənməyib.

 

T.ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi